Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2019 17:32
"Bugünkü matç maraq doğururdu. İki komanda da turnir cədvəlində vəziyyəti yaxşılaşdırmaq istəyirdi. Həm qol epizodları, həm də qollar çox oldu".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 12-ci turunda "Sabah"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Heyətdə bəzi problemlərimiz var. Hücumçular Ağabala Ramazanov və Mirabdulla Abbasov zədəlidir. Son məğlubiyyətdən sonra az oynayanlara şans verdik. İkinci dövrə bizim üçün çətin oldu. İlk dövrə yaxşı keçirdi. Çalışacağıq ki, vəziyyəti yaxşılaşdıraq. Qış vasiləsində rəhbərliyin qərarlarından çox şey asılıdır. İddialı olacağıqsa, heyət güclənməlidir" - deyə o bildirib.
38 yaşlı mütəxəssis bildirib ki, komandada rəqabət istənilən səviyyədə deyil: "Şəhriyar Rəhimov yığmada iki oyun 90 dəqiqə meydanda oldu. Çox yorğun idi. Digər mövqelərə baxanda müdafiədə rəqabət var".
Baş məşqçi oyunun qırılma anının Adil Nağıyevin qırmızı vərəqə alması olduğunu vurğulayıb: "Təcrübəli futbolçular belə anlarda daha yaxşı çıxış etməlidir. Komandada bu çatışmır. Çünki gənc oyunçular çoxdur".