Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Haniyənin üçaylıq xələfi...

Haniyənin üçaylıq xələfi...

Tarix: 17 Oktyabr 2024 23:16

Xəbər verdiyimiz kimi, HƏMAS lideri Yəhya Sinvar İsrail qüvvələri ilə toqquşma zamanı həlak olub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Sinvar Qəzza zolağında yeni münaqişə ocağını qığılcımlandıran 7 oktyabr hücumunun əsas təşkilatçısı olub.

Məhz buna görə İsrailin xarici işlər naziri İsrael Katz onun ölümünü "bir ildir davam edən ova son nöqtənin qoyulması" kimi şərh edib.

Lakin İsrailin "Kan" radiosu anklavın cənubunda baş verən bugünkü toqquşma ilə bağlı fərqli təfərrüatlar açıqlayıb.

Belə ki, məlumatlarda HƏMAS liderinin kəşfiyyat məlumatlarının toplanması nəticəsində deyil, təsadüfən öldürüldüyü qeyd olunub.

Həmçinin bildirilib ki, cəsədlərin üzərindən nağd pul və saxta şəxsiyyət vəsiqələri də aşkar edilib. Yəni, saxta kimliklər daşıyan 3 nəfərin əslində kim olduğu naməlum olub.

"Kanal 12" isə bildirir ki, əməliyyat bir tank bölməsi ilə işləyən bir piyada batalyonunun binaya qaçan bir qrup adamı müəyyən etməsi ilə başlayıb. Qüvvələr tank mərmilərindən istifadə edərək atəş açıb. Həmin şəxslər isə dağıntılar altında qalıb.

Yalnız cəsədlər müəyyən edildikdən və onlardan DNT nümunələri götürüldükdən sonra Sinvarın da onların arasında olduğu aydınlaşıb.

Onu da deyək ki, Sinvarı bu qədər önəmli edən məqamlardan biri də onun mükəmməl ivrit dili bilməsi olub.

O, İsrail həbsxanalarında keçirdiyi 20 ildən çox müddət ərzində ivritcəni "ana dili" kimi mənimsəyib.

Elə bu səbəbdən də HƏMAS-ın son bir neçə ildəki strategiyasının arxasında duran aparıcı qüvvəyə çevrilib.

61 yaşında həlak olan HƏMAS lideri Qəzzanın cənubundakı Xan Yunis qaçqın düşərgəsində doğulub.

Onun uşaqlıq dostları arasında İsrailin üç ay əvvəl hava hücumu zamanı öldürüldüyünü iddia etdiyi HƏMAS-ın hərbi komandiri Məhəmməd Deif və hazırda BƏƏ-də mühacirətdə yaşayan dünyəvi "Fəth" partiyasının nüfuzlu üzvü Məhəmməd Dahlan da var idi.

Bir məsələ də var ki, HƏMAS tərəfi hələlik liderlərinin həyatda olub-olmaması ilə bağlı heç bir münasibət bildirmir.

Qeyd edək ki, Y.Sinvar HƏMAS lideri İsmayıl Haniyənin iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində öldürülməsindən sonra hərəkata rəhbər seçilmişdi. 


Etiketlər:  Haniyənin üçaylıq xələfi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ