Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İqlim dəyişikliyi psixi xəstəliklərə səbəb olur – Necə qorunmalı?

İqlim dəyişikliyi psixi xəstəliklərə səbəb olur – Necə qorunmalı?

Tarix: 4 Iyul 2024 15:03

İqlim dəyişikliyinə görə depressiya, yuxu çətinliyi, panik atak və təşviş pozuntusu kimi bir çox psixoloji problemlərin arta biləcəyi deyilir.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, psixoloq Tara Çapar bu problemlərə qarşı gündəlik həyat vərdişlərini dəyişdirməklə yanaşı, lazım gəldikdə peşəkar dəstək axtarılmasını tövsiyə edib.

O, iqlim dəyişikliyi və artan temperaturun bioloji, psixoloji və sosial ölçüləri ilə insan sağlamlığı üçün böyük təhlükə yaratdığını bildirib.

"İstidən ölümlərin artması ürək, qan dövranı, tənəffüs və damar xəstəlikləri ilə əlaqəlidir. Yanğınların çoxlaması, istixana qazlarının artması səbəbindən vaxtından əvvəl körpə ölümləri artır. Su çatışmazlığı isə gigiyena problemlərinə səbəb olur. Bütün bunlar psixoloji problemləri də artırır", - deyə psixoloq qeyd edib.

Psixoloq Çapar iqlim dəyişikliyinin insanlarda depressiya, qəzəb, narahatlıq, hətta intihar kimi psixoloji pozğunluqlara səbəb ola biləcəyinə diqqət çəkib:

"Qeyd etmək lazımdır ki, bu dəyişiklik hər bir insana fərqli təsir göstərə bilər.
Məlumdur ki, fərd birbaşa və ya dolayısı ilə iqlim dəyişikliyinə və onun nəticələrinə məruz qaldıqda stress səviyyəsi artır. İstiliyin artması yuxuya getməkdə çətinlik çəkmək, tez oyanmaq, yata bilməmək, iştahın azalması kimi hallara səbəb olmaq gücünə malikdir".

Psixoloq keyfiyyətsiz yuxunun insanın motivasiyasına, emosiyasına və əhvalına mənfi təsir etdiyini vurğulayıb.
O bildirib ki, bu, fərdlərin iş performansına, qərar qəbul etmə qabiliyyətinə və dostları, ailəsi, ətraf mühitlə münasibətlərinə təsir edir. Ümumilikdə bu, insaların həyat keyfiyyətini aşağı salır.
Psixoloq əlavə edib ki, klinik tədqiqatlar bir və ya iki gecə yuxusuzluqdan sonra belə insanlarda emosiyaların ifadəsində azalma, empatiyada pozulma, depressiya, narahatlıq, paranoid simptomlar və fiziki şikayətlər müşahidə olunduğunu göstərir.

"Yuxu rejimi pozulduqda kofein, spirt, nikotin kimi kimyəvi maddələri azaltmaq, hətta onlardan uzaq durmaq lazımdır. Axşam ağır yeməklərdən uzaq durmaq, yüngül yeməklər yemək və yatmazdan əvvəl idman etmək yuxu keyfiyyətinizi yaxşılaşdıracaq. Yuxuya gedə bilməyənlərin çoxaldığından xəbərdarıq. Hər gün eyni vaxtda yatıb-qalxmağa çalışmaq vacibdir. Bununla yanaşı, sakit, qaranlıq, sərin bir mühit təmin edib yatmazdan 30 dəqiqə əvvəl bütün ekranları söndürmək lazımdır", - deyə psixoloq qeyd edib.

O, temperatur artdıqca insalarda aqressiv davranışların artdığını bildirib:

"İqlim dəyişikliyi anksiyete və panik pozğunluq, depressiya, stressin öhdəsindən gələ bilməmə, somatoform pozğunluq, diqqəti toplamaqda çətinlik, yuxuya getməkdə çətinlik, cinsi funksiya pozğunluğu, əsəbilik, maddə asılılığı kimi problemlərin artmasına səbəb olur.
Bunların qarşısını almaq üçün professional kömək mütləqdir. Ancaq stressi azaltmaq üçün evdə tətbiq edilə biləcək üsullar da var. Buraya tənəffüs məşqləri, əzələləri rahatlaşdıran hərəkətlər, anda qalma, fərqindəlik kimi texnikalar var. Bunların heç bir əks təsiri yoxdur və insana rahatlıq verir".
Tara Çapar xüsusilə yay aylarında maye istehlakına diqqət yetirməyi məsləhət görüb:
"İnsan kifayət qədər maye qəbul etmədikdə zəiflik, yorğunluq, iştahın azalması, əsəbilik kimi davranışlar artır. Bədəni rahat hiss etdirən paltarlara üstünlük verilməlidir".


Etiketlər:  İqlim dəyişikliyi psixi xəstəliklərə səbəb olur Necə qorunmalı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ