Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2024 06:21
Tez-tez avtomobillə uzaq məsafələr qət etmək ürək problemlərinə səbəb olur.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bu barədə "Gazeta.Ru"ya tibb elmləri namizədi, terapevt- kardioloq İvan Stepanenko məlumat verib.
"Uzun müddət oturmaq çəki artımı və qan təzyiqinin artması ilə birbaşa əlaqəlidir. Bu, oturaq həyat tərzinin bir hissədir.
Bu xroniki stresə yol şəraiti və iş qrafiki, həmçinin fast-food və digər zərərli qidaların qəbulu ilə bağlı yaranan stresi əlavə etsək, risk daha da artır", - deyə kardioloq bildirib.
Onun sözlərinə görə, müxtəlif ölkələrdə aparılan araşdırmalar sükan arxasında çox vaxt keçirən sürücülərin hipertoniya və ürək-damar xəstəliklərinə tutulma riskinin daha yüksək olduğunu göstərib:
"Məsələn, Braziliyada yük maşını sürücülərinin demək olar ki, yarısının hipertoniyadan əziyyət çəkdiyini aşkar ediblər. Bu, ölkə üzrə orta göstəricidən xeyli yüksəkdir.
Sürücülər nizamsız qrafikə görə tez-tez yuxu pozğunluqları yaşayırlar ki, bu da ürək-damar xəstəlikləri riskini artırır".
O əlavə edib ki, riskləri minimuma endirmək üçün sürücülər müntəzəm məşq etmək, gərmə və isinmə hərəkətləri üçün qısa fasilələr yaratmaq kimi sağlam həyat tərzi vərdişlərinə yiyələnməli; daha sağlam qida seçimləri etməli, duz və yağ miqdarı yüksək olan qidalardan uzaq durmalıdırlar.
"Stresslə mübarizə üsullarını öyrənmək də faydalıdır.
Müntəzəm tibbi müayinələr qan təzyiqi səviyyənizi və digər sağlamlıq göstəricilərinizi izləməyə kömək edəcək. Sürücülər iş yerinin erqonomikasına da diqqət yetirməlidirlər - düzgün tənzimlənmiş oturacaq bədənə düşən yükü azalda bilər", - deyə Stepanenko yekunlaşdırıb.
Milli.Az