Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Salih Yılmaz: TANAP Azərbaycan qazının Türkiyə və Avropaya nəqli üçün böyük imkanlar açacaq

Salih Yılmaz: TANAP Azərbaycan qazının Türkiyə və Avropaya nəqli üçün böyük imkanlar açacaq

Tarix: 2 Dekabr 2019 16:57

Bakı. Trend:

Trans-Anadolu qaz kəmərinin (TANAP) işə salınması Azərbaycan qazının Türkiyə və Avropaya nəqli üçün böyük imkanlar açacaq.

Bunu Trend-ə türkiyəli ekspert Salih Yılmaz deyib.

O bildirib ki, TANAP-ın açılışı Türkiyənin enerji təhlükəsizliyini möhkəmləndirəcək:

“Türkiyə üçün layihə o baxımdan maraqlıdır ki, birincisi, ölkə ildə 6 milyard kubmetr Azərbaycan qazı əldə edəcək, ikincisi bu, tədarükün təhlükəsizliyini təmin edəcək. Bu layihə həm də Avropanın marağındadır”.

Ekspertin sözlərinə görə, TANAP Azərbaycan, Türkiyə və Avropa İttifaqı arasında iqtisadi və siyasi əməkdaşlığın genişlənməsinə xidmət edəcək:

“Hesab edirəm ki, Azərbaycan TANAP və ümumilikdə Cənub Qaz Dəhlizi sayəsində Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verəcək. Ona görə də Trans-Anadolu qaz kəmərinin tikintisinin başa çatması TANAP Azərbaycan, Türkiyə və Avropa üçün tarixi hadisədir”.

Qeyd edək ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi keçirilib.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Eskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Salih Yılmaz TANAP Azərbaycan qazının Türkiyə Avropaya nəqli üçün böyük imkanlar açacaq


RƏYLƏR