Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2024 23:12
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Sonxeber.net report-a istinadən bildirir ki, "Bakının İrəvana göndərdiyi 10-cu paketdə hansı tələblər var?" adlı süjetdə ötən həftə Bakının İrəvana sülh sazişi ilə bağlı yeni təkliflər paketi göndərməsindən bəhs olunur.
Bildirilir ki, Bakıdan İrəvana göndərilən 10-cu paketlə bağlı "Hraparak" qəzeti diplomatik mənbələrinə istinadən yazır: "Azərbaycan Ermənistana göndərdiyi sülh sazişinin 10-cu paketində yeni tələblər irəli sürüb. Azərbaycan bu tələbini ötən ilin dekabr ayında səsləndirib. İndi isə bunu yazılı şəkildə təqdim edib. Ermənistan hökuməti bu tələbi icra etməyə hazırlaşır. Bu tələblərdən biri də azərbaycanlıların öz doğma yurdlarına qayıtmasıdır. Bakı bunu beynəlxalq hüquqa əsaslanaraq, irəli sürür. Ermənistan mediası isə bunu "Bakının Qərbi Azərbaycan tələbi" kimi təqdim edir".
Qeyd olunur ki, Qərbi Azərbaycan məsələsi - azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtması rəsmi Bakının əsas prioritetlərindəndir: "Görünür, bu məsələ artıq Ermənistanla sülh sazişi mətninə daxil edilib. Ermənistan tərəfi bu məsələni arxa plana keçirməyə, sülh danışıqlarında müzakirə edildiyini gizlətməyə çalışır".
Süjetdə erməni politoloq Qaqik Hambaryan, Stepan Danielyan, Beniamin Matevosyanın fikirlərinə də yer verilir. Onların iddiasına görə, N.Paşinyanın dediyi "əsl Ermənistan" Azərbaycanın görmək istədiyi Ermənistandır və rəsmi İrəvan "müharibədən qaçmaq" üçün İlham Əliyevin bütün tələblərini yerinə yetirməyə hazırdır. "Azərbaycanın görmək istədiyi "əsl Ermənistan" XX əsrin əvvəlində yaradılan ölkədir. Azərbaycan 1918-20-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisidir və həmin dövrün ərazilərini bərpa etmək niyyətindədir. Bu halda Ermənistanın ərazisi 10 min kvadratkilometr olacaq, Qərbi Azərbaycan adlanan digər ərazilər Azərbaycanın nəzarətinə keçəcək. Paşinyan bu planı icra edir. Nikolun "əsl Ermənistanı" əslində Qərbi Azərbaycandır. Ermənistanın Azərbaycana qaytaracağı növbəti ərazi Sünik, yəni Zəngəzur olacaq. Bu, reallıqdır. Nikol Paşinyan hazırda erməni cəmiyyətini buna hazırlayır".
Diqqətə çatdırılır ki, "168.am" saytı isə "Nikol Ermənistanı Qərbi Azərbaycana çevirdi" başlığı ilə videosujet hazırlayıb. Sujetdə Ermənistanın Qərbi Azərbaycan reallığı ilə üzləşdiyi, hakimiyyətin bu reallığı icra etdiyi iddia olunur.
Sonda vurğulanır ki, Qərbi Azərbaycana qayıdış reallıqdır və bunu həm Ermənistan ictimaiyyəti, həm də rəsmi İrəvan anlayır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.