Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2019 10:28
Bakı. İlhamə İsabalayeva – Trend:
Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü Yardımlı rayonunun daha da gözlılləşməsinə səbəb olacaq.
Bunu Trend-ə Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Xamiyev deyib.
Onun sözlərinə görə, Yardımlı rayonu yaşıllıqla çox geniş əhatə olunub. Lakin yeni ağacların əkilməsi Yardımlının yaşıllıq zonasını genişləndirməklə onun daha da gözəlləşməsinə səbəb olacaq. Bu, öz növbəsində Yardımlının ətraf mühitinin mühafizəsinə də müsbət təsir göstərəcək:
"Aksiya çərçivəsində Yardımlının mərkəzi küçəsi olan Heydər Əliyev küçəsi boyunca sağ və sol tərəflərdə - 1 hektar ərazidə 3000 ağcaqayın ağacı əkilib və geniş yaşıllıq zolağı salınıb. Bu ağaclar çox tez inkişaf etdiyindən burada 2-3 ildən sonra demək olar ki, bir park əmələ gələcək. Bu da Yardımlını daha da gözəlləşdirəcək".
Qeyd edək ki, dekabrın 6-da Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi həyata keçirilib. Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkilib. Bütün ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib. Əkiləcək ağaclar arasında həm meşə cinsli, həm də meyvə ağacları olub. Kütləvi ağacəkmə tədbirinin keçiriləcəyi bir gündə əsasən xan çinarı, Eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, əncir, qovaq, şaftalı, gavalı, alma, cökə, qızılağac, saqqız, katalpa, çinar, nar və s. əkilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin