Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2019 12:12
Bakı. Elçin Mehdiyev - Trend:
Noyabrın 19-21-də Bolqarıstanın paytaxtı Sofiyada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının 54-cü plenar iclası keçiriləcək.
Trend-in məlumatına görə, tədbirdə QDİƏT PM-də Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri İlham Əliyev, Jalə Əliyeva, Musa Quliyev, Aydın Mirzəzadə, Əflatun Amaşov iştirak edəcəklər.
Öncə QDİƏT PM Baş Assambleyasının 61-ci Büro iclası keçiriləcək. Sonra Daimi Komitənin 54-cü iclası öz işinə başlayacaq. İkigünlük 54-cü plenar iclasda cari ilin iyun ayında Bakıda keçirilmiş 53-cü plenar iclasın protokolu təsdiqlənəcək. Qurumun fəaliyyəti, həmçinin QDİƏT-lə əlaqədar olan orqanların və sektoral dialoq üzrə tərəfdaşların fəaliyyəti barədə məlumatlar dinləniləcək. Ümumi diskussiyada Avropa Birliyi ilə QDİƏT arasında əməkdaşlığın cari vəziyyətinə və perspektivlərinə nəzər salınacaq.
Baş Assambleyanın plenar iclaslarında iqtisadi, ticarət, texnoloji, ekoloji, hüquqi, siyasi, mədəniyyət, təhsil və sosial məsələlər diqqət mərkəzində olacaq. QDİƏT regionunda ikiqat vergiqoymanın aradan qaldırılması; nəqliyyat marşrutlarının inkişafının hüquqi və siyasi aspektləri; bölgədə işsizlik və yeni iş yerlərinin yaradılmasında dövlətlərin rolu mövzularına dair məruzələr dinləniləcək, müvafiq tövsiyə qərarları qəbul ediləcək.
Milli Məclisin deputatları bütün müzakirələrdə yaxından iştirak edəcək, münasibətlərini bildirəcəklər.
Baş Assambleyanın 54-cü plenar iclası çərçivəsində QDİƏT PM Sədrinin müavinləri seçiləcək, 2020-ci maliyyə ilinin büdcəsi qəbul ediləcək, qurumun yaz sessiyası ilə əlaqədar təşkilati məsələlər həll olunacaq.
Səfər noyabrın 22-də başa çatacaqdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin