Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“General” Ərşadın dəstəsi niyə “dəqiq zərbə ilə” məhv edildi?

“General” Ərşadın dəstəsi niyə “dəqiq zərbə ilə” məhv edildi?

Tarix: 9 Iyul 2024 06:54

"General" Ərşad Nadirov, "şəhid" adını bu günə qədər rəsmən almayan Ağdamın əfsanəvi "Kötəl batalyonu"nun komandiri...

Sonxeber.net kult.az-a istinadla bildirir ki, 22 iyul Ağdamın qəhrəman oğullarından biri, Qarabağ müharibəsi dövründə düşmənlə açıq döyüşlərdə onlara ağır zərbə vuran dəstənin başısı, böyük bir nəslin davamçısı olan Ərşad Zahid oğlu Nadirov şəhid oldu.

Ərşad Nadirov 1950-ci ildə Ağdam rayonunun Seyidli kəndində anadan olub. Ağdamda onu hamı gənc yaşlarında "dəli" deyirdi. Çünki Koroğlu kimi "dəli" idi. Yaxşı maşın ustası idi, çoxlu müştəriləri vardı. Ərşad həm də çox yaxşı maşın sürməyi bacarırdı. Ağdamda onun maşın sürərkən etdiyi manevrləri indiyə qədər danışırlar.

Müharibənin ilk günlərində özü kimi vətənpərvər və döyüşkən oğulları başına toplayaraq, "Koroğlu dəstəsi" adlı özünümüdafiə batalyonu yaratdı. Dəstəsində əsasən Ağdamın Seyidli, Sarıtəpə kəndlərindən olan cavanlar vardı. Ağdam caamatı onun dəstəsinə həm də "Kötəl batalyonu" deyirdi. Əsasən Şelli tərəfdə döyüşürdülər. Ağdamdan Qarağaclar kəndinə qədər böyük bir ərazidə postlarda bu dəstənin igidləri dururdu.

Ermənilər gecə yarısı "Sumqayıt batalyonu"nun postuna hücum edərək, on iki əsgərin başını kəsmişdilər. Məhz "Kötəl batalyonu" onların qisasını almaq üçün bunu edən ermənilərin böyük bir hissəsini məhv etmişdi.

Onun dəstəsində Rövşən Saleh oğlu Camalov da döyüşüb. "PK Rövşən" kimi tanınan şəhid Rövşən ermənilərin kabusuna çevrilmişdı. Rövşən 1992-ci ildə yaralandı. Sağalib yenidən döyüşə qatıldı. Son dəfə Bakıda qonağımız olan Rövşən mütləq geri qayıdacağına söz verdi. Lakin şəhid olaraq döndü. Məzarı Şəhidlər Xiyabanındadır.

Ərşad Nadirova Ağdamda bütün komandirlər, əsgərlər və yerli əhali "general" deyirdi. Qarabağ uğrunda Ərşad Nadirovun rəhbəri olduğu batalyon müharibədə ən çox itki vermiş və ən çox ögey münasibətlə üzləşmiş hərbi birləşmələrdən sayılır.

Onun batalyonu Seyidli kəndindəki qərargahda yerləşirdi. Ağdamın işğalından bir gün əvvəl - 1993-cü ilin iyul ayının 22-də ermənilərin atdığı raketin partlaması nəticəsində döyüşçü dostları ilə birlikdə həlak oldu. Düzünü desək, indiyə qədər müəmma olaraq qalır onun dəstəsinin olduğu yerin düz hədəflə vurulması. Bu gün də o dövrün sağ qalan insanları Ərşadın xainlik və satqınlıq qurbanı olduğunu deyir. Düşmən dəqiqliklə o yeri elə vura bilməzdi, əgər əlində dəqiq koordinatlar olmasaydı.

Onun cənazəsi Ağdam rayonunda yerləşən Uzundərə ərazisində, yeni salınmış Şəhidlər Xiyabanında dəfn edilib.

Ancaq o və igid gəncləri ölümlərindən sonra Müdafiə Nazirliyinin biganələyi ilə üzləşir. Ağdamın ən cəsur döyüşçülərinə komandir olan Ərşad Nadirova şəhid statusu bu günə qədər verilməyib.

Ümid edirəm, Müdafiə Nazirliyi 30 ildən sonra bu ədalətsizliyi aradan qaldırar...


Etiketlər:  General Ərşadın dəstəsi niyə dəqiq zərbə ilə məhv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ