Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Afaq Bəşirqızı kimdir? – “Gizli sandığı” olan güclü qadın

Afaq Bəşirqızı kimdir? – “Gizli sandığı” olan güclü qadın

Tarix: 8 Dekabr 2024 08:15

Sonxeber.net lent.az-a istinadən " Bioqrafiya" rubrikasında aktrisa, Xalq artisti Afaq Bəşirqızı haqqında məlumat verir.

- Afaq Bəşirqızı harada və nə zaman anadan olub?

Afaq Bəşir qızı Səfərova 1955-ci ildə Bakı şəhərində anadan olub. 

- Afaq Bəşirqızı harada təhsil alıb?

1974-1979-cu illərdə İncəsənət Universitetində təhsil alıb. O, uzun illərdir ki, Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi çalışır.

- Afaq Bəşirqızı fəaliyyətinə hansı teatrda başlayıb?

Aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Əsasən komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşir qızı Səfərova, Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı "Söylü" obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Eyniadlı filmin xalq tərəfindən sevilməsində də aktrisanın xidmətləri böyükdür. 1989-cu ildə Afaq Bəşirqızı Azərbaycan Dövlət Akademik Musiqili Teatrına dəvət alıb və işlədiyi ilk gündən tamaşalarda baş və əsas rolları ifa edərək bir-birindən maraqlı obrazlar yaratmağa nail olub. 

- Afaq Bəşirqızının ən məşhur obrazları hansılardır?

Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Bunlardan "Bəxt üzüyü", "Evləri köndələn yar", "Yaşıl eynəkli adam", "Nekroloq" və.s. adlarını qeyd etmək olar. 

- Afaq Bəşirqızının hansı fəxri mükafatları var?

Afaq Bəşirqızı, 1989-cu ildə "Əməkdar artist", 1993-cü ildə "Xalq artisti" fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb. Prezident mükafatçısıdır. 2013-cü ildə "Şöhrət" ordeni 2015-ci ildə Prezidentin fərdi təqaüd ilə təltif olunub. 13 avqust 2015-ci ildə Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

- Son zamanlar səhnələrdə az görünən Afaq Bəşirqızı hansı xəstəlikdən əziyyət çəkir?

Afaq Bəşirqızı uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparıb.

-  Komik rolların ustası olan Afaq Bəşirqızı öz xarakteri barədə nə deyir?

"Harada sərtəm, harada mülayim. Yerinə baxır. Sərtəm. Həyat verib o tərbiyəni. Məni axı həyat tərbiyələndirib. Mən həyatda tək olmuşam. Ona görə də müəyyən hadisələrə baxanda demişəm ki, hə, deməli, belə olmaq lazımdır. Deməli, bir az sərt olmaq lazımdır. Amma ümumən, xasiyyətim mülayimdir. İnsana qarşı diqqətliyəm, mənə üz tutan adama qarşı heç vaxt diqqətsizlik etməmişəm. Hətta gücüm çatmayan iş olub ki, müraciət ediblər, daxilimdə demişəm ki, axı bunun mənə bir dəxli yoxdur, buna nəsə edə bilmərəm. Amma çox sağ olsunlar, müəyyən - hamıya şamil etmirəm - vəzifələrdə oturan insanlar ki var, insan oğulları, onlara həmin müraciətləri çatdıranda böyük köməklik göstəriblər" - deyə o, özü haqda bildirib.

- Afaq Bəşirqızı kiminlə ailəlidir?

O, Əhməd Təhməzovla evlidir. Səmral adlı bir oğlu, Bəşir və Əhmədpaşa adlı iki nəvəsi var.

- "Söylü" obrazı ilə populyarlaşan Afaq xanım  ona bənzədilməkdən bezir?

"Söylü" olmadım, "Söylü" qalmadım. Mənim "Bala başa bəla"da "Suğra"m var, digər obrazlarım var. Yəni mən sonrakı rollarımla yenə tamaşaçı yaddaşında qaldım" - deyə o bildirib.

- Afaq Bəşirqızı varlı xanımdır?

"İncəsənətdə pul yoxdur! Bunu hamı bilməlidir" deyə o, suala cavab verib.
Afaq xanım ən məşhur, ən sevilən bir aktrisadır. Bu məşhurluqdan, sevgidən dolayı özünün cəmiyyətə hər hansı təsir gücünün olduğunu düşünür? 
"O məsuliyyəti həmişə hiss etmişəm və təsir etməyə həmişə çalışmışam. Buna görə mənə "Robertina Sturua" deyirlər. Bilirsiniz, Robert Sturua (gürcü teatr rejissoru) Şekspirin "On ikinci gecə" pyesini hazırlayanda finala "İsanın zühuru" səhnəsini əlavə etmişdi və gözəl alınmışdı. Mən də hər tamaşamda bir problemə, məni düşündürən, narahat edən bir problemə bir cümlə ilə də olsa, bir baxışla da olsa vurğu etməyi özümə borc bilirəm"- o bildirib. 

- Kənardan çox güclü görünən Afaq Bəşirqızının zəif tərəfləri varmı?

O, bu suala belə cavab verib: "Haqqımda o qədər eşitdim ki, Afaq xanım çox güclü qadındır. Artıq bunu özümə bir xasiyyət kimi qəbul etdim və həyatımda şüara çevirdim. Hansı qadının zəif halları yoxdur, hansı qadın göz yaşından qaça bilir?! Elə bir qadın tanımıram, amma bütün bunlar hamısı Afaq Bəşirqızının gizli sandığında olur, o açılmır, onu heç kim görə bilmir".


Etiketlər:  Afaq Bəşirqızı kimdir Gizli sandığı olan güclü qadın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ