Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2019 14:27
Bakı. Samir Əli - Trend:
Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, hakim Faiq Qasımovun sədrlik etdiyi iclasda son söz deyən Hüseyn Abdullayev məhkəmədən barəsindəki hökmün ləğv edilməsini və bəraət verilməsini istəyib.
Proses dekabrın 10-da davam edəcək.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər - Namiq Balayev 4 il, Nazim Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Zeynəb Abdullayeva isə 4 min manat cərimə edilib.
İntiqam Süleymanova şərti azadlıqdan məhrumetmə cəzası verilib və məhkəmə zalından azadlığa buraxılıb. Ev dustaqlığında olan Z.Abdullayeva, H.İbrahimov, Z.Quliyev və P.Kazımova da şərti cəza verilib.
Rəsmi məlumata görə, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən, müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək, ümumilikdə, 1 milyon 374 min manat məbləğində gəlirlərin Cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib.
Hüseyn Abdullayevə hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.
Təqsirləndirilən şəxslərdən bəziləri Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır. Bu səbəbdən cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılıb.
İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin