Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2019 17:12
Bakı. Ceyhun Ələkbərov - Trend:
"Azərişıq" ASC 2019-cu ilin tədbirlər planına uyğun olaraq Abşeron rayonunun kənd və qəsəbələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatını daha da yaxşılaşdırılması işlərini davam etdirir. Bu çərçivədə Xırdalan şəhəri üçün iki ədəd 35 kV-lıq yarımstansiya inşa edilib və mövcud 35 kV-lıq elektrik şəbəkəsi ilə əlaqələndirilib”.
Trend-in məlumatına görə, bunu jurnalistlər üçün keçirilən media-turda “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayev əlavə edib ki, ölkə üzrə elektrik enerjisi şəbəkəsini yaxşılaşdırmaq işləri davam etdiriləcək:
"Gələn ilin fevralında “Azərişığ”ın yaranmasından 5 il ötür. Bu 5 il ərzində qurum Tədbirlər planı əsasında bir sıra işlər görüb. 2019-cu ilin yanvar ayından bugünədək Mərkəzi Aran, Cənub, Şimal, Şimal-Qərb, Şirvan və digər regionlarda yenidənqurma işləri aparılıb. Bütün bunlar bu gün Bakı şəhərində, kənd və qəsəbələrində görülən işlərin davamıdır. İlin əvvəlində Binəqədi rayonu Sulutəpə, Biləcəri qəsəbələri, kənd Binəqədi, Novxanı, Fatmayi qəsəbəsində, Xəzər rayonu Binə qəsəbəsi mal-materialların göndərilməsi həyata keçirilib.
Aparılan işlər Abşeron rayonunun Xırdalan qəsəbəsində “Quşçuluq massivi” ərazisində, Masazır, 28 May qəsəbələri, “At yalı”, Qobu və Hökməli qəsəbələrində yekunlaşmaq üzrədir".
“Azərişıq” sözçüsü əlavə edib ki, Masazır qəsəbəsində 5 ildir davam edən köhnə xətlərin yeniləri ilə əvəzlənməsi artıq 80 faiz yekunlaşıb:
"Bu isə qış aylarında yaranan enerji fasilələrinin yaranmasının qarşısını alıb, istehlakçıların fasiləsiz enerji ilə təchizatı təmin olunub.
Tək Masazır qəsəbəsində iki ədəd 35 kilovoltluq yarımstansiya, Xırdalan şəhərində iki ədəd 35 kilovoltluq yarımstansiya, Qobu kəndində bir ədəd 110 kilovoltluq yeni yarımstansiya inşa olunub, yeni elektrik veriliş xətləri quraşdırılıb. Xüsusilə, elektrik veriliş xətləri özünüdaşıyan izolyasiyalı kabel xətləri ilə əvəzlənib. Bütün bunlar birbaşa yarım milyondan artıq istehlakçının dayanıqlı, keyfiyyətli enerji təchizatını təmin edəcək.
“Azərişıq” yarandığı gündən Bakı şəhəri və ətraf kənd və qəsəbələrində bütün bu işlərlə yanaşı, yeni sayğacların quraşdırılması və digər məsələlər həllini tapıb.
Bildiyiniz kimi, “Azərişıq”ın göstərdiyi 17 xidmət “Asan xidmət” vasitəsilə həyata keçirilir. Bütün mövcud məsələlər elektron formada həllini tapır. Artıq xətlərimiz də buna imkan verir, belə ki, yeni elektron sayğaclar, sms tipli sayğaclar ən son texnoloji nailiyyətlərə cavab verir.
Yeni ilədək bəzi ərazilərdə növbəli olaraq enerji təchizatında qısa müddətli fasilələr yaranacaq. Bütün bunlar aparılan yenidənqurma işləri ilə əlaqədardır.
Bu gün işlər Xırdalan şəhəri “Quşçuluq massivi” ərazisində, Masazır qəsəbəsində aparılıb. Gələn həftə bu işlər 28 May qəsəbəsi, “At yalı”, Qobu və Hökməli qəsəbələrində, Xırdalan şəhərində yenidənqurna işləei aparılacaq".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin