Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2024 14:12
Azərbaycan Dövlət Akademik Milli Dram teatrının dəhlizlərindən ötüb Bəsti Cəfərovanın qrim otağına yollananda səhnədən aktyorların səsini eşitdim. "İblis və..." tamaşasının məşqləri gedirdi. Düşündüm, bu sütunlara, dəbdəbəli naxışlara, gur işıqlı çilçıraqlara ruh verən səhnədəki səslərdir. 46 ildir öz nəfəsi ilə bu soyuq divarları isidənlərdən biri də Xalq artisti, sevilən aktrisa Bəsti Cəfərovadır. Onunla söhbətə cəsarətlə başladım, zabitəsi və ciddiliyinə uduzmaq olmazdı.
İndi söz səhnəsində ikimizik: o və mən...
Sonxeber.net APA-a istinadla Xalq artisti Bəsti Cəfərova ilə müsahibəni təqdim edir:
Onu görər-görməz rejissor Oqtay Mirqasımovun eyniadlı filmindəki rolunu xatırlayaraq deyirəm:
- "Günaydın, mələyim!"
- Günaydın... (gülümsəyir)
- Bu filmdən sonra ekranda demək olar ki, görünmədiniz. Adətən teatr aktyor-aktrisalarının çoxu populyarlıq qazanmaq naminə filmlərə, seriallara can atırlar. Sizi bundan çəkindirən nə oldu?
- Düzdür, aktyorları televiziya populyarlaşdırır. Ucqar kəndlərdə, rayonlarda yaşayanların teatra gəlib-getmək imkanları nadir hallarda olur. Aktyorların simaları, istedadları televiziya vasitəsilə onların yaddaşına həkk olur. Vaxtilə tele-tamaşalarda oynamışam. Məsələn, Aleksey Dudarevin "Astana", Mar Bajiyevin "Ər və arvad" tamaşası. "Solğun çiçəklər" televiziya tamaşası da çox məşhurlaşdı və indi də onun barədə danışılır. Amma sizə deyim ki, tamaşaçı tərəfindən qəbul olunmağımda, populyarlıq qazanmağıma ən əsas teatr tamaşaları kömək edib. O illərdə AzTV-nin "Yeni tamaşalar" rubrikası çərçivəsində teatrda oynanılan tamaşalardan epizodlar yayımlanırdı. Televiziya tamaşaçılarının teatrdakı yeni tamaşalardan, simalardan xəbəri olurdu.
- "Günaydın, mələyim"də gənc aktrisanı sıxışdıran hegemon, qəddar aktrisa rolunu canlandırırsınız. Təzə-təzə sənətə gələndə özünüzə qarşı həmin münasibəti görmüşdünüz?
- 1978-ci ildə Akademik Milli Dram Teatrının ovaxtkı baş rejissoru Tofiq Kazımov Əkrəm Əylisinin "Quşu uçan dağlar" tamaşasında oynamaq üçün məni teatra dəvət etdi. O zaman mən İncəsənət İnstitutunun üçüncü kursunda oxuyurdum. Tamaşaya kənardan dəvət olunan yeganə aktrisa mən idim. Məmmədrza Şeyxzamanov, Mirvari Novruzova, Həsənağa Turabov, Səməndər Rzayev, Hacı İsmayılov, Yaşar Nuri, İlham Namiq Kamalla bərabər həmin tamaşada çıxış edəcəkdim. Şeyzamanovla Mirvari xanım daha yaşlı nəsil, Turabovgil orta nəsil sayılırdı və xoşbəxt idim ki, nəsillərin müştərək işində mənim də adım var idi. "Quşu uçan dağlar"dan sonra orta nəsli demirəm, amma yaşlı nəsil məni özününkü kimi qəbul etdi, doğma münasibət göstərdi. Birinci tamaşadan sonra mənə müxtəlif tamaşalarda rollar verdilər. Bilirdim ki, institutu bitirəndən sonra teatr təyinatımı tələb edəcək. Belə də oldu, həmin vaxtdan doğma teatrdayam.
- Orta nəsil aktrisalarla nə problem yaşayırdınız ki?
- Desəm ki, kimsə mənimlə xüsusi intriqa aparırdı, yalan olar. Amma bir az soyuqluq hiss edirdim.
- Sizdən bir nəsil yuxarı aktrisaların içində ən üzdə olanlardan biri Amaliya Pənahova idi. Deyəsən, onunla da aranızda nəsə yaşanıb...
- Allah rəhmət eləsin Amaliya xanıma. Bəli, mən teatra təzə gələndə orta nəslin ən parlayan siması o idi. O, öz rollarını oynayırdı, mənə başqa tamaşalarda müxtəlif rollar verirdilər. İlyas Əfəndiyevin "Büllur sarayda" tamaşasında biz iki bacını oynayırdıq. Əvvəllər aramızda soyuq yellər əsirdi. İllər keçəndən sonra mehribanlaşdıq. Onun yaradıcılığını həmişə çox sevmişəm.
- Bəs Bəsti Cəfərova özü gənc aktrisaları ürək genişliyi ilə qarşılamağı bacardımı?
- Heç vaxt heç kimlə rəqabət aparmamışam. Ümumiyyətlə, rəqabət sözünü qəbul etmirəm. Rəqabət iki idmançı arasında ola bilər ki, finişə kim tez çatacaq. Allah səhnə adamlarına müəyyən dərəcədə istedad verib və hər kəsin yaradıcılıq xüsusiyyəti fərqlidir. Bu prosesə daim şüurlu yanaşmışam. Teatra təzə gələn vaxtlardan bilirdim ki, həmişə belə cavan qalmayacağam, illər keçəcək, mən də müxtəlif mərhələləri geridə qoyacağam və teatra yeni aktrisalar gələcək. Özümə qarşı görmədiyim aqressiyanı niyə gənc aktrisalara göstərməli idim? Mən teatra 40, 45, 65 yaşında gəlməmişəm, 19 yaşında gəlmişəm. 45 yaşıma qədər saysız-hesabsız gənc obrazları canlandırmışam. Bilirdim ki, həmin yaşdan sonra cavan rolları oynasam, yaxşı görünməz. Gənclik səhnədə gözəllik deməkdir. Necə ki, biz cavan olanda müxtəlif nəsillərin müştərək işi var idi, indi də eyni cür olmalıdır. Mənim yanımda orta yaşlı, onun yanında daha gənc aktrisa və aktyor görünməlidir. Teatrı sevən insan heç nəyi aqressiya ilə qəbul etməməlidir. 2004-cü ildə pedaqoji fəaliyyətə başlamışam, 20 ildir gənclərin arasındayam. Mənim onlarla heç bir problemim ola bilməz. İllər ötür, yaş üstünə yaş gəlir, nə vaxtsa mən də bu teatrdan gedəcəyəm, ya sağ ikən, ya da həyatla vidalaşanda...
- Deməli, lazım olsa, ərizə yazıb getmək də olar...
- Əlbəttə, ərizə yazıb getmək də olar. Amma əgər teatra lazımsansa, niyə də qalmayasan...
- Gənc aktrisalarla münasibətlərinizin yaxşı olduğunu qeyd etdiniz. İllər əvvəl Azdramanın gənc siması Rada Nəsibova ilə münaqişəniz mətbuatda tirajlanırdı. Yazırdılar ki, səhnədə Rada xanıma çəkələk tullamısınız. Həmin vaxtlar heç bir açıqlamanıza rast gəlmədik. Gənclərə belə humanist yanaşan Bəsti xanımın adı niyə bu mübahisədə hallanırdı?
- O vaxt bu məsələni süni şəkildə şişirtdilər. Sizcə, mənim statusuma, adıma-sanıma yaraşarmı belə bir şey? İndi də münasibət normaldır, "salam-əleyk"imiz də var. İndi siz gedib həmin gənc aktrisaya bu barədə sual versəniz, o özü də deyər ki, belə bir şey olmayıb. Gənc olanda öz yaşıdımla aramızda hansısa münaqişə yaşanardı. Amma necə ola bilər ki, mən bu yaşımda gənc aktrisaya çəkələk tullayam?!.. Münaqişə "Nazirin xanımı" tamaşasında baş vermişdi. Deməli, aktrisa kimi bir tapıntım var idi; mən Jivka obrazını canlandırırdım. Jivkanın əri nazir olmamışdan qabaq sadə məişət qadını idi. Övladları onu tez-tez əsəbiləşdirirdi. Nazirin xanımı olandan, dəbdəbəli həyat yaşamağa başlayandan sonra da köhnə adətləri başında qalmışdı. Jivka əvvəlki kimi öz çəkələklərini götürüb övladının arxasınca qaçırdı. Mən improvizə edərək çəkələyi övladıma tullayırdım. Çəkələyi gənc aktrisaya tullamağım böhtan idi. Narazılıq isə tamam başqa bir şeyə görə yaranmışdı. Rada Nəsibova qulluqçu rolunu oynayırdı. Biz səhnədə olan zaman mətnə uyğun olmayan sözlər işlətmişdi. Təbii ki, səhnədə heç nə demədim, təmkinlə yekunlaşdırdım. Sonra tamaşanın rejissoruna dedim ki, mən həmin aktrisa ilə səhnəyə çıxmayacağam. Yoxsa ki, çəkələk tullayım, ya başqa bir şey... boş söhbətdir. Sənətdə adı olub, özü olmayan insanlar mənim əleyhimə "qara piar" apardılar. Təkcə bu söhbət olmayıb, çox şey olub. Həmin ərəfələr universitetdə işlərim çox idi, dissertasiyamın müdafiəsi ərəfəsindəydim, tələbələrlə tamaşalar hazırlayırdım. Bir tərəfdən də əleyhimə olan söhbətlər... Heç vaxt yaşca kiçik aktrisa ilə intriqa aparmağı özümə rəva bilmərəm.
- Həsənağa Turabov Azdramanın direktoru olan zaman bəzi yaşlı aktyor-aktrisaları təqaüd yaşlarına çatdıqlarına görə, teatrdan uzaqlaşdırdı. O illəri necə xatırlayırsınız?
- Günün birində eşitdik ki, Həsənağa Turabov Mirvari Novruzova, Məhluqə Sadıqova və Muxtar Avşarovu çağırıb, deyib ki, gənclərə yer vermək lazımdır. Həmin hadisə teatrda xoşagəlməz ab-hava yaratmışdı. O vaxt da belə düşünürdüm, indi də belə düşünürəm: yaşlı aktyor-aktrisaları teatrdan təcrid etmək olmaz. Onlar da gənc ikən bu teatra gəliblər, ömürlərini səhnəyə qurban veriblər. Özü də həmin vaxtlar rol oynamağa çox həvəsli idilər. Təsəvvür edin, birdən-birə balığı sudan quruya atırsan, bu da ona bənzəyir. Sağ olsun, Amaliya xanım onları Bələdiyyə Teatrına çağırdı və ikinci həyat bəxş etdi... Bir sözlə, aktyoru incitmək olmaz. Məncə, məsələ təkcə Turabovluq deyildi. Yoxsa, o boyda sənətkarlara niyə düşmən kəsilsin ki?!
- Bəlkə, Turabov o vaxt həmin addımı atmasaydı, siz gənclərə yol açılmazdı? Bəlkə, indi də belə islahatlara ehtiyac var? Yeri gəlmişkən, bəzi teatrlarda yaşlı aktyor-aktrisalarla "vidalaşma"lar baş verir.
- Bu teatrda heç kim heç kimin yerini tutmur. Görürsən səhnəmizi? Səhnə böyükdür, teatrda hər bir aktyora yer var.
- Bəzən yaşlı aktyor-aktrisalar yaşlarından cavan rolları canlandırırlar. Bu da ayrıca söz-söhbətə səbəb olur. Deyirlər, gənclərə imkan verilmir...
- Heç vaxt elə olmayıb. Sənətimə söz deyə bilməyən şəxslər yaş məsələsini əlində bayraq ediblər. Sanki yaş məsələsi aktyorların baş qaxıncı olub. Mən 65 yaşında doğulmamışam ki?! 19 yaşında gənc, gözəl idim, məni sevirdiniz, indi yaşlanmışam deyə atmalısınız?! Bu prosesi süni şəkildə istiqamətləndirmək lazım deyil, onsuz da zamanın hökmü ilə nəsillər dəyişir. O vaxtlar zəhmət haqqı kağızına qol çəkib maaş alırdıq. Mən bu teatra gələndə həmin siyahıda adım axırlarda idi, məndən əvvəl 60-a yaxın yaşlı aktyor-aktrisa var idi. 20-25 il ərzində həmin siyahının ortalarına çatdım. Yəni, təbii olaraq yaşlı nəsil dünya ilə vidalaşır. Onsuz da ölüb gedirik də... Bizdən yaşlı iki nəfər qalıb - Hacı İsmayılov, Rafiq Əzimov, Allah hər ikisinə ömür versin... Ağasadıq Gəraybəyli 94 yaşında "Əliqulu evlənir" tamaşasında səhnəyə çıxıb, tərəf müqabili olmuşuq.
- Mərhum rejissor Vaqif İbrahimoğlu ilə də yaradıcılıq əlaqələriniz olub. Halbuki o tamam fərqli rejissor düşüncəsinə sahib idi.
- Azdramaya təyinatımı alandan sonra Vaqif İbrahimoğlu məni Rəsul Rzanın "Qanun" adlı pyesi əsasında ssenariləşdirilmiş televiziya tamaşasının məşqlərinə dəvət etdi. Mən institutda tamam başqa məktəb keçmişdim. Vaqif İbrahimoğlu isə tamam fərqli metodlarla işləyirdi. "Tədris" teatrının nəzdində "Eksperimental" teatr yaratmışdı. O mənə dedi ki, gəl, mənim teatrımda məşq elə, bu sənin üçün yaxşı olacaq. Razılaşdım və məşqlərə qoşuldum. O vaxtlar elə bilirdim Vaqif məndən 20-25 yaş böyükdür. Sonralar universitetdə müəllim işləyən zaman Elmi Şuranın iclasında məni 50, Vaqifi 60 yaş münasibətilə təbrik edəndə bildim ki, bizim, cəmi, 10 yaş fərqimiz var... Hərdən ondan məsləhət istəyirdim, çox pis vaxtlarda mənəvi dəstək olurdu. Onunla dostluğumuz yaradıcılıq müstəvisində də uğurlu oldu. Vaqif mənə Ekzüperinin "Balaca şahzadə"sində üç rol - fənərçi, çöl çiçəyi və qızılgül rollarını həvalə etdi. Baş rol da verə bilərdi, amma dedi ki, sən onsuz da Azdramada baş rolları oynayacaqsan, sənə aktrisa kimi "sınmaq" lazımdır... "Tədris" teatrında Vaqif İbrahimoğlunun "Mən Dədə Qorqud" tamaşasında da oynamışam. 1981-ci ildə Xalq yazıçısı Anarın "Səhra yuxuları" tamaşasını qurmaq üçün Vaqifi Azdramaya dəvət etdilər və o həmin tamaşada mənə də rol verdi. 1989-cu ildə Həsənağa Turabov Vaqifə imkan yaratdı, 4-cü səhnədəki böyük məşq zalımızı ona verdi və o, "Yuğ" teatrının əsası qoydu və mən paralel olaraq, "Yuğ"da işə başladım. Bir mövsüm "Yuğ"da "Heydərbabaya salam" tamaşasında oynadım. Vaqif mənə dedi ki, Azdramada ştatdan ayrıl, bütün gücünü "Yuğ"a həsr et. Razılaşmadım, ənənəvi teatr mənim üçün doğma idi. Vaqif müəllimin tamaşalarının fəlsəfi qatı dərin idi. Amma mən onların içində olmuşdum deyə, hər şeyi başa düşürdüm. Bununla belə, mən "Yuğ"çu olmadım...
- Azər Paşa Nemətovla da aranızda soyuqluq olub...
- Yox, hər şey göründüyü kimi deyil. Biz heç vaxt Azər Paşa Nemətovla eyni tamaşada işləməmişik. Amma bir sənətkar kimi onun mənə böyük hörməti olub. İstəyirdim, 60 illik yubileyim münasibətilə bir tamaşa qurulsun. Azər Paşa müəllimin niyə buna razılıq vermədiyini də bilirdim... Könlümü almaq üçün yubileyimdə müxtəlif jestlər elədi... Bəlkə də, mən onun aktrisası deyildim. Ona demişdilər ki, Bəsti Cəfərova oynadığı tamaşalarda özü rol bölgüsü aparır. Amma qəti belə deyildi. Həmişə deyirdi ki, gərək, bir dəfə sənlə hansısa tamaşada işləyim, amma iki qoçun başı bir qazanda qaynamaz... İndi də onu min rəhmətlə yad edirəm. Mənim üçün Azər Paşa Nemətov heç vaxt düşmən mövqedə olmayıb.
- Mehriban Ələkbərzadə ilə münasibətləriniz necədir?
- Mehriban xanımla əvvəl də münasibətlərimiz yaxşı olub, indi də eynidir. İkinci söhbət ola bilməz.
- Corc Qafarovla Mehriban xanım arasında yaranmış söz-söhbət, Corcun videoçıxışı barədə nə düşünürsünüz?
- O hadisə mənim yanımda olub - "Əsrə bərabər gün" tamaşasının məşqində. Corc çox istedadlı oğlandır, sevilən simadır, bizə hörmətlə yanaşır, xətrini də çox istəyirik. Amma gərək insan bir az səbirli olsun və ən əsas, işinə məsuliyyətli yanaşsın. Baxın, rejissor məşq edir. Aktyor da məşqə hazırlıqlı gəlməlidir. Sən hər dəfə hazırlıqsız gəlirsən, rejissor necə təmkinli olsun?.. Corcun videoçıxışı mənim heç xoşuma gəlmədi, ondan gözləməzdim. Deyir ki, o teatr mənə lazım deyil, mən o teatra lazımam. Mən vaxtilə bu teatra baş rolla gəlmişdim. İndiyə qədər bu sözü dilimə gətirməmişəm ki, mən Azdramaya lazımam. Çünki mən bu teatrdan çörək yemişəm. Bu teatra ömrünü qoyan insanlar var. Burada işləmək üçün ana teatrı sevmək lazımdır. İşlədiyin yerə xəyanət etməməlisən. Mən İlham müəllimdən də, Mehriban xanımdan da xahiş etmişdim ki, Corcu geri qaytaraq. Amma çıxışını görəndən sonra təəssüfləndim. İnsan işlədiyi yerə o cür nifrət, kin bəsləyə bilməz.
- Teatr Xadimləri İttifaqının üzvüsünüz?
- İndi yox.
- Öz ərizənizlə çıxmısınız?
- Heç ərizə də yazmamışam.
- Səbəb nədir?
- Uzun müddət ittifaqın üzvü olmuşam. 1996-cı ildə oynadığım "Hökmdar və qızı" tamaşası "Dərviş" mükafatına təqdim olundu, sonra birdən-birə namizədlər arasından çıxarıldı. 2000-ci ildə "Poçt şöbəsində xəyal" tamaşasını da "Dərviş" mükafatına göndərdilər. Mən mükafat almayım deyə, nominasiyanın adını dəyişdilər. 2002-ci ildə "Fedro" tamaşası da eynilə mükafata təqdim edildi. O tamaşanın adını belə çəkmədilər. Bir, iki, üç... Yubileyimdə də biganəlik... İttifaq kimlərəsə "Sənətkar" medalı verdi. Amma Bəsti Cəfərovaya yox. Əgər Teatr Xadimləri İttifaqı məni görmürsə, mən orda niyə qalmalıyam?
- Azərbaycan teatrının gələcəyi ilə bağlı nə düşünürsünüz?
- Teatrın gələcəyi ilə bağlı nikbinəm. Potensiallı tələbələr də var. Millətimizin balaları istedadlı, göyçəkdirlər. İstedadlı tələbə gərək yaxşı teatrlarda səhnəyə qədəm qoysun ki, inkişaf etsin, səhnənin simasına çevrilsin. İndiki kursumda 16 nəfər var, istedadlıdırlar. Amma onların hamısı teatra gəlib çıxacaqlarmı?! Digər tərəfdən, kurs rəhbərinin tələbələri istiqamətləndirməyindən çox şey asılıdır.
- Qızınız Fidan Cəfərova da sizin izinizlə davam etdi, amma daha müasir, qəliblərə sığmayan üslubla...
- Qızımın ən böyük pərəstişkarı özüməm, bütün verilişlərinə baxıram, tənqidi fikirlərimi də açıq deyirəm. O, öz zəmanəsinin nəbzini tutmağı bacarıb. Fidanı çərçivəyə salmağa çalışmamışam. Bilirəm ki, ağıllıdır, tərbiyəlidir. Qalan məsələləri o məndən yaxşı bilir. Azdramada üç tamaşada oynayıb. İndi də "Qətibə İnanc" tamaşasında mənimlə tərəf müqabilidir, gənc Qətibəni canlandırır.
- 65 illiyiniz münasibətilə hansı tamaşa qurulur?
- Vilyam Şekspirin "Maqbet" əsəri əsasında hazırlanan "Ledi Maqbet" tamaşasının məşqləri gedir. Rejissoru Nicat Kazımovdur.
- Əkrəm Əylislinin "Daş yuxular"ından sonra bioqrafiyanızın onun adı ilə başladığına görə narahat oldunuzmu?
- Bu mənim taleyimdir. Mən öz bioqrafiyama qarşı çıxa bilmərəm. Son 10-15 ildə yaranmış məsələyə görə 40 il əvvəlki hadisənin üstündən xətt çəkmək olmaz. Müsahibələrimdə də ilk səhnə işim kimi Əkrəm Əylisinin pyesinin adını çəkirəm, çünki bu, faktdır. Faktı necə dəyişdirmək olar?!
- Kitab oxuyursunuz?
- Əlbəttə. Son vaxtlar tədrislə bağlı akademik-elmi kitabları daha çox oxuyuram. Bədii ədəbiyyatdan isə mütəmadi olaraq pyesləri mütaliə edirəm. Həm klassiklərdən, həm də müasirlərdən dram əsərləri oxuyuram. Tələbələrin kurs işinə əsər seçmək üçün daha çox pyeslə tanış olmaq vacib məsələdir.
- Yorulmusunuz?
- Səhnəyə çıxmaqdan yorulmamışam. Amma yaş etibarilə yorğunluq var.
- Niyə peşmansınız?
- Heç nədən peşman deyiləm.
- Müsahibələrin birində sizə sual verilir ki, peşmansınız? Siz isə "bilmirəm" deyə cavab verirsiniz. Tərəddüd varsa, deməli, peşmanlıq hissi sizə yad deyil.
- Bu bir aktrisa həyatı idi və öz seçimim idi. İndi təəssüflənsəm ki, vaxtında filankəsə ərə gedərdim, rahat yaşayardım, bu problemli həyatdan imtina edərdim, 90-cı illərdə Türkiyəyə getmişkən, gərək, qayıtmazdım... Nə dəyişəcək? Bəlkə, həyatın mənası bu problemlərdədir? Mən Azdramadan kənarda xoşbəxt ola bilməzdim.
- Sizinlə həmsöhbət olmaq maraqlı idi.
- Minnətdaram...
O zabitənin və ciddiyyətin arxasında dayanan insanpərvərliyi hiss etdiyim üçün Bəsti Cəfərovadan məmnun ayrıldım. Bizim səhnəmiz bitdi. O isə növbəti tamaşanın məşqinə hazırlaşırdı...