Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2025 10:18
Penitensiar Xidmətin müəssisələrinə başçəkmələr zamanı müxtəlif kateqoriyadan olan şəxslərin birgə saxlanılmasına rast gəlmək mümkündür.
Sonxeber.net xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, qanunvericiliklə əksi təsbit olunsa da, Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasına başçəkmələr zamanı ilk dəfə cinayət törətməkdə təqsirləndirilən şəxslərin əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmiş şəxslərlə, habelə yetkinlik yaşına çatmayan şəxsin yetkinlik yaşına çatanlarla birgə saxlanıldığı müşahidə edilib.
"2024-cü ildə də Bakıda və regionlarda yerləşən bir sıra müvəqqəti saxlama yerlərinə (MSY) başçəkmələr zamanı ilk dəfə cinayət törətməkdə şübhəli bilinən şəxsin əvvəllər azadlıqdan məhrum edilmiş şəxslə birgə saxlanılması halları aşkar edilib, bununla bağlı qanunvericiliyin tələbləri polis əməkdaşlarına izah edilib. Müəssisə rəhbərliyi və əməkdaşlarla aparılan izahat işləri zamanı bəzən onların qanunvericiliyin bu tələbi barədə məlumatlı olmadıqları müəyyən edilib.
Bəzi MSY-lərin kameralarında işıqlandırmaya, istiliyin verilməsinə, saxlanılan şəxslərin sayına görə oturacaqların olmasına, gəzinti yerinin beynəlxalq standartlara uyğun təşkil edilməsinə, açıq havada fiziki hərəkətlərin icrası üçün zəruri şəraitin yaradılmasına diqqət artırılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş tələb və standartların pozulması ilə əlaqədar nöqsan və çatışmazlıqlar daha çox Saatlı, Sabirabad, Siyəzən və Qax rayon polis şöbələrinin MSY-lərində müşahidə edilib", - deyə məruzədə qeyd edilib.
Əlavə edilib ki, xüsusən Abşeron, Binəqədi və Nizami rayon polis idarələrində saxlanılan şəxslərin vəkilləri ilə maneəsiz görüşmələrinin təşkilində problemlər qalmaqdadır.