Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2025 21:06
22 yanvar 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikası və Lüksemburq Böyük Hersoqluğu Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Xarici İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Lüksemburq nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər Nazirliyinin Siyasi departamentinin rəhbəri Veronik Dokendorf rəhbərlik edib.
Məsləhətləşmələr zamanı Azərbaycan və Lüksemburq arasında siyasi sahədə əlaqələr müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb. Daha sonra iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.
Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün müvafiq müqavilə-hüquq bazasının inkişafının önəmi qeyd olunub.
Nazir müavini F.Rzayev ölkəmizin iqlim diplomatiyası səyləri, Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, sessiya çərçivəsində əldə olunan nailiyyətlərdən danışıb.
Görüşdə postmünaqişə dövründə bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Tərəflər arasında həmçinin regional və beynəlxalq məsələlər, eləcə də birgə maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.