Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş Prokurorluq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sabiq əməkdaşının Antalyada ölümü ilə bağlı məlumatlara aydınlıq gətirib

Baş Prokurorluq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sabiq əməkdaşının Antalyada ölümü ilə bağlı məlumatlara aydınlıq gətirib

Tarix: 7 May 2019 15:32

Bakı. Trend:

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Repsublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sabiq əməkdaşı Hüseynov Emin Bəybala oğlunun qeyri-qanuni şəkildə işə qəbul edilməsi və əmək məzuniyyətində olduğu dövrdə Türkiyə Respublikasının Antalya vilayətində ölməsinin sifarişlə təşkil edilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin informasiyalar Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunmaqla bildirilir ki, mərhum Emin Hüseynov “Dövlət qulluğu haqqında” Qanuna müvafiq olaraq Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmri ilə 2015-ci ildə qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilmiş işə qəbul proseduru nəticəsində prokurorluq orqanlarında dövlət qulluğuna qəbul edilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məsləhətçisi vəzifəsinə təyin edilmişdir.

Emin Hüseynov məzuniyyət hüququndan istifadə edərək ona 1 avqust 2017-ci il tarixli əmrlə 30 gün müddətinə əmək məzuniyyəti verilmiş, məzuniyyətdə olarkən vəfat etməsi ilə əlaqədar olaraq 26 sentyabr 2017-ci il tarixli əmrlə qanunvericiliyin tələbinə əsasən barəsində dövlət qulluğuna xitam verilmişdir.

E.Hüseynovun ölümü ilə əlaqədar Türkiyə Respublikasında başlanmış cinayət işi üzrə hüquqi yardım göstərilməsinə dair həmin dövlətin Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş beynəlxalq tapşırıqda mərhumun Antalya şəhərində “Lara Delphin Be Grand” otelinin idman zalında idmanla məğul olduğu zaman yıxılaraq huşunu itirdiyi, bir neçə gün xəstəxanada stasionar şəraitdə müalicə olunmasına baxmayaraq öldüyü qeyd olunmuşdur. Tapşrıqda bununla əlaqədar mərhumun meyitinin ekshumasiya edilməsi (meyitin və ya onun qalıqlarının qəbirdən çıxarılmaqla müayinə edilməsi) və zəhərlənmə əlamətlərinin olub-olmamasının müəyyən edilməsi xahiş edilsə də, ölmüş şəxsin qanuni nümayəndəsi qismində çıxış edən mərhumun atası Hüseynov Bəybala Qaraş oğlu Baş Prokurorluğa ərizə ilə müraciət edərək bu istintaq hərəkətinin keçirilməsinə razılıq verməmişdir.

Buna baxmayaraq, Baş Prokurorluq tərəfindən Türkiyə Respublikasında başlanmış cinayət işinin istintaqına milli və beynəlxalq hüquq çərçivəsində hərtərəfli köməklik göstərilmişdir.

Belə ki, istintaq üçün əhəmiyyət kəsb edən Azərbaycan Respublikası vətəndaşlarının dindirilməsi, habelə E.Hüseynovun istifadəsində olmuş mobil telefondan aparılmış danışıqların verilməsi barədə qonşu dövlətin aidiyyəti qurumundan daxil olmuş əlavə vəsatət tam şəkildə icra olunaraq əldə edilmiş məlumatlar aidiyyəti üzrə təqdim edilmişdir. Eyni zamanda sorğu edən dövlətə müraciətlər və xatırlatma məktubları göndərilərək istintaqın konkret nəticəyə gələ bilmədiyi təqdirdə təkrar araşdırma aparılması və nəticəsi barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsi xahiş edilmişdir.

Qeyd edilən xüsusatlardan əlavə, mərhumun atası Bəybala Hüseynovun Baş Prokurorluğa ünvanladığı ərizələrinə əlavə etdiyi Türkiyə Respublikasında istintaq prosesindən kənar keçirilmiş təkrar ekspertiza rəylərinin həqiqiliyini müəyyən etmək üçün həmin dövlətin səlahiyyətli orqanlarına, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinə sorğular ünvanlanmış, həmin qurumlardan daxil olmuş məlumatlarda arvadı Elfira Hüseynova tərəfindən icazə verilmədiyi üçün E.Hüseynovun meyitinin məhkəmə-tibbi müayinəsi aparılmadığından onun ölümünün səbəblərinin müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdir.

Bununla yanaşı, Türkiyə Respublikasında aparılmış istintaqla da E.Hüseynovun öldürülməsi faktı müəyyən olunmamış, mərhumun səhhəti ilə bağlı əziyyət çəkməsi, 2013-cü ildə qaraciyər transplantasiyası, 2017-ci ildə daxili qanaxma diaqnozu ilə əməliyyat keçirməsindən sonra ağır idman növləri ilə məşğul olmasının qəfil ölümə səbəb ola biləcəyi istisna edilməmişdir.

Qeyd edilənlərlə əlaqədar olaraq, 3 aprel 2019-cu ildə Bəybala Hüseynov Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul olunmaqla dinlənilmiş, ona hüquq və vəzifələri ətraflı izah edilmişdir.

Hazırda Baş Prokurorluq tərəfindən Emin Hüseynovun ölümünün səbəbini dəqiqləşdirmək məqsədilə təkrar kompleks məhkəmə-tibbi ekspertizasının keçirilməsi, həmçinin istintaqı aparan müstəntiqin Azərbaycanda aparılacaq prosessual hərəkətlərin keçirilməsi zamanı iştirak edilməsi ilə bağlı Türkiyə Respublikasının səlahiyyətli orqanlarına ünvanlanmış beynəlxalq sorğular hazırlanaraq qarşı tərəfə çatdırılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilmişdir.

Baş Prokurorluq tərəfindən kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş edilir ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirsinlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Baş Prokurorluq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sabiq əməkdaşının Antalyada ölümü ilə bağlı məlumatlara aydınlıq gətirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ