Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Uşaq və Gənclərin Liderlik Məktəbində miqrasiya məsələlərinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycan Uşaq və Gənclərin Liderlik Məktəbində miqrasiya məsələlərinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Tarix: 7 May 2019 11:44

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik məktəbində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın təşəbbüsü ilə tədbir təşkil edilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, E.Süleymanovanın, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun, sözügedən Şuranın sədri Azər Allahverənovun da qatıldığı həmin tədbirdə Liderlik Məktəbinin 100-ə yaxın üzvü olan Bakı şəhərinin hər bir rayonunun şagirdləri, habelə müəllimlər və valideynlər iştirak ediblər.

Tədbirin əvvəlində Müvəkkil bu il anadan olmasının 96 illiyini qeyd etdiyimiz Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi hüquqi islahatların insanların sosial rifah halının, layiqli həyat səviyyəsinin yüksəldilməsinə, hüquq bərabərliyinin təmininə, habelə sülhə və dayanıqlı inkişafa yönəldiyini diqqətə çatdırılıb. O, ulu öndərin böyük səyləri və gərgin əməyi ilə müstəqil respublikamızın 1995-ci il 12 noyabr tarixində qəbul olunmuş ilk Konstitusiyasına sonrakı dövrlərdəki referendumlar nəticəsində insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının genişləndirilməsi və səmərəli təmininə zəmin yarandığını qeyd edib.

E.Süleymanova resurs mərkəzi olan Şəbəkə və Liderlik Məktəbinin yaranma tarixi, səmərəli fəaliyyəti, əldə olunmuş nailiyyətlər, həmçinin Ombudsman təsisatının qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sahəsində gördüyü işlər barədə məlumat verib, eyni zamanda ölkəmizdə miqrasiya sahəsində dövlət siyasətinin ümumilikdə insan hüquqlarının beynəlxalq standartlara uyğun təmin olunmasına yönəldildiyini vurğulayıb. Müvəkkil bu istiqamətdə Dövlət Miqrasiya Xidməti, BMT-nin müvafiq qurumları ilə sıx əməkdaşlıq edildiyini, sərhədyanı bölgələrdə birgə layihələrin həyata keçirildiyini bildirib.

Dövlət Miqrasiya Xidmətinin rəisi V.Hüseynov tədbirdə ölkəmizdə miqrasiya sahəsində həyata keçirilən çoxşaxəli fəaliyyət barədə geniş məlumat verərək, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti, onların ölkə ərazisində müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin alınması və müddətlərinin uzadılması, bu şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması qaydaları, miqrasiya sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət, bu sahədə həyata keçirilən maarifləndirmə tədbirləri, həmçinin miqrasiya ilə bağlı digər məsələlər barədə məlumatları uşaqların nəzərinə çatdırıb.

Bununla yanaşı, V.Hüseynov dünyada baş verən miqrasiya böhranı, readmissiya olunan və qaçqın statusu almış şəxslərin inteqrasiyası, onların sosial müdafiəsi, qaydaları pozmuş şəxslərin deportasiyası, ölkəmizdə bu istiqamətdə göstərilən elektron xidmətlər, “ASAN Viza” sistemi və digər məsələlər üzrə məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Qonaq interaktiv şəkildə keçirilən tədbirin sonunda uşaqları maraqlandıran çoxsaylı sualları cavablandırıb, həmçinin onların mükəmməl biliklərə malik olduğunu, hərtərəfli və ahəngdar inkişaf etdiyini, vətənimizə, xalqımıza sadiq övladlar kimi formalaşdığını xüsusi vurğulayıb.

Xidmət rəisinə Şəbəkənin fəaliyyətini əks etdirən nəşrlər və uşaqların əl işlərindən ibarət hədiyyələr təqdim edilib.

Tədbir çərçivəsində miqrasiya məsələlərinə dair qısa videoçarxlarla yanaşı, 20 ilə yaxındır ki uğurla fəaliyyətini davam etdirən AUGSŞ-nin gördüyü işlərə həsr edilmiş qısametrajlı film nümayiş etdirilib.

İştirakçılar tədbirin təşkilinə görə Müvəkkilə öz təşəkkürlərini bildiriblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan Uşaq Gənclərin Liderlik Məktəbində miqrasiya məsələlərinə həsr olunmuş tədbir keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ