Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşdü

Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşdü

Tarix: 23 Oktyabr 2025 02:00

21-22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan və  Ermənistan ekspert cəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə Yerevanda ikitərəfli dəyirmi masa keçirilib.  

Sonxeber.net xəbər verir ki, dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.  

Bu formatda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü olan təşəbbüs 8 avqust 2025-ci il tarixində Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannaməsinin ruhuna uyğun olaraq sülh gündəliyinin təşviq edilməsinə yönəldilib. 

Görüş zamanı iştirakçılar iki ölkə cəmiyyətini narahat edən çoxsaylı mövzuları, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh prosesi perspektivləri, humanitar məsələlər, münasibətlərin normallaşması şəraitində iqtisadi və logistika imkanları, habelə etimadın möhkəmləndirilməsi üzrə növbəti addımları müzakirə ediblər. Qrupun birgə fəaliyyət planlarının hazırlanmasına və perspektivlərinə xüsusi diqqət yetirilib.  

Səfər çərçivəsində iştirakçılar həmçinin Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşüblər.  

İştirakçılar sosial qrupların, vətəndaş cəmiyyəti institutlarının, ekspert çevrələrinin və medianın da prosesə cəlb olunmasının vacibliyini vurğulayıblar.  

Görüşün sonunda qrup qarşılıqlı etimadın möhkəmləndirilməsi və regionda dayanıqlı sülhün əldə olunmasına yönəlmiş birgə təşəbbüsləri davam etdirməyə hazır olduğunu təsdiq edib. 


Etiketlər:  Azərbaycan Ermənistan nümayəndələri Yerevanda görüşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ