Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2024 06:52
Qərbi Azərbaycan İcması ABŞ-nin vitse-prezidenti Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bəyanatda bildirilir ki, ABŞ-nin vitse-prezidenti Kamala Harris prezidentliyə namizəd qismində Amerikanın erməni icmasına ünvanlandığı müraciətdə "Dağlıq Qarabağ"dan olan ermənilərin qayıtmaq hüququna istinad edib.
"İlk növbədə, qeyd edək ki, Azərbaycanda "Dağlıq Qarabağ" adlı bölgə yoxdur. Separatçılıq və işğalla assosiasiya olunan bu terminin işlədilməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir.
Bundan əlavə, ABŞ vitse-prezidentinin qayıdış hüququna yalnız etnik ermənilər üçün istinad etməsi ayrı-seçkilik xarakteri daşıyır. Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququ ədalətin və davamlı sülhün bərqərar olunması üçün zəruri şərtdir. Vitse-prezidentin Qərbi azərbaycanlıların qayıdış hüququnu görməzdən gəlməsi sülhə kömək etmir və yanlışdır.
Biz vitse-prezident Harrisə müraciət edərək, onu Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququna hörmət etməyə və qayıdış hüququ məsələsində etnik və ya dini mənsubiyyətə əsaslanan ayrı-seçkiliyə yol verməməyə çağırırıq", - İcmanın bəyanatında deyilir.