Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2024 07:34
Xəbər verdiyimiz kimi, sentyabrın 17-də Livanda Hizbullah silahlılarının ünsiyyət üçün istifadə etdikləri peycerləri kütləvi şəkildə partlayıb.
Məlumata görə, insident nəticəsində əksəriyyəti Hizbullah döyüşçüsü olmaqla mindən çox insan yaralanıb, 3 nəfər isə ölüb. Partlayış səsləri həm paytaxt Beyrutda, həm də ölkənin cənubunda eşidilib.
Livan mediası partlayışlarda İsraili günahlandırır. İddialara görə, İsrail tərəfindən "Hizbullah" yaraqlılarının istifadəsində olan portativ peycerlər sındırılıb.
Bəzi məlumatlara görə, yaralananlar arasında İranın Livandakı səfiri Müctəba Əmani də var. O, xəstəxanaya yerləşdirilib.
Görəsən, İsrail peycer hücumunu necə reallaşdırıb? Smartfonlar üçün də oxşar təhlükə varmı?
Sonxeber.net xəbər verir ki, mövzu ilə bağlı bizim.media-ya açıqlamasında informasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirir ki, Livanda baş verən peycer partlayışları texnoloji sabotaj və ya hədəfli bir kiberhücum kimi qiymətləndirmək olar:
"Livanda baş vermiş hadisə xüsusi olaraq tərtib edilib. Əvvəldən orada həmin cihazların piarı aparılıb və satışı çoxaldılıb. Əvvəlcədən cihazın içərisinə partlayışı gücləndirəcək xüsusiyyət əlavə olunub. Cihazların eyni vaxtda partladılması, çox güman ki, xarici müdaxilə ilə əlaqəlidir və bu, peycerlərin zəif şifrələməsi və ya idarəetmə sistemlərindəki boşluqlardan istifadə olunaraq həyata keçirilib".
Ekspert qeyd edir ki, bu cür hücumlar adətən iki əsas yolla həyata keçirilə bilər:
"Birincisi, cihazların istehsal və ya çatdırılma mərhələsində zərərli proqram və ya partlayıcı maddələrin yerləşdirilməsi ilə. İkincisi isə, bu cihazların şəbəkə vasitəsilə uzaqdan idarə olunması və sinxron şəkildə partladılması ilə mümkündür. Hər iki halda da, yüksək səviyyəli texniki bilik və koordinasiya tələb olunur. Bu hadisə göstərir ki, rabitə cihazları, xüsusən də qapalı sistemlərdə işləyən texnologiyalar, hər zaman yüksək səviyyədə qorunmalıdır.
Təhlükəsizlik tədbirləri yetərli səviyyədə olmasa, bu cür hücumlar daha geniş miqyasda həyata keçirilə və ciddi nəticələrə səbəb ola bilər. Xüsusilə dövlət qurumları və təşkilatlar, belə cihazların şifrələmə səviyyəsini və təhlükəsizlik protokollarını gücləndirməlidir ki, bu cür kütləvi hücumların qarşısı alınsın".
Həmsöhbətimiz deyir ki, gündəlik istifadəçilər cihazlarının təhlükəsizlik tədbirlərinə riayət etməlidirlər:
"Etibarlı mənbələrdən proqramlar yükləmək, şübhəli linklərə klikləməmək və cihazın təhlükəsizlik yeniləmələrini vaxtında etmək vacibdir. Bu tədbirlər, cihazların kiberhücumlara qarşı daha dayanıqlı olmasını təmin edəcək".
Ekspertin fikrincə, texniki olaraq smartfonlar üçün də sözügedən təhlükə mümkündür, lakin heç zaman buna getməyəcəklər:
"Hər bir batareyası olan cihaz tam nəzarətə alınsa, o zaman oradakı müəyyən tezlikləri dəyişərək daha çox isitməklə cihazın partlamasına nail olmaq olar. Amma bunu etməzlər. Çünki beynəlxalq standartlar var. Burada proqram təminatları və cihazın xüsusi təhlükəsizliyi nəzərə alınıb".