Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO

Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO

Tarix: 18 May 2024 16:51

Böyük bir nəslin davamçısı olan, tar ifaçılığında öz üslubunu və məktəbini yaradan, ömrünün 54 ilini Akademik Opera və Balet Teatrında solo tarzən və konsertmeystr kimi çalışan, onlarla musiqiçinin yetişməsində böyük əməyi olan, tar ifaçılığımızın zirvələrindən biridir Bəhram Mansurov.

Sonxeber.net publika. az-a istinadən xəbər verir ki, bu gün görkəmli musiqiçi, tarzən, Xalq artisti Bəhram Mansurovun vəfatından 39 il ötür.

Muğam tədqiqatçıları və musiqişünaslar yazırlar ki, Bəhram müəllimin özü musiqi dünyasının bir tarixi idi. Gözəl hafizəsi, yaddaşı olduğundan tanıdığı bütün bəstəkarların, müşayiət etdiyi ifaçıların tale yolunu, sənətə gəlişini, mədəniyyətimizin inkişafındakı yerini gözəl bilirdi. Unudulmaz tarzənin həm də zəngin arxivi vardı. Tarixdə izi qalmayan elə ifaçılar olub ki, onların adlarını da ilk dəfə məhz Bəhram Mansurov çəkib, ictimaiyyətə daha yaxından və geniş şəkildə təqdim edib.

Bəhram Mansurovu tanıyanlar onu olduqca təvazökar insan kimi xarakterizə edirdilər. Adını çəkmək kifayətdir ki, bir vaxt onunla bir yerdə işləmiş insanlar bu unudulmaz sənətkarın istedadından, ifaçılıq qabiliyyətindən böyük heyranlıqla, məhəbbətlə danışaraq ona valeh olduqlarını ehtiramla bildirsinlər.

Bəhram Mansurov 1911-ci il fevralın 12-də Bakıda, İçərişəhərdə musiqiçi ailəsində anadan olub. İlk təhsilini mədrəsədə, sonra isə rus-tatar məktəbində alıb. 1931-ci ildə Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin təşəbbüsü ilə xalq musiqi alətlərinin ilk notlu orkestrinə dəvət olunub. Bir müddət keçdikdən sonra Maqomayevin təklifi ilə Bəhram Radio Komitəsində birinci dərəcəli tar ifaçısı kimi işə götürülüb.

Bəhram Mansurov uşaqlıqdan evlərində təşkil olunan musiqi məclislərinin şahidi olub. Babası Məşədi Məlik dövrünün açıq fikirli şəxslərindən biri, həm də istedadlı musiqişünas, mahir çalğıçı idi. Evlərində çoxlu tar olub. Atası evdən bir yerə gedən kimi azyaşlı Bəhram dərhal divardan asılan tarlardan birini götürüb çalar, özü də bilmədən kökdən salıb divardan asarmış. Məşədi Süleyman evə qayıdanda Bəhramın tara toxunduğunu başa düşər və "mənim tarıma kim toxunub? "- deyə soruşardı. Bəhram da günahını boynuna alaraq "hardan bildin ki, mən toxunmuşam" - deyə uşaq məsumluğu ilə soruşar, atası "tarın kökündən" - deyə cavab verərdi. Məşədi Süleyman musiqi, söz, sənət bilicisi olmaqla yanaşı, həm də böyük iş adamı, dövrünün savadlı şəxsiyyətlərindən biri idi.

Dünya şöhrətli muğam ustadımız, Xalq artisti Alim Qasımov müsahibələrinin birində ustadı haqqında bu sözləri deyib:

"Mənim dünya miqyasında tanınmağımda Bəhram Mansurovun böyük rolu olub. O, məni 1983-cü ildə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumuna apardı. Orda çox gözəl təqdim etdi. Məhz bundan sonra bütün dünya məni bir xanəndə kimi tanımağa başladı. Biz o kişinin bığının altından keçmişik. Məni Bəhram müəllimin yanında oxuyan görəndən sonra bütün qapılar üzümə açıldı. Bu xalqa məni Bəhram müəllim tanıdıb, təqdim edib. Zəng vurub deyirdi ki, oğlum, qavalını da götür gəl. Hara gedəcəyimizi bilmirdim. Əgər Bəhram Mansurov çağırırdısa, sadəcə getməli idim. Onun mənim sənət uğurlarımda misilsiz rolu və payı var. Evi elə bir konservatoriya idi. Xoş o xanəndələrin halına kimi Bəhram müəllimdən qidalanıb. Baxmayın ki, soyadım Qasımov gedir, mən özümü Mansurov hesab edirəm. Yorulmurdu, qısqanmırdı, ayrı-seçkilik salmırdı heç vaxt. Bu adam sənəti üçün alışıb-yanırdı. Musiqimizin ən gözəl səhifələrini yazıb ustad Bəhram Mansurov".

Bəhram Mansurov sağlığında həmişə bu sözləri deyərdi: "Mənim kamil bir tarzən olmağımda Qurban Pirimovun əməyi çoxdur. Çünki mən opera repertuarını ondan öyrənmişəm. 35 il onunla çiyin-çiyinə "Leyli və Məcnun", "Şah İsmayıl", "Əsli və Kərəm", "Aşıq Qərib", "Şahsənəm", "Nərgiz" operalarını müşayiət etmişəm. Qurban Pirimov həmişə mənə "qardaşoğlu" deyərdi. Klassik irsə dərindən bələdliyi mənə çox şey verdi". Qurban Pirimovdan sonra məhz Bəhram Mansurov yeganə tarzəndir ki, muğamlarımıza yeni həyat, yeni nəfəs verməklə yanaşı, həm də xanəndələrə düzgün ifa etmək qaydalarını öyrədə bildi.

İlk dəfə YUNESKO-da Azərbaycan muğamlarını təmsil edən musiqiçi məhz Bəhram Mansurov olub. 1967-ci ildə Bakıya gələn bu beynəlxalq təşkilatın rəsmi nümayəndələri bir çox musiqiçilərin ifasında Azərbaycan muğamlarını dinləmiş və yalnız Bəhram Mansurovun çalğısını bəyənmişdilər. O vaxtdan YUNESKO-nun rəsmiləri Bəhram Mansurovla sıx əməkdaşlıq etməyə başlayırlar. Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında "Çahargah" və "Rast" muğamları nota alınıb, "Bayatı-Şiraz", "Humayun", "Şur", "Bayatı-kürd", "Çahargah" ilk dəfə YUNESKO-nun xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılıb. Ustad tarzən Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə çalışıb. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları müşayiət edib zamanında.

Deyilənə görə Bəhram Mansurovun adı sağlığında bir neçə dəfə fəxri ad siyahısından çıxarılıb. Bu səbəbdən də bir neçə dəfə infarkt da keçirib. Oğlu, bəstəkar Eldar Mansurov müsahibələrinin birində bu məsləyə toxunaraq deyir: "Atam bu kimi məsələlərin fikrini çəkən adam olmayıb. Düzdür, xoşagəlməz hal idi. Təsəvvür edin ki, 1956-cı ildə ona əməkdar artist, 1978-ci ildə, iyirimi iki ildən sonra isə Xalq artisti adı verilib. Atamın bütün tələbələri Xalq artisti olmuşdu, o isə yox. Yəni müəyyən adamlar vardı ki, onu vururdular, ad almasına imkan vermirdilər. Adamlar vardı ki, atama doğurdan da yaxşılıq etmək istəyirdilər, adların siyahısı açıqlanan gündən bir gün əvvəl zəng vurub xəbər edirdilər ki, sabah adın siyahıda çıxacaq. Səhəri gün atam qəzeti alırdı, görürdü ki, adı siyahıda yoxdur".

Bəhram Mansurov dörd dəfə infarkt keçirib. Ölümündən iki həftə əvvəl həkimlər ona təcili əməliyyat təyin ediblər. Evindən son dəfə çıxanda yarım saat tar çalıb. Sonra tarını divardan asaraq deyib: "İllərin dostu, bir də səninlə iki həftədən sonra görüşəcəyik".

Bəhram Mansurov əməliyyatdan sağ çıxsa da, tar ilə bir daha görüşə bilmir. Əməliyyatdan bir müddət sonra halı pisləşir və 1985-ci il mayın 14-də dünyasını dəyişir. Yasamaldakı köhnə qəbiristanlıqda dəfn olunur.

O, musiqi tariximizə Mansurovlar möhürünü əbədilik həkk edib. O Mansurovlar ki, istedadları ən yüksək adlar, ən ali orden və medallardan belə hər zaman daha böyük olub. Ruhunuz şad olsun, tar sənətimiz, muğamlarımız yaşadıqca var olacaq Bəhram Mansurov!


Etiketlər:  Alim Qasımovu dünyaya təqdim edən tarzən ölümündən əvvəl tarına deyib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ