Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2025 15:14
ABŞ Prezidenti Donald Tramp və onun milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts Milli Təhlükəsizlik Şurasında (MTŞ) genişmiqyaslı islahatlara start verərək təxminən 160 əməkdaşı müvəqqəti olaraq işdən kənarlaşdırıb.
Sonxeber.net "Associated Press"ə istinadən xəbər verir ki, bu əməkdaşlar kadr yoxlamalarının nəticələrini gözlədikləri müddətdə distant rejimdə çalışacaqlar. Ağ Evin MTŞ üzrə rəsmi nümayəndəsi Brayan Hyuz bu addımın məqsədinin Prezident Trampın "America First" siyasətinə tam sadiqliyi təmin etmək və vergiödəyicilərinin vəsaitlərindən daha səmərəli istifadəni hədəflədiyini bildirib.
İslahat çərçivəsində əməkdaşların öz baza agentliklərinə qaytarılması planlaşdırılır ki, bu da MTŞ-nin daha çevik və səmərəli strukturunun formalaşdırılmasına xidmət edir. Proses əsasən Dövlət Departamenti, FTB və MKİ-dən müvəqqəti olaraq MTŞ-yə cəlb olunan və bir-iki il çalışan mütəxəssislərə şamil ediləcək.
"Associated Press" xəbərdarlıq edir ki, bu ixtisarlar MTŞ-nin ekspert potensialını zəiflədə və Yaxın Şərq, eləcə də Rusiya-Ukrayna münaqişəsi kimi mürəkkəb xarici siyasət məsələlərinin həllinə mənfi təsir göstərə bilər.