Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa İttifaqının “binokl diplomatiyası” dövlət sərhədlərin toxunulmazlığı prinsipinə ziddir

Avropa İttifaqının  “binokl diplomatiyası” dövlət sərhədlərin toxunulmazlığı prinsipinə ziddir

Tarix: 29 Noyabr 2024 12:15

Polşa prezidenti Andjey Dudanın Avropa İttifaqının (Aİ) Ermənistandakı Missiyasının (EUMA) üzvləri ilə birgə Ermənistan-Azərbaycan sərhəd bölgəsinə səfəri beynəlxalq müstəvidə mövcud olan selektiv yanaşmalar və ikili standartların əyani təsdiqi olaraq, ölkəmizlə Aİ arasında olan etimadı sarsıdan  amilə çevrilib. 

Uzun illərdən bəri formalaşan beynəlxalq münasibətlər sisteminin bünövrəsini hüququn aliliyi, beynəlxalq ədalət, qarşılıqlı diplomatik nəzakət, post-münaqişələr dövründə beynəlxaq sülhün təşviqi və təhlükəsizliyin təmin edilməsi təşkil etdiyi halda, Avropa İttifaqının qurumları və birliyə daxil olan ayrı-ayrı üzv-dövlətlərdən Azərbaycana qarşı anlaşılmayan münasibətinin sərgilənməsinin şahidi oluruq.

Otuz ilə yaxın bir müddətdə davam etmiş və sil-silə beynəlxalq cinayətlər - soyqırım, insanlıq əlehinə cinayətlər və müharibə cinayətləri ilə müşahidə olunan Azərbaycan torpaqlarının işğalı zamanı Qərb dövlətləri tərəfindən Ermənistana beynəlxalq hüquqdan irəli gələn heç bir təzyiq edilmədi və heç bir sanksiya və ya silah embarqosu tətbiq olunmadı.

Baxmayaraq ki, BMT-nin əsas orqanlarından biri - Təhlükəsizlik Şurası Qarabağla əlaqədar dörd qətnamə qəbul etdi, onlar yalnız kağız üzərində qaldı və dövlətimiz onları döyüş meydanında icra edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.  

Burada sual olunur ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Ermənistanın sərhədi yaxınlığındakı Paruyr Sevak kəndində yerləşən EUMA məntəqəsinə ölkəmizin strateji tərəfdaşı olan Polşa prezidentinin baş çəkməsi nəyə xidmət edir? Xatırlatmaq lazımdır ki, 2022-ci ilin oktyabrında Praqada Azərbaycan razılıq vermişdi ki, qeyd edilən missiya 2 ay ərzində fəaliyyət göstərsin və onun tərkibinə istefada olan məhdud sayda hərbi zabitlər daxil olunsun. Azərbaycanla heç bir məsləhətləşmə aparılmadan, missiyanın müddəti uzadıldı və onun fəaliyyəti beynəlxalq münasiblərdə qəbul edilən siyası mədəniyyət qaydalarından çox-çox kənara çıxdı. Hazırda, Ermənistanla delimitasiya üzrə danışıqların aparılması dövründə dövlət sərhədinin demarkasiya olunmayan ərazilərinə baxış keçirilməsi ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönələn bir addımdır. Təcavüzkar və hazırda militarist siyasətini yürüdən Ermənistana dəstəyin nümayiş etdirilməsi sülh prosesinə ciddi şəkildə mənfi təsir göstərən amildir. Xatırlatmaq lazımdır ki, Avropa İttifaqının həyata keçirdiyi missiya dövründə şərti sərhəd bir neçə dəfə pozulub və silahlı toqquşmalarla müşahidə olunub. 

Azərbaycan Respublikasının dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası bütövlükdə regionda beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün əsas şərtlərdən biridir və heç kəs şübhə etməməlidir ki, ölkəmiz öz sərhədlərində möhkəmlənəcək.     

Nizami Səfərov
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


Etiketlər:  Avropa İttifaqının binokl diplomatiyası dövlət sərhədlərin toxunulmazlığı prinsipinə ziddir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ