Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2024 19:30
Hökumət qarşısında duran əsas vəzifələr açıqlanıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Nazirlər Kabinetində 2025-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsində çıxışı zamanı bildirib.
O qeyd edib ki, ötən dövrdə olduğu kimi, növbəti illərdə də "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın uğurlu icrası və tələb olunan maliyyə vəsaitinin ayrılması vacib vəzifələrdən hesab olunur.
"Strategiyanın icrasında aidiyyəti qurumlar öz üzərinə düşən tapşırıqları vaxtında və keyfiyyətlə icra etməlidirlər.
Bu istiqamətdə nəzarət daha da gücləndiriləcək.
Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bərpa edilməsi ən əsas vəzifələrdən biridir. Bu, ortamüddətli dövrdə qeyri-neft iqtisadiyyatının inkişafında "stimullaşdırıcı multiplikator" rolunu oynacaq. "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası prioritet istiqamət olaraq diqqət mərkəzində saxlanılacaq.
Cənab Prezidentin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri fəaliyyət istiqamətlərinə uyğun olaraq proqramın icrasını ciddi diqqətdə saxlamalı, tapşırıqların yerinə yetirilməsinə mütəmadi olaraq bilavasitə yerində - yəni Naxçıvana səfər etməklə dəstək verməli və nəzarət etməlidirlər.
Dövlət büdcəsində ən böyük xərclərdən biri növbəti illərdə də hərbi xərclər olacaq.
Dövlət başçısının tapşırığına əsasən, müasir ordu quruculuğu prosesi və milli təhlükəsizlik potensialının artırılması, müdafiə sənayesi kompleksinin müasir çağırışlara uyğun olaraq gücləndirilməsi və modernləşdirilməsi hər zaman olduğu kimi diqqət mərkəzində olacaq.
Bərpa olunan enerji mənbələrinin, xüsusən günəş və külək enerjisinin inkişafı, enerji səmərəliliyinin artırılması istiqamətində qarşıdakı dövrdə də işlər davam etdiriləcək.
Qarabağda yaşıl enerji zonasının yaradılması istiqamətində aparılan tədbirlərə xüsusi diqqət yetiriləcək.
Yeri gəlmişkən işğaldan azad edilmiş ərazilərdə aparılan böyük bərpa-quruculuq işlərinin daha geniş və sürətli şəkildə həyata keçirilməsi üçün əsas şərtlərdən biri də həmin ərazilərin çoxsaylı minalardan və partlamamış sursatlardan təmizlənməsidir.
Bu baxımdan, ANAMA və tədbirlərə cəlb olunmuş digər qurumlar öz məsuliyyətlərini dərk edərək, fəaliyyətlərini daha da genişləndirməli və sürətləndirməlidirlər.
Cari ildə dünyanın ən əhəmiyyətli və irimiqyaslı beynəlxalq tədbirlərindən biri olan COP29-un noyabr ayında Azərbaycanda keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun bariz nümunəsidir.
Əminəm ki, tədbir Azərbaycana xas yüksək səviyyədə, mükəmməl şəkildə təşkil ediləcəkdir.
Hökumət üzvlərinin çoxu müvafiq Təşkilat Komitəsinin üzvləridir.
Bütün hökumət üzvləri rəhbərlik etdikləri nazirlik və digər qurumların üzərilərinə düşən tapşırıqların icrasına şəxsən cavabdehdirlər. Bu istiqamətdə sıx və əlaqəli şəkildə işləməlidirlər.
Bütün hökumət üzvləri rəhbərlik etdikləri nazirlik və digər qurumların üzərilərinə düşən tapşırıqların icrasına şəxsən cavabdehdirlər. Bu istiqamətdə sıx və əlaqəli şəkildə işləməlidirlər.
Qlobal bazarlarda baş verən hadisələr və çağırışlar nəzərə alınmaqla, ərzaq təhlükəsizliyinin təmin edilməsi, özünütəminat səviyyəsinin yaxşılaşdırılması, idxalın əvəzləşdirilməsi və ixrac coğrafiyasının şaxələndirilməsi prioritet istiqamət kimi diqqət mərkəzində saxlanılacaqdır.
Dövlət investisiyalarının effektivliyinin artırılması, özəl investisiyaların təşviqi və dövlət-özəl sektor tərəfdaşlığının inkişafı istiqamətində işlər davam etdiriləcək, bu çərçivədə vergi güzəştlərinin verilməsi dəstəklənəcəkdir.
Ortamüddətli dövrdə qeyri-neft iqtisadiyyatının real artım tempinin 5%-i üstələməsinə nail olunması, habelə kənd təsərrüfatı və qeyri-neft sənayesi kimi sahələrin bu artıma töhfəsinin yüksəlməsi üçün lazımi tədbirlər görüləcəkdir.
Yaxın günlərdə qəbul olunacağı gözlənilən "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi və çirklənməsinin qarşısının alınması, dəniz suyunun duzsuzlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə sahəsində tədbirləri nəzərdə tutur.
Dövlət başçısının ölkəmizdə humanitar sahədə, xüsusilə də təhsil sahəsində genişmiqyaslı islahatlarından irəli gələn vəzifələrə uyğun olaraq, milli təhsil sisteminin müasir standartlara uyğunlaşdırılması, təhsilin keyfiyyətinin artırılması istiqamətində aparılan fəaliyyət davam etdiriləcəkdir.
Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi, proqram və nəticə əsaslı büdcə mexanizminə keçidlə bağlı islahatlar davam etdiriləcəkdir. 2025-2028-ci illər ərzində "Səhiyyə", "Sosial müdafiə və sosial təminat", "Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət" bölmələrinin islahatlara cəlb edilməsi nəzərdə tutulur. Bir sözlə büdcə vəsaitlərinin qənaətli, təyinatı üzrə isifadəsinə nəzarət və səmərəlilik gücləndiriləcəkdir.
Son illər ərzində büdcə şəffaflığının və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində "Açıq Büdcə İndeksi-2023" hesabatında Azərbaycanın mövqeyi kifayət qədər yaxşılaşmışdır. Belə ki, hesabatda 125 ölkə arasında Azərbaycan 44-cü yerdən 21 pillə irəliləyərək 23-cü yerə yüksəlmiş və adekvat büdcə açıqlığına malik ölkələr qrupuna daxil olmuşdur. Bu istiqamətdə görülən işlər davam etdiriləcəkdir.
Vergi Məcəlləsində investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin və vergi-gömrük inzibatçılığının təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdiriləcəkdir.
Borclanma strategiyasına uyğun olaraq fiskal və monetar siyasətin sıx koordinasiyası ilə daxili maliyyə bazarının inkişafı istiqamətində işlər davam etdiriləcəkdir.
Dayanıqlı iqtisadi artım üçün makroiqtisadi sabitliyin və inflyasiyanın aşağı birrəqəmli səviyyəsinin təmin edilməsi növbəti ildə də Hökumətin əsas vəzifələrindən biri olacaqdır.
Bu xüsusda "Qiymət İzləmə Tətbiqi" sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək".