Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Məclisdən Avropa Parlamentinin bugünkü qətnaməsinə CAVAB

Milli Məclisdən Avropa Parlamentinin bugünkü qətnaməsinə CAVAB

Tarix: 19 Dekabr 2024 19:09

Milli Məclis Avropa Parlamentinin 2024-cü il 19 dekabr tarixli qətnaməsinə münasibəıt bildirib.

Parlamentdən Sonxeber.net-a bildirilib ki, Avropa Parlamentinin 2024-cü il 19 dekabr tarixli plenar iclası ölkəmizə qarşı növbəti qətnamənin qəbulu ilə yadda qaldı.

"Qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif edilir, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatına siyasi don geyindirilməyə cəhd göstərilir.

Azərbaycanda bütün əsas hüquq və azadlıqların tam şəkildə təmin edildiyi, o cümlədən qanunvericiliyin tələblərinə riayət edilməsinin zərurət olduğu bir gerçəklikdir. Belə olan halda, Avropa Parlamentinin ölkəmizin daxili işlərinə müdaxilə edən bu sənədi başqa məqsədləri ön plana çıxarır.

Bu qətnamə Azərbaycana qarşı xeyli müddətdir davam edən iftira və böhtan kampaniyasının tərkib hissəsi olduğu şübhə doğurmur. Xüsusən, süni şəkildə yaradılmış bütün əngəlləri dəf edərək, iqlim dəyişmələri ilə mübarizədə dünya ictimaiyyətinin səylərini birləşdirməyə nail olan ölkəmizin əldə etdiyi uğurlar fonunda bu kampaniyanın müxtəlif "elementlər"lə zənginləşdirilərək daha da genişləndiriləcəyi gözlənilən idi.

Bu mənada, Azərbaycanofob, türkofob və islamofob qüvvələrin cəmləşdiyi Avropa Parlamenti də bu kampaniyaya mütləq öz "töhfəsini" verməli idi. Qəbul edilmiş qətnamənin nə dərəcədə qərəzli olduğunu anlamaq üçün təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ölkəmizin ərazisində insanlıq əleyhinə cinayət törətməkdə təqsirləndirilən keçmiş separatçı rejimin nümayəndələri və terrorçular bu sənəddə "erməni hərbi əsirlər" kimi təqdim olunur.

Müşahidələr onu göstərir ki, Fransa, Ermənistan və erməni lobbisinin sifarişlərinin dərhal icrası bu gün Avropa Parlamentinin siyasi simasının xarakterik cizgisidir. Nəticə etibarilə, bu cür qətnamələr ölkəmizə qarşı irəli sürülən gizli gündəliklərin, reallaşdırılmağa çalışan siyasi maraqların əsl mahiyyətini tam şəkildə ortaya qoyur.

Avropa Parlamentində aparılan müzakirələr və qəbul olunan sənədlər digər ölkələrin daxili işlərinə kobud müdaxilə alətinə çevrilibdir. Lakin bu qurum özünün qeyri-obyektiv mövqeyinin və saxta məlumatları rəsmiləşdirən qətnamələrinin artıq heç bir maraq doğurmadığını yaxşıca dərk etməlidir.

Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin qeyri-obyektiv və qərəzli qətnaməsini qəti şəkildə rədd edir. Hesab edirik ki, ciddi problemlərlə üzləşmiş Avropa qitəsinin bu gün öz qanunvericilərinin həmin problemlərin həllinə diqqət yönəltməsinə daha çox ehtiyacı var", - parlamentdən qeyd edilib.


Etiketlər:  Milli Məclisdən Avropa Parlamentinin bugünkü qətnaməsinə CAVAB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ