Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanda yeni iqtisadi sıçrayış: Nikol yaxşı “oynayır”

Ermənistanda yeni iqtisadi sıçrayış: Nikol yaxşı “oynayır”

Tarix: 27 Fevral 2024 09:02

Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya qarşı mövqeyi sərtləşdikcə Moskva ilə iqtisadi münasibətlərdə sıçrayış baş verir.

Milli.Az axar.az-a istinadən bildirir ki, Paşinyanın Rusiyaya qarşı "kəskin mövqeyi" ilə qətiyyən uyğun gəlməyən bu statistika təbii olaraq iqtisadçıların da diqqətini çəkir.

Ermənistan Statistika Komitəsinin son məlumatına görə, 2024-cü ilin yanvarında ölkədə iqtisadi aktivlik göstəricisi 2023-cü ilin yanvar ayı ilə müqayisədə 10,7% artıb.

İqtisadi artım inflyasiyaya da təsir edib: belə ki, qiymətlərdə ucuzlaşma qeydə alınıb və inflyasiya mənfi 0,9 faiz olub.

Artım əsasən sənayedə (21%), ticarətdə (19,3%) qeydə alınıb.

Tikintidə artım səngiyib (9,5%), eyni zamanda xidmətlər sektorunda da ötənilki temp aşağı düşüb (2023-cü ildəki 10,3%-lə müqayisədə 4,4%).

Çox maraqlıdır ki, iqtisadi aktivliyin böyüməsinə rəğmən elektrik enerjisi istehsalı kəskin azalıb (mənfi 6,4%). Statistika Komitəsi bunu avtonom günəş panelləri ilə izah etməyə çalışsa da, sənaye inkişaf edirsə, elektrik istehsalı artmalı idi.

Nəhayət, gəldik Ermənistan iqtisadiyyatının əsas göstəricilərinə: Statistika Komitəsi bildirib ki, idxal və ixracda yenidən sıçrayış baş verib - yanvarda ixrac 2,1 dəfə artaraq 934,1 milyon dollara, idxal 61,4% artaraq 1 milyard 212 milyon dollara çatıb.

Diqqət edirsinizsə, Ermənistanın ixracı yenidən kəskin şəkildə artıb. Komitə bu ixracın hansı ölkəyə olduğunu açıqlamayıb, ancaq bunun "vasitəçilik ticarətinin intensivləşməsi ilə əlaqəli" olduğunu elan edib. Başqa sözlə desək, Ermənistan Qərb ölkələrindən məhsul idxal edərək, Rusiyaya ixracını daha da yüksəldib - yalnız yanvar ayında ixrac 2 dəfədən çox artıb. 2022-ci ildən - Ukraynada müharibə başlayandan və Rusiyaya sanksiyalar tətbiq ediləndən sonra Rusiyaya ixrac 2023-cü ilin sonuna qədər bir neçə dəfə (!!!)artmışdı və Rusiya ilə ticarət dövriyyəsi hər kəsi təəccübləndirəcək rəqəmə - 7,3 milyard dollara çatmışdı. Hazırda isə yeni "sıçrayışlar" yaşanır.

Belə görünür ki, Nikol Paşinyan AB-də Rusiya əleyhinə çıxışlarını kəskinləşdirdikcə onun Rusiyaya sanksiyaları dəlməsinə daha çox göz yumulur. Nəticədə isə Rusiya sanksiyalardan yan keçərək, hərbi məqsədli mallar idxal edə bilir, Ermənistan isə bu vasitəçilikdən milyardlar qazanaraq, ölkə iqtisadiyyatında "sıçrayışlara" nail olur.
Bu oyunun nə qədər davam edəcəyi bəlli olmasa da, faktiki olaraq Paşinyanın antirusiya siyasi ritorikasından ən çox qazanan elə Ermənistan və Rusiyadır.

Milli.Az


Etiketlər:  Ermənistanda yeni iqtisadi sıçrayış Nikol yaxşı oynayır


RƏYLƏR