Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2025 10:21
Tarixdə elə anlar olur ki, zəiflik cəsarət kimi təqdim olunur, çaşqınlıq - guya strateji kurs, siyasi ümidsizlik isə "xalq iradəsi" adı ilə cilalanır. İrəvanda da baş verən məhz belə bir andır. Ermənistan parlamentinin divarları arasında, qəsdən yaradılmış gurultulu hay-küy və saxta "tarixi missiya" təəssüratı fonunda bir qərar qəbul olundu ki, elə səhəri gün öz aktuallığını itirdi. Guya Ermənistan Avropa İttifaqına inteqrasiya yoluna qədəm qoyur. Kağız üzərində. Bəlkə siyasətçilərin başında da. Amma reallıqda? Bu sadəcə bir siyasi mimikriyadır - nə iradəsi var, nə imkanı, nə də gerçəkləşmək ehtimalı.
Sonxeber.net "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Bu "Avropaya inteqrasiya" nağılı o qədər çox miflərlə doludur ki, insanda günahkarın etirafına bənzər təəssürat yaradır. Güc yox, müttəfiq yox, iqtisadiyyat da yox... və birdən-birə başlayır danışmağa ki, "az qalıb, az qalır, bu zəngin və ədalətli dünyanın bir parçası olacağıq". Amma bu dünya qapıda onu gözləmir. Və özü də hələ köhnə öhdəliklərin, köhnə havadarların, köhnə qorxuların içində əlləri, ayaqları bağlıdır.
Paşinyanın başçılıq etdiyi Ermənistan hakimiyyəti real bir seçim etməyib. Sadəcə olaraq daxili auditoriyaya bir sümük atıb, siyasi impotensiyanı qərbyönlü bəyanatla kamuflyaj edib. Bu qanun Ermənistanın gələcəyi ilə bağlı deyil. Bu qanun bu günkü acı reallıqdan diqqəti yayındırmaq üçündür - ərazi gedib, müttəfiqlər gedib, inam da itib. İndi, bu itkilərdən sonra, sanki Avropa qapılarını yalnız şüar eşidən kimi açacaqmış kimi, ora dırmaşmaq istəyirlər.
"Demokratik yol" barədə deyilənlər isə xüsusilə ikiüzlü səslənir - o ölkənin dilindən ki, hələ də sovetdənqalma bataqlığın içində boğulur: klanlar, müxalifətə qarşı təzyiqlər, mağara təfəkkürlü millətçilik, zootiplə revanşizm, qondarma "şanlı keçmiş" mifləri, kasıblıq, işsizlik və siyasi arxaiklik... Brüsselin bəyanatları isə sadəcə bir diplomatik təzimdir - "Avropa kimi görünmək istəyən", amma əslində postimperial asılılıq qanunları ilə yaşayan rejimə yönəlik yüngül reverans.
Yox, Ermənistan Aİ-yə qoşulmur. Ermənistan sadəcə özünü bir daha aldadır. Daha dərin, daha təhlükəli şəkildə.
Bax belə, Ermənistan parlamenti qərar verdi: guya Avropaya inteqrasiya prosesində "ilk, amma rəmzi" addım atıldı. İkinci və son oxunuşda 64 deputat "lehinə", 7-si "əleyhinə" səs verdi - "Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinə başlamaq haqqında" qanun qəbul olundu. Qanun, hüquqi baxımdan, üzvlük üçün rəsmi müraciət demək deyil. Amma Paşinyanın siyasi kursunu nümayiş etdirmək üçün səhnəyə qoyulmuş növbəti aktdır.
Qəbul olunmuş sənədə əsasən, Ermənistan "Aİ-yə üzvlük prosesinə başladığını" bəyan edir. Bununla da guya "xalq iradəsi" rəsmiləşdirilir və məqsəd göstərilir: "təhlükəsiz, qorunan, inkişaf etmiş və firavan ölkə" qurmaq. Amma o qanunda birbaşa da yazılıb: üzvlük yalnız ümumxalq referendumu ilə təsdiqlənə bilər.
Avropa İttifaqının reaksiyası çox gecikmədi. Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Nils Uşakovs və Ermənistan üzrə daimi məruzəçi Miriam Leksman İrəvanın bu addımını "Ermənistanın ortaq dəyərlərə və demokratik yola sarsılmaz sadiqliyinin açıq ifadəsi" kimi dəyərləndirdilər. Amma eyni zamanda avroparlamentarilər xatırlatdılar ki, Aİ-yə üzvlük "mürəkkəb, uzunmüddətli və nailiyyətə əsaslanan bir prosesdir" və namizəd ölkə insan haqları, qanunun aliliyi və davamlı islahatlar sahəsində bir sıra meyarlara cavab verməlidir.
Siyasi gedişin motivləri və arxa planı
Bu qanunun qəbulu kimsəni təəccübləndirmədi. İdeya "Demokratik qüvvələrin platforması" adlı vətəndaş təşəbbüsündən gəldi - cəmi iki aya 60 min imza topladılar (minimum tələb olunan 50 mindən 10 min artıq). Yanvarda hökumət layihəyə "ok" verdi, fevralda birinci oxunuşdan keçdi. İndiki addım - daha çox rəmzi jestdir, nəinki konkret siyasi dönüş.
Paşinyan özü də etiraf edir: bu qanun "Ermənistanın birbaşa mənada Aİ üzvü olacağı" anlamına gəlmir. Yəni, hələ ki, niyyət bəyanatından başqa bir şey deyil. Amma bu niyyətin simvolizmi vacibdir. 2020-ci il müharibəsindən və Qarabağdakı acı məğlubiyyətdən sonra İrəvan, Rusiya ilə "strateji ittifaqdan" artıq məyus olduğunu açıq şəkildə göstərir və ümidini Qərbə bağlayır. Moskvanın regiondakı təsirinin zəifləməsi və onun bütün gücü ilə Ukrayna bataqlığında ilişib qalması Ermənistanı alternativ təhlükəsizlik və iqtisadi təminat axtarmağa vadar edir.
Amma real siyasət və şüarçılıq arasındakı fərq o qədər böyükdür ki, Ermənistanın bu "Avropa səhnələşdirməsi" sonda onun üçün nə diplomatik, nə də iqtisadi dividendlə nəticələnə bilər. Çünki ortada layihə yox, sadəcə pafos var. Və xalqı yalançı ümidlərlə ovutmaqdan başqa heç nə yoxdur.
Avropa İttifaqı: maraqmı, yoxsa sadəcə nəzakətli susqunluq?
Brüsseldən gələn ümidverici ritorikalara baxmayaraq, Avropa İttifaqının Ermənistanı qucağına almaq üçün real siyasi iradəyə malik olub-olmaması ciddi sual altındadır. Bu şübhələri təkcə kənardan yox, elə Ermənistanın öz içindən - müxalifət düşərgəsindən də açıq şəkildə səsləndirirlər. "Ermənistan" blokunun deputatı Armen Gevorkyan açıq deyir ki, əgər Aİ doğrudan da hansısa ölkəyə yaşıl işıq yandırmaq istəyirsə, heç bir ikinci-üçüncü oxunuş gözləməz. Onun sözlərinə görə, əgər siyasi qərar olsaydı, reaksiya dərhal gələrdi. Amma Ermənistan məsələsində - sükut.
Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Paruyr Hovhannisyanın Gevorkyanın sualına verdiyi cavab da məhz bu sükuta növbəti "nəzakətli don geydirmə" cəhdidir: "İkinci oxunuşu gözləyirdilər, indi reaksiya verə bilərlər". Bu cümlə daha çox klassik diplomatik oyunbazlığa bənzəyir, nəinki Aİ-nin Ermənistanla bağlı həqiqi marağına.
Əslində isə, Ermənistanla Aİ arasında baş tutan yeganə "real" müzakirələr - vizasız rejim məsələsidir. 2024-cü ilin sentyabrında bu istiqamətdə rəsmi danışıqlara start verildi. Avropa Komissiyasının sədr müavini Marqaritis Şinas bunu "tarixi hadisə" adlandırdı. Amma gəlin özümüzü aldatmayaq - vizasız rejim üzvlük deyil. Bu sadəcə Brüsselin "yumşaq güc" alətlərindən biridir. Simvolik addım, vəssalam.
Ermənistanın ikibaşlı siyasəti: Moskva ilə Brüssel arasında tərs gediş
İrəvanın Avropaya inteqrasiya haqda dedikləri Ermənistanın hazırkı beynəlxalq vəziyyəti fonunda xüsusilə paradoksal görünür. Ölkə hələ də tam hüquqlu şəkildə həm Avrasiya İqtisadi İttifaqının (Aİİ), həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür - bunlar isə Kreml mərkəzli geosiyasi konstruksiyanın iki əsas dayağıdır. Belə olan halda "Aİ-yə üzvlük prosesinin başlanması" haqqında bəyanat sadəcə imitasiya və blefdir. Bir tərəfdən guya Avropa dəyərlərinə sadiqlik nümayiş olunur, digər tərəfdən isə post-sovet strukturlarından bir addım belə kənara atılmır.
Əslində Ermənistan, Ukrayna, Moldova və Gürcüstanın yolu ilə getməyə çalışaraq, içəridə dəstək toplamaq üçün "Aİ teması"nı siyasi PR vasitəsinə çevirib. Amma bir fərqlə: o ölkələrdən fərqli olaraq, Ermənistan öz Konstitusiyasında Avropa İttifaqına inteqrasiya kursunu ümumiyyətlə təsbit etməyib. Üstəlik, ölkə iqtisadi və enerji baxımından hələ də Rusiyadan asılı vəziyyətdədir. Təhlükəsizlik məsələlərində də Moskvanın qolu altındadır. Hələlik.
Avrointeqrasiya ritorikasının daxili və xarici riskləri
Ermənistan üçün "Avropa gələcəyi" nə qədər cazibədar səslənsə də, reallıq amansızdır. Rusiyanın regiondakı təsir imkanları zəifləsə də, Kreml hələ də İrəvan üçün həm güclü aktor, həm də "strateji partnyor" olaraq qalır. Və bu fonda Avropaya doğru atılacaq hər hansı sərt addım Moskva tərəfindən birbaşa xəyanət kimi qəbul oluna bilər - siyasi, iqtisadi, hətta hərbi nəticələrlə. 2014-cü ildə Ukraynada baş verənlər buna bariz nümunədir.
Ona görə də Paşinyanın bu addımı ciddi strateji qərardan çox, "yumşaq siqnal" təsiri bağışlayır. Bu, həm daxili auditoriyanı sakitləşdirmək, həm də Brüsselə bir mesaj ötürmək üçündür: "Burdayıq, hazıruq, amma dəstəyiniz də lazımdır". Yəni, Ermənistan bu qanunu qrantlar, kreditlər və siyasi "hörmət" qazanmaq üçün istifadə etməyə çalışacaq - başqa cür təməl hələ görünmür.
Bu arada, Rusiya hökumət başçısının müavini Aleksey Overçuk açıq bəyanatla çıxış etdi: Ermənistan yaxın gələcəkdə Avrasiya İttifaqı ilə Avropa İttifaqı arasında seçim etməyə məcbur olacaq. Onun sözlərinə görə, "ikibaşlı siyasət" - həm ora, həm bura - bu geosiyasi gərginlik fonunda artıq işləmir.
"Ermənistan parlamentinin qəbul etdiyi sənədlə tanış oldum. Bu, klassik 'hər şey yaxşı olsun, pis şeylər olmasın' tipli sənəddir", - deyə Overçuk İrəvanın Aİ-yə inteqrasiya təşəbbüsünü şərh edərkən bildirib. "Bu, Ermənistanın daxili işidir. Amma obyektiv yanaşsaq - həm Aİİ, həm də Aİ bir-biri ilə uyğun gəlməyən iqtisadi gündəmlərə sahibdir. Yəni, seçim etmək lazımdır. İki stulun üstündə oturmaq mümkün deyil - bu artıq tam aydındır".
Baxmayaraq ki, Ermənistanın Qərbə marağı artmaqdadır, Overçuk xüsusi vurğuladı: ölkə hələ də Avrasiya məkanında fəal iştirak edir. "Bu gün Ermənistan Aİİ çərçivəsində səmərəli fəaliyyət göstərir və bu birlikdə rolunu oynamağa davam edir", - deyə əlavə etdi.
Amma bu açıqlama daha çox xəbərdarlıq idi: "Avropa ilə flört" təkcə Moskvanı qıcıqlandırmır, bu, eyni zamanda Avrasiya arxitekturasına yönəlmiş potensial təhdiddir. Ermənistan indiyədək bu sistemin "sadiq şəriklərindən" biri sayılırdı. Amma indi - məsələ kəskin şəkildə dəyişə bilər.
Və əsas sual hələ də açıq qalır: Ermənistan bir sistemi atıb digərinə keçməyə hazırdırmı? Hazırdırsa - hansını seçəcək?
Əgər bu məsələni parlamentin tribunasından endirib soyuq, kəskin, amansız reallığın səviyyəsinə gətirsək, tam aydın görünür: Ermənistanın artıq "multivektor siyasəti" oynamağa nə vaxtı, nə də gücü qalıb. "Aİ-yə üzvlük prosesinə başlamaq haqqında qanun" - bu, sadəcə kağız deyil. Bu, İrəvanın Avrasiya İqtisadi İttifaqı və KTMT qarşısında götürdüyü öhdəliklərə açıq tüpürməsidir. Bu həm çağırışdır, həm də blef. Bu, Moskvanın kölgəsindən çıxmağa cəhd edən, amma ipini də qopara bilməyən bir oyuncaq hökumətin siyasi intihar cəhdidir. Bu jest heç yerə aparmır - ancaq və ancaq strateji qeyri-müəyyənliyin boz zonasına, orda isə nəhayət, heç kim sağ çıxmır.
Bəli, Ermənistan Avropa olmaq istəyir. İstəyir - çünki anlayır ki, köhnə havadarlara olan etimad krediti artıq tükənmək üzrədir. Amma Avropa olmaq - bu sadəcə parlament zalında bunu bəyan etməklə olmur. Bu - son 30 ilin bütün siyasi və iqtisadi modelini dağıtmaq deməkdir. Bu - Aİİ-dən çıxmaq, Rusiya qazından imtina etmək, hərbi bazaları yola salmaq, iqtisadi göbək bağını kəsmək, məhkəmələri, dövlət idarəetməsini, bank sektorunu başdan aşağı təmir etmək, kosmetik yox, real lustrasiya aparmaq deməkdir. Bu - həm acı, həm də vərdiş halına çevrilmiş asılılıqları qoparıb atmaq, azadlıq üçün qiymət ödəmək deməkdir.
Bəs bu günkü Ermənistan bu qədər iradəyə, bu qədər ağrıya, bu qədər məsuliyyətə hazırdırmı? Bu sualın cavabı hələ də, görünür, yox. Amma tarix bu cavabı çox gecikmədən tələb edəcək. Hem də sərt şəkildə.
Qəbul olunmuş qanun bunların heç birini etmir. Nə islahat aparır, nə dağıdır, nə də yeni nəsə inşa edir. Bu sadəcə bir bəyanatdır. Boş-boşuna səs-küydür. Sanki Brejnev dövrünün divar qəzetidir - pafos başdan-ayağa, hərəkət isə sıfır. Elə Paşinyanın özü də açıq deyir: bu üzvlük yolu deyil, sadəcə niyyətdir. Sadəcə hay-küy. Sadəcə səhnə tamaşası. Səhnənin arxasında isə - yenə o eyni Avrasiya İttifaqı, eyni rus əsgərləri, eyni asılı institutlar. Qərbə doğru getdiyini bəyan edən Ermənistan hələ də şərqdə - post-sovet bataqlığında yaşayır.
Burda isə əsas, qaçılmaz sual ortaya çıxır: bu "nə sağam, nə solam" oyunu nə vaxta qədər davam edəcək? Günlərlə Brüsselin adını çəkib, gecəylə Rusiyadan güzəştli qaz almaq nə vaxta qədər mümkün olacaq? Aİ ilə təmas qurub, Avrasiya İttifaqından yenə dotasiya dilənmək neçə dəfə işləyəcək?
Cavab aydındır: olmayacaq. Alınmayacaq. Xüsusilə də postsovet coğrafiyasında tarix ikili loyallığı qəbul etmir. Ukrayna artıq göstərdi ki, bu cür yol harada, necə başa çatır. Rusiya xəyanəti bağışlamır. Avropa zəifliyi sevmir. Və böyük güclər - istər Brüssel olsun, istər Moskva - bir şeyi tələb edir: seçimini et. Açıq, birmənalı, kompromisssiz şəkildə.
İndi Ermənistan iti bir bıçağın üstü ilə gedir. Amma bu diplomatik şüşədən olan incə lövhə deyil - bu, poladdandır. Kəsir, qan çıxarır. Və hesab ödəmək vaxtı çatanda, bəyanatlar da, pafoslu şüarlar da xilas etməyəcək. Ya real dəyişikliklərə aparan, ağrılı və bəlkə də itkilərlə dolu, amma azadlığa aparan dönüş baş verəcək - ya da qaçılmaz şəkildə köhnəyə qayıdış, asılılıq və siyasi qeyri-subyektlik.
Avropaya gedən yol - qanunla olmur. O yol qurban tələb edir. Dəmir intizam tələb edir. Suverenlik tələb edir - özü də canla, qanla qazanılan. Əgər İrəvanda bunu hələ də başa düşmürlərsə - Bakıda başa düşürlər. Moskvada başa düşürlər. Ankarada başa düşürlər. Brüsseldə başa düşürlər. Və hər biri hərəkətə keçəcək - öz yoluyla, öz tərzinə uyğun. Onda isə iki stulun üstündə oturmaq istəyən Ermənistan - özünü yerin üstündə tapacaq. Səs-küylə. Nəticələrlə.
Tarix isə - həmişəki kimi - seçim etməkdə gecikənləri bağışlamayacaq.