Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2019 17:28
Bakı. İlhamə İsabalayeva - Trend:
Bütün dünyada olduğu kimi Azərbaycanda da artıq piylənmə aktual problemlərdən biridir, çünki piylənmə insanlar, xüsusilə azyaşlı uşaqlar arasında geniş yayılıb.
Trend-in məlumatına görə, bunu Azərbaycanda Nutrologiya, Dieotologiya və Piylənmənin Tədqiqatı üzrə Akademiyanın (ANDOP) direktoru Sevinc Zaman Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutunda "Ürəyimizi şəkərli diabetdən necə qoruyaq" mövzusunda keçirilən elmi-praktik konfransda deyib.
S.Zaman qeyd edib ki, uşaqlarda piylənmə əsasən 5 yaşadək olanlar arasında müşahidə olunur.
Onun sözlərinə görə, Azərbaycanda valideynlər uşaqların qidalanma rejiminə düzgün əməl etmirlər.
S.Zaman valideynlərə uşaqların düzgün qidalanma rejiminə əməl etməyi tövsiyə edib. Qeyd edib ki, valideynlər uşaqların, xüsusilə 5 yaşadək uşaqların qidalarına daha diqqətli yanaşmalı və onlara tərkibində şəkərin miqdarı çox olan qidalar verməməlidirlər: "Qazlı içkilər, fastfudlar və digər ziyanlı qidalar uşaqların piylənməsinə səbəb olur. Bunlarla yanaşı, valideynlər uşaqlarına düzgün qida vərdişləri aşılamalıdırlar. Valideyn övladına daha kiçik yaşlarında qida vərdişlərini və rejimlərini öyrətməlidir. Belə olan halda uşaq böyüdükcə dərk edəcək ki, hansı qida onun sağlamlığı üçün zərərli, hansı faydalıdır. Valideynlər daha çox lifli qidalardan istifadə etməlidirlər, çünki belə qidalar bağırsaqların funksiyalarını sürətləndirir ki, bu da piylənmənin qarşısını almış olur".
S.Zaman əlavə edib ki, 2016-cı ildə aparılmış tədqiqatın nəticələrinə görə, dünya əhalisinin 1,9 milyard nəfəri artıq çəkidən, onun 6 milyondan çoxu isə piylənmədən əziyyət çəkir:
"2016-cı ilin məlumatına görə, dünyada 41 milyona yaxın 5 yaşadək uşaq artıq piylənmədən əziyyət çəkir. Bu, maddi imkanı yaxşı olan ölkələrdən daha çox kasıb ölkələrdə yayılıb. 2025-ci ildə piylənmə artıq dünyanın 70 faizini əhatə edəcək. Bunun əsas səbəbləri daha çox qəbul etdiyimiz qida ilə hərəkət enerjimiz arasında disbalans, qidaların tərkibində zərərli karbohidratların, trans yağların olması, zəif fiziki aktivlikdir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin