Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2019 12:20
“ZTE” şirkətinin Direktorlar Şurasının sədri Li Tszısyue dünya ictimaiyyətini beşinci nəsil mobil rabitə şəbəkələrinin (5G) inkişafında əməkdaşlığa çağırıb.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, onun fikrincə, “5G” şəbəkələri şirkətlərin fəaliyyətini köklü şəkildə dəyişəcək. “Biz “5G” daxil olmaqla yeni texnologiyalardan istifadə edərkən təhlükəsizliklə bağlı yeni problemlər yarana bilər. Lakin məncə, bütün bu çətinlikləri dəf etmək mümkündür”, – Çin istehsalçısının Direktorlar Şurasının sədri “New Economy Forum” konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bazar iştirakçıları beşinci nəsil mobil rabitə şəbəkələrinin inkişafında açıq və üstünlük təşkil edən yanaşmadan istifadə edərək birlikdə fəaliyyət göstərməlidirlər.
O vurğulayıb ki, çoxtərəfli əməkdaşlıq sayəsində müxtəlif tərəflərin tələbatını ödəmək mümkün olacaq. “5G” texnologiyası müxtəlif bazarları dəyişərək telekommunikasiya sahəsi üzrə tədarük zəncirində yeniliklər üçün əsas olacaq.
Dünyada dördüncü ən böyük telekommunikasiya avadanlığı tədarükçüsü hesab edilən “ZTE” bütün dünyada “5G” avadanlıqlarının quraşdırılmasını sürətləndirərək Çində mövqelərini möhkəmləndirib. Belə ki, şirkət “5G” sahəsində 35 kommersiya sazişi imzaladığı halda iyunda bu göstərici 25 olub.
Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Nizam Nuriyev