Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2019 11:44
Bir il öncə, 2018-ci ilin dekabrın 8-də AFFA İcraiyyə Komitəsi gözlənilmədən milli komandamızın baş məşqçisi Qurban Qurbanovu istefaya göndərib.
Qol.az xatırladır ki, Q.Qurbanovla yanaşı, U-21-in baş məşqçisi Rəşad Sadıqov, eləcə də aşağı yaş qrupu üzrə millilərə rəhbərlik edən bir çox digər məşqçilər (Zaur Həşimov və Azər Məmmədov) də vəzifələrindən azad edilib. Onların hər biri Qurban Qurbanovun komandasında yer alıb və bu məşqçiyə yaxınlığı ilə tanınırlar. Qərarı verilməsində bu amilin yüksək rol oynadığı ehtimal edilir.
AFFA-nın baş katibi Elxan Məmmədov həmin iclasdan sonra jurnalistlərə bildirib ki, qərarın verilməsinə Q.Qurbanovun iki işdə (milli və “Qarabağ”) işləməsi səbəb olub. Amma əsas səbəb kimi, milli komandanın Millətlər Liqasında qrupu ikinci yerdə başa vurması və final mərhələsinə adlaya bilməməsi göstərilir. Elxan Məmmədov o vaxt açıqlamasında bildirmişdi: “Bildiyiniz kimi, Qurban Qurbanov ötən il milli komandaya baş məşqçi təyin edilmişdi və o, eyni zamanda “Qarabağ”ı da çalışdırırdı. Nəticələr və fəaliyyətə baxıldıqdan sonra qərar qəbul edildi ki, fəaliyyətini bir işdə davam etdirsin və yığma komandanın baş məşqçisi kimi müqaviləsinə xitam verilsin. Bizim üçün “Qarabağ”ın beynəlxalq arenada və daxili çempionatda uğurlu çıxışı və gələcək inkişafı çox vacibdir. Başa düşürük ki, iki komandanın baş məşqçisi olmaq çox ağır yükdür. Ötən il İcraiyyə Komitəsi qərarı qəbul edərkən düşünürdü ki, bu yük və məsuliyyət elə də ağır deyil. Ancaq təcrübə göstərdi ki, 4 fərqli yarışda iştirak etmək çox çətindir. Buna görə də müqaviləyə xitam verildi”.
Bizdə olan məlumata görə, iki işdə işləməklə bağlı məsələ müzakirə olunarkən Q.Qurbanova millini və “Qarabağ”ı seçməsi ilə bağlı hər hansı təklif irəli sürülməyib.
İstefa qərarından bir müddət sonra Q.Qurbanov Qol.az-a müsahibəsində bildirmişdi ki, iki işdə işləmək onun fəaliyyətinə təsir etməyib.
Lakin AFFA rəhbərliyi, bəzi futbol mütəxəssisləri, eləcə də idman mediasının bir qismi əksini düşünüb və hesab edib ki, milllnin Millətlər Liqasında qrup səddini aşa bilməməsində əsasən Q.Qurbanovun eyni zamanda 2 komandanı çalışdırması əsas rol oynayıb.
Beləliklə, öndəcən Q.Qurbanovla uzunmüddətli müqavilə imzalandığı bildirilsə də, onun millidə fəaliyyəti cəmi 1 il çəkdi.
Qurbanov milliyə gətiriləndə AFFA prezidenti Rövnəq Abdullayev onunla 6 illlik müqavilə bağlandığını deyib. Qəribədir ki, o, istefaya göndərildikdən sonra isə qurumun baş katibi Elxan Məmmədov müqavilənin 3 il müddətini əhatə etdiyini söyləyib. Beləliklə, AFFA rəhbərliyindəki iki şəxsin eyni mövzu ilə bağlı fərqli vaxtlardakı açıqlamasında kəskin ziddiyyət ortaya çıxıb.
Nə dəyişdi?
Q.Qurbaov istefaya göndərildikdən sonra əsas milliyə xorvatiyalı Nikola Yurçeviç gətirildi. Təyinatdan bir müddət əvvəl qurumun baş katibi Elxan Məmmədov bildirmişdi ki, millinin hədəfi Avro-2020-yə vəsiqə qazanmaqdır. Lakin Yurçeviçin rəhbərliyi dönəmində də milli nəinki Avro-2020-yə vəsiqə qazandı, uğursuz çıxışı davam etdirdi və cəmi 1 xal toplamaqla qrupu yenə sonuncu yerdə başa vurdu. Bu, son 24 ildə milli komandanın ən uğursuz nəticəsi idi.
Eləcə də serbiyalı Milan Obradoviçin rəhbərliyi ilə U-21 millisi və digər aşağı yaş qrupları üzlə komandaların nəticələri acınacaqlı oldu və futbol ictimaiyyətinin narazılığı ilə qarşılandı. Komandaların həm nəticələri, həm də oyunu bir daha təsdiqədi ki, milli komandaların uğursuz nəticələri təkcə baş məşqçilərə bağlı məsələ deyil, problem daha dərindir. Ümumən qeyd etmək olar ki, nəticələrin acınacaqlı olmasına uşaq futbolundakı acınacaqlı durum, bölgələrdə futbolun olmaması, Premyer Liqada rəqabətin çox aşağı olması, klublar və AFFA-da lazımi idarəetmənin çatışmazlığı ilə əlaqədardır.
Deməli, bütün bunlar bir daha o zərurəti ortaya qoyur ki, gələcəkdə nornal nəticələrin olması üçün ölkə futbolunda köklü islahatlara ehtiyac var.