Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2019 11:48
Bakı. Elçin Mehdiyev - Trend:
Dünyada bəzi “dini qruplar” dünyəviliyik anlayışını istismar edirlər. Axı din dünyəvi işlərə bir balaca laqeyd yanaşır. Dünyəvi dövlət anlayışı dedikdə, dövlət idarəçiliyində din iştirak etmir, amma dünyəvi dövlət o demək deyil ki, o, dinsizdir. Biz hər zaman bu məsələdə ulu öndər Heydər Əliyevin fikrini əsas sitat kimi nəzərdə tuturuq. Qeyd edirik ki, Azərbaycan dünyəvi dövlətdir, amma dinsiz ölkə deyil.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanda dünyəviliyin tarixi və bu günü” adlı konfransda deyib.
G.İsmayılov bununla bağlı Harvard Universitetinin 2000-ci ilin statistikasından nümunə gətirib. O qeyd edib ki, dünyada 188 dövlətdən 75-i öz konstitusiyasında hansısa dinlə bağlı qanunvericiliyin dinə əsaslanması ilə bağlı bu və ya digər formada müddəa var, 113 dövlətin isə konstitusiyasında bunun əksinə olaraq dinin hər hansı bir qanunvericilik aktında öz əksini tapması ilə bağlı hər hansı bir müddəa yoxdur:
“Yəni, 188 dövlətdən 113-ü dünyəvi dövlət kimi qəbul edilir. Bunlar əsasən Avropa, Asiya, Afrika və Amerika qitəsində yerləşən dövlətlərdir. Amma bir sıra ərəb ölkələri konstitusiyalarında qanunlarının, qanunvericilik aktlarının Qurana və ya digər şəriət normalarına əsaslanması ilə bağlı müddəalar var. Onu da deyim ki bu cür ölkələr təkcə İslam dünyasında deyil, Avropada da, bizlə qonşu olan ölkələrdə də var”.
Komitənin sədr müavininin sözlərinə görə, dünyəvi dövlət dinə qarşı heç bir mövqedə dayanmır: “Hətta dünyəvi dövlət olduğu halda, dini bayramlar dövlət səviyyəsində qeyd edilir. Bunu bariz nümunəsi kimi Azərbaycanı göstərmək olar. Bizim ölkəmizdə əhalinin 96 faizini müsəlmanlar təşkil edir. İslam dininin müqəddəs bayramları sayılan Ramazan, Qurban bayramları dövlət səviyəsində qeyd edilir. Biz dünyəvi dövlət olsaq da, qanun qarşısında bütün dini qurumların bərabər olması prinsipini qəbul etsək də, dini qurumlar və konfessiyalara imkan olduğu qədər qayğı və diqqətlə yanaşırıq.
Azərbaycanda dövlət büdcəsindən hər il mütəmadi olaraq dini icmalara vəsait ayrılır. Baxmayaraq ki Azərbaycan dünyəvi dövlətdir, eyni zamanda dövlət başçıları öz səlahiyyətlərinə başlamazdan öncə Konstitusiya ilə yanaşı, müqəddəs kitaba da and içirlər. Bütün bunlar Azərbaycanın dünyəvi dövlət olmaqla yanaşı, dinə böyük diqqət verdiyini göstərir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin