Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Hamı onları söyür, qarğış edir” - Kamran Həsənlidən SƏRT SÖZLƏR

“Hamı onları söyür, qarğış edir” - Kamran Həsənlidən SƏRT SÖZLƏR

Tarix: 19 Mart 2024 19:40

Bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərlərinin Prezident Administrasiyasına dəvət olunması müzakirələrə səbəb oldu. Belə ki, onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib.

Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, vəziyyət belə davam edərsə, qanunauyğun şəkildə sanksiyaların tətbiq olunması, hətta telekanalların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər qaçılmaz olacaq.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış teleaparıcı Kamran Həsənli bildirib ki, bu addımlar bayağı verilişlərin yığışdırılmasına kömək etməyəcək:

"Mən bu cür metodlarla televiziyalarda dəyişiklik edilməsini anlaya bilmirəm. Televiziya rəhbərlərini çağırıb onlara xəbərdarlıq etmək nəyi dəyişəcək? Əgər həmin telekanal rəhbərləri o verilişləri normal sayırsa, tamaşaçılara rəva bilirsə, eyni o cür verilişlərin mahiyyəti halındadırlar. Onlara nə isə tapşırmaqla, bağça uşağı kimi çağırıb danlamaqla heç nə alınmayacaq. Onsuz da həmin verilişlərin hamısı yenə efirdədir, heç biri yığışdırılmayıb. Bunun üçün xüsusi qurum var, bu, Prezident Aparatının səlahiyyətində deyil. Ola bilər ki, onları vətandaşların narazılığını bildirmək üçün çağırıblar.

Bu məsələnin həll yolları başqadır. İlk növbədə telekanal rəhbərləri peşəkar televizyonçu olmalıdırlar. Bu, təkcə televiziyaya aid deyil, zərgər sexində başda olan şəxs özü də zərgər olmalıdır. Hər sahədə rəhbər kürsüsündə peşəkarlar oturmalıdır. Bu gün telekanal rəhbərlərinin demək olar ki, heç biri televizyonçu deyillər, onların televiziyada uğurları yoxdur, bu sahədən heç xəbərləri də yoxdur. Format kökdən dəyişməlidir. Çox uzağa getmək lazım deyil, adicə Gürcüstana baxmaq kifayət edər. Televiziyanın özünün formatı var. Televiziyalarda milli düşüncəsi, fəlsəfi, tarixi bilgisi olan, siyasi sahəni bilən şəxslər oturmalıdır ki, öz millətini sevsin və xalqının qayğısına qalsın. Bu zaman verilişlər normal olacaq. Yoxsa şit, bayağı mövzular, yalançı reytinqlər heç kimə lazım deyil".

K.Həsənli qeyd edib ki, bu gün aparıcıların verilişlərini tərifləyib reytinq verdiyini deməsi tamamilə cəfəngiyyatdır:

"Reytinq özü tamamilə yalançı bir şeydir. Azərbaycanda reytinqi ölçən aparat belə yoxdur. Bu aparıcılar dəyişən deyillər, bir söz deyən kimi qayıdırlar ki, "Bizim veriliş reytinq verir". Əvvəllər sosial şəbəkələr yox idi, həmin aparıcılar yalançı kağızlarla reytinqdə birinci olduqlarını iddia edirdilər. İndi sosial şəbəkələr var, orada hamı onları söyür, qarğış edir. Bu özü bir sorğu nəticəsidir. Cəmiyyət onları artıq tənqid belə etmir, sadəcə nifrət edir, görmək istəmirlər. Amma aparıcılar sosial şəbəkələrdə ünvanlarına yazılanları görmək istəmirlər, inadla deyirlər ki, yox, siz bilmirsiniz, bizim reytinqimiz var.

Bu adamlar o qədər televiziyadan uzaqdırlar ki, heç reytinqin nə demək olduğunu da başa düşmürlər. Reytinq baxımlılıq deyil, telekanala lüt qızları, şalvarını çıxarıb mayallaq aşanı, pornonu da göstərsəniz, baxılacaq. İnsanlar buna baxıb söyəcəklər.

Reytinq bu deyil, reytinq insanların sizə olan hörməti, münasibəti, sevgisidir".

Milli.Az


Etiketlər:  Hamı onları söyür qarğış edir Kamran Həsənlidən SƏRT SÖZLƏR


RƏYLƏR