Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlin son Günəş tutulması başladı

İlin son Günəş tutulması başladı

Tarix: 2 Oktyabr 2024 20:00

19:57

Bu gün 2024-cü ilin son Günəş tutulması başlayıb.

Bu barədə Milli.Az-a Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Günəş tutulması Bakı vaxtı ilə saat 19:42 başlayıb və saat 01:47-də bitəcək. Tutulmanın maksimumu saat 22:45-ə uyğun gəlir. Maksimal tutulma 7 dəqiqə 24 saniyə davam edəcək.

Bu tutulma halqalı Günəş tutulmasıdır. Halqalı tutulma Ay apogeydə (Yerdən maksimum uzaqlıqda) və yaxın nöqtələrdə olduğu zaman baş verir. Bu zaman Ay diskinin görünən ölçüsü kiçildiyi üçün Günəşi tam örtə bilmir və Ay diskinin kənarında nazik işıqlı halqa qalır.

Tutulma hadisəsi əsasən Sakit okeana düşsə də, ümumilikdə Cənubi Amerika, Şimali Amerikanın cənubu, Atlantik okeanı və Antarktidanı əhatə edir. Halqalı tutulmanı isə Çili və Argentinadan müşahidə etmək mümkündür.

Qeyd edək ki, tutulma hadisəsi Azərbaycandan müşahidə olunmur.

---------------
2024.09.25

Bu ilin ikinci Günəş tutulması oktyabrın 2-də baş verəcək.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Milli.Az-a məlumata görə, tutulma halqavari Günəş tutulmasıdır.

Ay Yerdən daha uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Ay Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq həlqə yaranır. Ona görə bu zaman baş verən tutulma həlqəvari Günəş tutulması adlanır.

Tutulma hadisəsi oktyabrın 2-də Bakı vaxtı ilə saat 19:42:47-də başlayacaq və 3 oktyabr saat 01:46:47-də sona çatacaq. Tutulmanın maksimumu 2 oktyabr saat 22:44:51-də olacaq. Tutulma hadisəsi 6 saat 4 dəqiqə davam edəcək. Tam tutulma oktyabrın 2-si saat 20:50:24-də başlayıb, oktyabrın 3-ü saat 00:39:04-də başa çatacaq. Tam tutulma prosesi 3 saat 48 dəqiqə 40 saniyə davam edəcək.

Həlqəvari Günəş tutulması Çili və Argentinanın cənubunda müşahidə olunacaq. Ən azından qismən tutulma görən ölkələr Şimali Amerikanın cənubu, Cənubi Amerikanın böyük hissəsi, Sakit və Atlantik okeanlar, Antarktida olacaq. Tutulma Azərbaycandan müşahidə olunmayacaq.

Milli.Az


Etiketlər:  İlin Günəş tutulması başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ