Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2019 14:16
Bakı. Trend:
Dekabrın 8-də Ağdam Muğam Mərkəzində “Qadına qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş və Azərbaycanda ilk dəfə həyata keçirilən qlobal “Ağ Lent” adlı kampaniyanın yekun tədbiri baş tutub.
Trend-in məlumatına görə, BMT Baş Assambleyasının 7 Fevral 2000-ci il tarixli qətnaməsi ilə 25 Noyabr “Qadına Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü” kimi qeyd edilir. Məhz bu günə görə hər il dünyanın bir çox ölkəsində maarifləndirmə məqsədilə yüzlərlə tədbirlər həyata keçirilir.
Bu münasibətlə 04-08 dekabr 2019-cu il tarixlərində “Ağ Ient” kampaniyası çərçivəsində Ağdam rayonunda “EPIC” layihəsinin sosial komponenti çərçivəsində fərqli yaş qruplarından olan insanlara qadınların potensialının artırılması, cəmiyyətdə rolunun gücləndirilməsi ilə bağlı təlimlər keçirilib.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Almaniya Federal İqdisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin Maliyyələşdirdiyi “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsi çərçivəsində Ağdam Muğam Mərkəzində “Ağdam Rayon İcra Hakimiyyəti” , “Human Foundation” və “Kənd Qadınları Assosassiyası” tərəfindən dəstəklənən tədbirin birinci hissəsində “EPIC” layihəsinin əməkdaşı Jalə Ələkbərova qonaqlara “EPIC” layihəsi çərçivəsində görülən işlər barəsində məlumat verib. Daha sonra “Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti”nin nümayəndələri Məhbubə Musayeva və İlkin Əliyev tərəfindən hazırlanan və yerli əhalinin iştirak etdiyi #SəndəDanış! adlı sosial çarx təqdim olunub.
Tədbirin ikinci hissəsində “Human Foundation”ın təşkil etdiyi “YOU CAN” (“SƏN BACARARSAN”) layihəsi Fəridə Əskərzadə, Lalə Novruzova və Nərmin İbrahimovanın çıxışları ilə baş tutdu. Həmçinin tədbir zamanı Kənd Qadınları Assossasiyası əməkdaşları tərəfindən “Qadının Gücü” adlı sərgi təşkil olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin