Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda seçki gərginliyi: Qərbin müdaxilələri və planları

Gürcüstanda seçki gərginliyi: Qərbin müdaxilələri və planları

Tarix: 11 Oktyabr 2024 10:22

"Hər şeydən əvvəl qeyd edək ki, parlament seçkiləri ərəfəsində Gürcüstanda hər gün siyasi gərginlik artmaqda davam edir".

Sonxeber.net xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında gürcüstanlı soydaşımız, Gürcüstanın "Əməkdar jurnalisti" Təhməz Təhməzov deyib.

O, bildirib ki, hətta təbliğat-təşviqat kampaniyaları zamanı bəzi bölgələrdə bir neçə dəfə qarşıdurmalar da yaşanıb: "Buna bənzər vəziyyət ötən seçkilərdə də müşahidə edilsə də, etiraf edək ki, oktyabrın 26-da keçiriləcək builki parlament seçkiləri ərəfəsində Gürcüstanda siyasi durum bir qədər fərqlidir. Bunun səbəbi isə Qərbin, daha çox isə ABŞ və Avropa İttifaqının hazırkı Gürcüstan iqtidarının ünvanına səsləndirdikləri bəyanatlardır.

Parlamentin sədri Şalva Papuaşvili bu barədə jurnalistlərə müsahibəsində bildirib ki, son bir ayda xarici siyasətçilər Gürcüstanla bağlı doxsandan çox tənqidi bəyanat veriblər. Belə bəyanatları ədalətsiz adlandıran parlamentin sədri bütün bunları həm də müxalifət partiyalarına dəstək kimi qiymətləndirib. Onun sözlərinə görə xaricdən maliyyələşən QHT-lərin fəaliyyəti göstərir ki, onlar seçki gününə deyil, seçkidən sonrakı günə hazırlaşırlar. Belə ki, bu seçkilərdə onlar uduzacaq, onun nəticələrini tanımayacaq: "Mən hamını gürcü xalqının seçimini qəbul etməyə çağırıram".

Gürcü arzusu seçki qərargahının rəhbəri baş nazir İrakli Kobaxidze də ölkəsini demokratik geriləmədə günahlandıran Qərbin bu addımlarını seçki prosesinə təzyiq kimi qiymətləndirib. O, hazırda hökumətin əsas vəzifəsinin bu seçkilərin demokratik qaydada baş tutmasını təmin etməkdən ibarət olduğunu bildirib.

Bu günlərdə oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə bağlı vətəndaşlar arasında ictimai rəy sorğusu da keçirilib. Sabah seçki keçirilsə, "hansı partiyaya səs verərsən?" sualına cavab verən seçicilərin 59,5%-i hakim gürcü arzusu partiyasına səs verəcəklərini ifadə ediblər. Sonda xatırladım ki, bu il ilk dəfədir ki, Gürcüstanda parlament seçkiləri proporsional sistem üzrə elektron qaydada keçiriləcək. Seçicilər növbəti dörd il müddətinə 150 deputat seçəcəklər".


Etiketlər:  Gürcüstanda seçki gərginliyi Qərbin müdaxilələri planları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ