Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2019 17:36
Bakı. Trend:
Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” 6-9 dekabr tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı və 300 fəal könüllünün iştirakı ilə Qusar rayonunda təşkil edilən “Azərbaycan Könüllülərinin II Həmrəylik Düşərgəsi” ilə davam edib.
Fonddan Trend-ə verilən məlumata görə, düşərgənin ilk günü “Quba Soyqırımı Memorial Kompleksi”nə info-tur təşkil olunub. 1918-ci ildə bolşevik-daşnak silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar barədə info-tur iştirakçılarına ətraflı məlumat verilib.
3 gün davam edən düşərgədə gənc könüllülər üçün müxtəlif təlimlər, panel sessiyaları, intellektual və əyləncəli oyunlar, “rəsmilər ilə qeyri rəsmi görüşlər” təşkil edilib. Könüllülər keçirilən tədbirlərdə həvəslə iştirak edib, şəxsi inkişaf və əyləncə şansından maksimum şəkildə yararlanmağa çalışıblar.
“Rəsmilərlə qeyri-rəsmi görüşlər”də gənclərin qonaqları Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Agentliyin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, “Bakı Şəhər Halqası” əməliyyat şirkətinin könüllülər üzrə əlaqələndiricisi Tural Hümbətov olublar. Tanınmış fotoqraflar Vahid Həsənov və Vüqar İbadovla görüşlər və maraqlı söhbətlər də gənclər üçün çox maraqlı olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin