Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2019 11:04
Bakı. Trend:
Təlimin üçüncü mərhələsində qəbul edilmiş qərara əsasən praktiki fəaliyyətlərə cəlb edilmiş birinci eşelon bölmələri məhdud görmə şəraitində şərti düşmənin hücumunu dəf edib, artilleriya və aviasiya bölmələrinin atəşi ilə maksimum zərbə endirərək taktiki qrupun hücuma keçməsi üçün əlverişli şərait yaradıb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, gecənin qaranlığında tank, piyada, mühəndis-istehkam, hava hücumundan müdafiə və tankəleyhinə bölmələr tərkibindən yaradılmış tabor taktiki qrupları ötüb keçən dəstələrlə qarşılıqlı əlaqədə hücuma keçərək müdafiəyə soxulmuş düşməni məhv ediblər.
Havanın işıqlanması ilə ehtiyatda olan bir neçə tabor və bölük taktiki qrupları döyüşə salınaraq raket-artilleriya və aviasiya bölmələrinin atəş dəstəyi ilə hücumu dərinliyə doğru inkişaf etdirib, itirilmiş vəziyyəti əlverişli hədlər üzrə bərpa ediblər.
Təlimin yekunu keçirilən zaman bildirilib ki, yaranmış vəziyyəti düzgün qiymətləndirən qərargahlar müasir döyüşün planlaşdırılması, aparılması və idarə edilməsində müsbət nəticələr göstərib, praktiki fəaliyyətlərə cəlb edilmiş bölmələr gündüz və gecə şəraitində tapşırıqların yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdiriblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin