Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2024 12:06
"Real desək, Monqolustan futbola aid olmayan komanda idi. Ola bilər təzə başlayıblar və ya yeni yığılırlar. Çətinlikləri çoxdur. Qəribə komanda idi".
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov deyib.
Veteran futbolçu Azərbaycanın Monqolustanı 1:0 hesabı ilə məğlub etdiyi matçı şərh edib. O bildirib ki, rəqibin hamılıqla müdafiə olunması komandamız üçün böyük çətinlik yaradıb: "Keyfiyyətli futbolçularımız var. Rahat şəkildə oynayıb, qollarımızı vurub, böyük hesabla qalib gəlməliydik. Sona yaxın qol vurmasaydıq, biabırçılıq olacaqdı. Belə baxanda, bu da böyük nəticə deyil. Onlara çox çətinliklə qalib gəldik. Bu cür rəqiblərlə oynamaq çətindir. Həm də yoldaşlıq matçına köklənmək çətin olur. Futbolçular 100 faiz güclərini qoymurlar. Bu da bu cür oyunun ortaya çıxmasına gətirib çıxarır".
İsmayılov yığmanı oyuna çıxaran Arif Əsədovun da işini dəyərləndirib: "Mən də yerli məşqçinin tərəfdarıyam. Əgər şans verə bilirlərsə, niyə də olmasın? Onsuz da, yetəri qədər əcnəbi gətirmişik və heç biri də böyük nəticə verməyib. Əcnəbidənsə Arif Əsədovun qalmasına sevinərəm. Oyundan aslı olmayaraq tarixdə nəticə qalır".
Onun sözlərinə görə, bütün futbolçularımız eyni səviyyədə çıxış ediblər: "Şanslarımız çox oldu. Top dirəklərdən və tirdən döndü. Oyunun ən yaxşısı rəqibin qapıçısı idi. Onlar 11 nəfər geridə idi. Arxada "Çin səddi" qurmuşdular. Ona görə bir qədər ağıllı oynamaq lazım idi. Təkbətək mübarizələrdə rəqibi keçib oyunu bitirmək və ya ötürmələri yaxşı vermək lazım idi. Bunlarda çətinlik çəkirdik. Sona yaxın qolumuzu vurub, qələbə qazandıq. Bu matçı unutmalıyıq. Qarşıda daha ciddi rəqiblə - Bolqarıstanla oynayacağıq. Dişimizə uyğundular. Əvvəl daha yaxşı idilər. Amma hazırda biz onlardan daha yaxşı formadayıq. Düşünürəm ki, onlarla rahat oynayıb qalib gələcəyik".
Qeyd edək ki, millimiz "FİFA series - Edition 2024" çərçivəsində növbəti oyununu martın 25-də Bolqarıstana qarşı keçirəcək.