Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2025 12:21
"İllərdir dövlət qulluğunda yüksək vəzifə daşıyan R.Mehdiyevin xəyanətkar U-dönüşü kifayət qədər suallar yaradıb".
Sonxeber.net xəbər verir ki, bunu açıqlamasında deputat Sevil Mikayılova söyləyib. O bildirib ki,
illərdir radikal ritorikası ilə yadda qalan, siyasi davranışlarında qeyri-ardıcıl və manipulyativ taktikalara geniş yer verən AXCP-nin də bu prosesə cəlb olunması cəmiyyəti haqlı olaraq hiddətləndirir:
"Son aylarda barəsində cinayət işi açılan Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ifşa olunan xəyanətkarlığı ictimai müzakirələrin mərkəzində qalmaqdadır. Məlumatlara görə onun "Dövlət Şurası" adlı qeyri-rəsmi bir struktur yaratmaq niyyətində olması barədə iddialar araşdırılır. Bu iddialarda həmin strukturun formalaşdırılması, iştirakçıların seçilməsi və paralel siyasi mərkəz qurmaq cəhdləri kimi məqamlar yer alır.
Rusiya-Ukrayna müharibəsi fonunda beynəlxalq sistemdə güc balansının dəyişməsi Cənubi Qafqazda da yeni siyasi arxitektura formalaşdırıb. Azərbaycan bu mərhələdə suveren ərazilərində nəzarətin bərpası, beynəlxalq hüququn əsas prinsiplərini tətbiqi və sülh gündəliyini irəliyə aparmaqla regionun aparıcı aktorlarından birinə çevrilib. Şübhə yoxdur ki, yeni geosiyasi reallıqlarda regional çəkisi ölkə kənar maraqların mərkəzindədir.
Lakin Azərbaycan hüquqi dövlətdir və burada məsuliyyət yalnız hüquq çərçivəsində müəyyən olunur. Keçmiş statuslar, siyasi keçmiş və hər hansı yüksək vəzifə şəxsə toxunulmazlıq verə bilməz. Mövcud proseslər də təsdiqləyir ki, dövlət potensial riskləri əvvəlcədən qiymətləndirir və ehtiyac yarandıqda preventiv mexanizmlər işə salınır.
AXCP-nin uzun illərdir qarşıdurma üzərində siyasi mövcudluğunu qorumağa çalışdığı açıq-aşkardır. Son günlərdə partiya rəhbərliyi ilə bağlı araşdırmalar barədə yayılan məlumatlar da siyasi fəaliyyətin müəyyən aspektlərində qaranlıq məqamların mövcud olması barədə suallar doğurur. Burada söhbət sıravi üzvlərdən deyil, məhz rəhbər strukturdan gedir, çünki hüquqi məsuliyyət məhz qərar verən instansiyaların fəaliyyəti ilə bağlıdır.
Cənubi Qafqazda son illərdə baş verən prosesləri bir çox analitiklər "Qafqaz baharı" kimi xarakterizə edir. Bu anlayış ərəb ölkələrində yaşanan siyasi silkələnmələrin daha yumşaq forması kimi, bölgədə müxtəlif aktorların lokal gərginliklər yaratmaq planlarına işarə edir.
Regionda artan geosiyasi rəqabət, informasiya müharibəsinin güclənməsi və müxtəlif siyasi qrupların xarici təsirlərə daha açıq olması bu riskləri dərinləşdirir. Azərbaycanda hökm sürən sabitlik və milli həmrəylik fonunda ölkədə belə cəhdlərin potensialı məhdud görünür, lakin radikal qüvvələrin zaman-zaman ortaya çıxan fəallığı preventiv monitorinqin aktuallığını artırır.
Bu mənada xaricdən informasiya dəstəyi alan və ya siyasi diskursunu regiondakı güc balansına uyğun şəkildə dəyişən qruplar dövlət təhlükəsizlik sisteminin diqqət mərkəzindədirlər.
Bəzi maraqlı dairələrin regionda ənənəvi olaraq "müxalifət kartı"ndan istifadə təcrübəsi mövcuddur. Azərbaycanın Qərb-Rusiya balansını qorumağa çalışdığı bir dövrdə daxili gərginlik yaratmaq cəhdləri üçün AXCP "uğurlu" vasitə kimi nəzərdən keçirilmiş ola bilər.
Bu kontekstdə hansısa siyasi təşkilatın xarici təsirlərə həssaslığı məhz təhlükəsizlik baxımından qiymətləndirilməlidir. Azərbaycanda siyasi sabitliyin qorumasının təhlükəsizlik strukturları qarşısında ümdə vəzifə daşıdığını nəzərə alsaq, belə qurumların qanunazidd fəaliyyəti diqqətlə monitorinq olunur.
Azərbaycanın təhlükəsizlik strategiyası daxili sabitliyin qorunması, siyasi mühitin balanslaşdırılması və dövlət institutlarına təhdid yarada biləcək addımların vaxtında müəyyənləşdirilməsi üzərində qurulub. Xarici təsirlərə açıq ola biləcək qrupların monitorinqi, radikal fəaliyyət meyllərinin hüquqi qiymətləndirilməsi və preventiv addımların atılması bu strategiyanın ayrılmaz hissəsidir.
Regionun dəyişən geosiyasi reallıqları fonunda Azərbaycanın sabitlik xətti daha da aktuallaşır və dövlət özünün prioritet hesab etdiyi milli təhlükəsizliyin təmin olunmasını daim ön planda saxlayır. Ona görə də, dövlətçiliyin sarsıdılmasına yönələn istənilən fəaliyyətlər ifşa olunur və nəticələri hüquq müstəvisində qiymətini tapacaqdır", - deyə o fikrini yekunlaşdırıb.