Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2024 23:52
Baku TV-də Azadlıq heykəlini yox edən, Böyük Çin səddinin içindən keçən, Niaqara şəlaləsindən qolları bağlı halda tullanan, Şərq Ekspresi vaqonunu yoxa çıxaran və dünyanın ən varlı illüziyaçısı olan Devid Kopperfild haqqında araşdırma yayımlanıb.
Sonxeber.net xəbər verir ki, Devid Set Kotkin 1956-cı il sentyabrın 16-da ABŞ-nin Nyu-Cersi ştatının Metaçen şəhərində dünyaya gəlib. Dörd yaşında ikən babası Devidə kartla fokus göstərir və uşaq dərhal onu təkrarlayır.
16 yaşında Devid həm sehrbazlıq dərsləri keçir, həm də Fordhem Universitetində təhsil alır. O, universiteti tərk edərək yalnız illüziya sənəti ilə məşğul olmağa qərar verir və 22 yaşında ABC kanalında "The Magic of ABC" adlı verilişdə çıxış edir.
İllüziya sənətini yeni səviyyəyə çatdırmaq istəyən Devid ilk olaraq yedditonluq təyyarəni yox edir. Daha sonra Amerikanın rəmzi olan Azadlıq heykəlini insanların gözü qarşısında yoxa çıxararaq Ginnesin Rekordlar Kitabına düşür.
1990-cı ildə zəncirlənmiş halda Niaqara şəlaləsinə atılan sehrbaz bu çətin fokusunu da mükəmməl şəkildə nümayiş etdirir.
2018-ci ildə onun məşhur "13 nəfərin yoxa çıxması" illüziyasında iştirakçılardan biri xəsarət aldığını bildirərək 400 min dollar təzminat tələb edir. Məhkəmədə D.Kopperfild fokusun təfərrüatlarını açıqlamaq məcburiyyətində qalaraq iştirakçıların köməkçilər tərəfindən səhnədən çıxarıldığını etiraf edir və məhkəmədə qalib gəlir.
"Forbes" jurnalının 2019-cu ildə apardığı araşdırmaya əsasən, 875 milyon dollarlıq sərvətə malik D.Kopperfild dünyanın ən zəngin sehrbazı olaraq reytinqin zirvəsində qərarlaşır.
D.Kopperfild dünyanın ən çox bileti satılan, böyük illüziyalar yaradan sehrbazı kimi 11 dəfə Ginnesin Rekordlar Kitabına düşüb. Onun bir çox fokusunun sirri açılıb. Məsələn, incə simlər vasitəsilə uçduğu və Azadlıq heykəlini işıqlandırma effekti ilə yoxa çıxardığı məlum olub. Lakin onun Böyük Çin səddindən keçmə illüziyası bu günə qədər heç bir sehrbaz tərəfindən təkrarlanmayıb.