Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hovuzlarda Hepatit A təhlükəsi – Necə qorunaq?

Hovuzlarda Hepatit A təhlükəsi –  Necə qorunaq?

Tarix: 12 Iyul 2024 12:45

Gigiyena qaydalarına riayət olunmayan hovuzlardan insanlara Hepatit A virusu keçə bilər.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bu barədə Dr. Hasan Hacıosman məlumat verib.
O, bununla yanaşı, "Crypto" adlı mikrobların və ishala səbəb olan "Rotavirus"un da uzun müddət hovuzlarda yaşaya biləcəyini diqqətə çatdırıb.

Hovuzların sidik yolu infeksiyasına da səbəb ola biləcəyini deyən həkim buna ən çox qadınlarda rast gəlindiyini vurğulayıb.

Həkimin sözlərinə görə, hovuzlar tif, vəba, basil dizenteriyası, giardia parazitinə yoluxmaya və göbələk infeksiyalarına, həmçinin göz qıcıqlanmasına və konyunktivitə, xarici qulaq kanalı infeksiyasına, vaginal göbələk infeksiyalarına səbəb ola bilər.

Həkim bütün bunlardan qorunmaq üçün aşağıdakı tövsiyələri verib:
* Yetərincə xlorlanmayan və sirkulyasiya problemi olan hovuzlara girmək olmaz.

* Bədənimizin gigiyenasına diqqət etməliyik. Hamı hovuzdan öncə və sonra duş almalıdır.

* Üzərkən üzgüçülük papağı taxılmalıdır.

* Hovuz suyunu udmamalısınız.

* Risklərdən yayınmaq üçün böyüklər və uşaqlar üçün ayrı hovuzlara üstünlük verilməlidir.

* Hovuzdan çıxdıqdan sonra duş qəbul etməli, qurulanmalı və yaş çimərlik paltarında oturmamalısınız. Hovuzdan sonra təmiz paltar geyinilməlidir.

* İstifadə olunan dəsmallar şəxsi olmalıdır.

Həkim qeyd edib ki, hovuzlardan keçən xəstəliklər bəzən uzunmüddətli müalicəyə ehtiyac yaradır:

"Xüsusən də, Hepatit A kimi viruslar peyvənd olunmamış uşaqlara daha çox ötürülür və bəzən onların gedişi ağır olur. Qaraciyər çatışmazlığı həyati təhlükə yaradır".

H.Hacıosman hovuzlarda istifadə edilən yüksək miqdarda xlorun da dəri üzərində qıcıqlandırıcı təsiri olduğunu xatırladıb:

"Uzun müddət hovuzda qalan insanların dərilərində quruluq, gözlərində qaşınma və qızartılar olur. Astma və ya allergiyası olan insanlarda nəfəs darlığı müşahidə edilir".

Həkim hovuzlardan keçən virusların bütün yaş qruplarına təsir etsə də, daha çox immuniteti zəif olan insanlara (xərçəng xəstələri, revmatizm xəstələri, xroniki xəstəlikləri olanlar), qocalar və uşaqlara təsir etdiyini bildirib.

Milli.Az


Etiketlər:  Hovuzlarda Hepatit təhlükəsi Necə qorunaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ