Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayrağımızı ucaltmaq istəyirdim, bacardım – Olimpiadaçı

Bayrağımızı ucaltmaq istəyirdim, bacardım – Olimpiadaçı

Tarix: 27 Iyul 2024 00:44

Sinqapurda keçirilən "SIMOC 2024" olimpiadasında iştirak edərək, riyaziyyat üzrə qızıl medal qazanıb, iyulun 25-də isə Vətənə qayıdan Namiq İsazadə yarışda Azərbaycanı təmsil edən 69 şagirddən biridir. 35 ölkədən 2200 şagirdin iştirakı ilə keçirilən bu nüfuzlu olimpiadada Azərbaycan təmsilçiləri ümumilikdə 2 qızıl, 10 gümüş, 17 bürünc medal qazanıb.

Axar.az-a danışan 16 yaşlı Namiq İsazadə bildirir ki, riyaziyyata marağı hələ 6-cı sinifdən yaranıb.

"6-cı sinifdən etibarən "Dəyanət" liseyində oxuyuram. Riyaziyyata marağım da o vaxtdan yaranıb. Bunu daha da gücləndirmək üçün olimpiadalara qatılmaq qərarına gəldim. İlk nəaliyyətimi 7-ci sinifdə oxuyarkən əldə eləmişəm. Həmin vaxt respublika fənn müsabiqəsində fizika fənnindən qızıl medalla mükafatlandırıldım. 8-ci sinifdə respublika fənn olimpiadasında bürünc, 9-cu sinifdə isə Naqif Nəbiyev adına müsabiqədə bürünc medal almışam", - o bildirib.

"Singapore International Math Olympiad Challenge"dəki nəaliyyətinə gəlincə, o deyir ki, Azərbaycan bayrağını nüfuzlu yarışların qalibi kimi dalğalandırmaq onun uşaqlıq arzusu olub:

"Müsabiqədə Çin, Sinqapur, Malayziya, İndoneziya, Özbəkistan, Meksika, Monqolustan, Qırğızıstan, Türkiyədən olan rəqiblərlə qarşılaşdım. Olduqca çətin yarış idi. Çünki biliyiylə fərqlənən, üstün tədris metodikası olan ölkələrin təmsilçiləri ilə yarışırdıq. Qatıldığım müsabiqəyə həm oyun, həm də savaş kimi yanaşırdım. Hər kəsi məğlub edərək, qalibiyyəti Azərbaycanın adına yazmaq üçün var gücümlə döyüşdüm".

O bildirib ki, ötən tədris ilində TR - YÖS imtahanında 24 min insanın içində dünya üzrə 5-ci yeri tutub:

"Bu, Azərbaycan üzrə 10-cu siniflərin ən yüksək nəticəsi idi".


Etiketlər:  Bayrağımızı ucaltmaq istəyirdim bacardım Olimpiadaçı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ