Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MSK sədrinin müavini: Bələdiyyə seçkiləri ilə bağlı 48 sənəd hazırlanıb

MSK sədrinin müavini: Bələdiyyə seçkiləri ilə bağlı 48 sənəd hazırlanıb

Tarix: 28 Noyabr 2019 09:39

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyasının qərarı ilə dekabrın 23-nə təyin edilmiş növbəti bələdiyyə seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün zəruri tədbirlər görülür.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

R.Qasımov bildirib ki, seçki prosesinin mühüm mərhələləri olan seçici siyahılarının dəqiqləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla, bütün seçki subyektlərinin maarifləndirilməsi, bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanının yaradılması, müşahidəçilər və kütləvi informasiya vasitələri nümayəndələrinin sərbəst fəaliyyəti üçün tam azad və maneəsiz şəraitin yaradılması ilə bağlı addımlar MSK-nın hazırlayıb təsdiq etdiyi Təqvim Planına əsasən atılır:

“Vətəndaşlarımızın seçmək və seçilmək kimi əsas konstitusion hüquqlarının təmin olunmasında seçici siyahılarının mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, MSK Seçki Məcəlləsinin tələblərinə əsasən hər il olduğu kimi 2019-cu ildə də seçici siyahılarının dəqiqləşdirilməsinə ciddi diqqət yetirib.

Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, bələdiyyə seçkiləri ilə əlaqədar hazırda da seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı mütəmadi iş gedir və bu proses səsvermə gününə 25 gün qalanadək davam edir. Bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini nəzərə alaraq, hələ seçkilər təyin olunmazdan xeyli əvvəl MSK tərəfindən dairə və məntəqə seçki komissiyalarının seçkilərə hazırlığının monitorinqi aparılıb. Onların təchizatı istiqamətində bütün lazımi addımlar atılıb və aşağı seçki komissiyaları zəruri avadanlıq və materiallarla təmin olunaraq seçki gününə tam hazır vəziyyətə gətirilib. Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsində, eləcə də seçki iştirakçılarının maarifləndiriməsində və fəaliyyətlərinin təkmilləşdirilməsində hüquqi çərçivə və təkmil normativ-hüquqi baza da əhəmiyyətli rol oynayır.

Aşağı seçki komissiyaları üzvlərinin və digər seçki subyektlərinin maarifləndirilməsini həyata keçirmək, seçki qanunvericiliyinin müddəalarının peşəkarcasına icrasını, seçkilərdə iştirak üzrə hüquqi biliklərin artırılmasını və gücləndirilməsini təmin etmək üçün MSK təlimat, izah və qaydalar şəklində normativ xarakterli 48 sənəd hazırlayıb. MSK seçkilərin demokratiya və aşkarlıq şəraitində keçirilməsi üçün çoxsaylı nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən zəngin seçki ənənəsi formalaşmış ölkələrin ali seçki qurumları ilə yaxından əməkdaşlıq edir”.

MSK sədrinin müavini vurğulayıb ki, qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı seçicilərin də maarifləndirilməsi MSK-nın daim diqqət mərkəzində olub və bu istiqamətdə intensiv şəkildə bir sıra layihələr gerçəkləşdirilib:

“Seçiciləri səsvermədə aktiv iştiraka səsləyən, onları öz hüquqlarından sərbəst istifadə etməyə dəvət edən, səsvermə proseduru, çağırış xarakterli və s. müxtəlif mövzuları əhatə edən geniş tirajlı məlumatlandırma plakatları əhalinin xüsusilə sıx məskunlaşdığı və asanlıqla görünə bilən yerlərdə asılıb. Bütün bunlarla yanaşı, Seçki Məcəlləsinin tələblərinə əsasən seçicilərin səs verəcəkləri seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı barədə məlumat verilməsi məqsədilə əvvəlki ənənəni davam etdirərək seçicilərə çatdırılan bildirişdə, həmçinin səsvermə prosesində istifadə olunan şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, səsvermə qaydası və digər aidiyyəti prosedurlarla bağlı maarifləndirmə xarakterli məlumatları özündə əks etdirən 5 020 287 bildiriş qanunvericilikdə nəzərdə tutulan müddətdə və qaydada seçicilərin sayına uyğun çap edilib və səsvermə gününə 7 gün qalanadək seçicilərə paylanılması nəzərdə tutulub”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  sədrinin müavini Bələdiyyə seçkiləri ilə bağlı sənəd hazırlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ