Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zərərçəkən: Tibb məntəqəmiz, sanitar maşınlarımız, həkimlərimiz artilleriya zərbələrinə məruz qalmışdı – Vardanyanın məhkəməsi - FOTO

Zərərçəkən: Tibb məntəqəmiz, sanitar maşınlarımız, həkimlərimiz artilleriya zərbələrinə məruz qalmışdı – Vardanyanın məhkəməsi - FOTO

Tarix: 8 Aprel 2025 21:51

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 8-də davam etdirilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam etdirilib.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib.

Sonra təqsirləndirilən Ruben Vardanyan və onun hüquqlarını müdafiə edən vəkili Avraam Berman məhkəməyə müraciət edərək məhkəmənin iclas protokolları ilə təkrarən tanış olmaq istədiklərini bildiriblər.

İclasa sədrlik edən Zeynal Ağayev onlara protokollarla tanış olmaq üçün yenidən şərait yaradılacağını deyib.

İclasda Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, Ermənistan dövləti tərəfindən aparılan təcavüzkar müharibənin gedişində çoxsaylı cinayət faktları törətmiş cinayətkar birliyə təqsirləndirilən şəxs Ruben Vardanyan 2020-ci ilin dekabr ayında qoşulduqdan sonra həmin birlik tərəfindən törədilən cinayətlər nəticəsində zərərçəkmiş şəxslər dindirilib.

Zərərçəkən Vahid Əliyev təqsirləndirilən şəxslə tanışlığının olmadığını, R.Vardanyanı sosial şəbəkələr və media vasitəsilə tanıdığını bildirib. O, Ermənistan ordusunun hərbi təxribatı zamanı açılmış atəş nəticəsində yaralandığını, döyüş yoldaşlarının bir neçəsinin isə şəhid olduğunu və müxtəlif xəsarətlər aldıqlarını deyib.

Zərərçəkmiş Anar Cəlalov ifadəsində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı zamanı atılmış artilleriya mərmisinin partlaması nəticəsində xəsarət aldığını bildirib. O, hadisə zamanı hərbi hissənin qərargah rəisi olduğunu söyləyib və əlavə edib: "Qarşı tərəfdən top atəşləri açılırdı. Həmin vaxt xidmət yoldaşlarımdan xəsarət alanlar və şəhidlik zirvəsinə ucalanlar oldu".

Bundan başqa, zərərçəkmiş Xocavənd istiqamətində atəşkəsin tez-tez pozulduğunu, qarşı tərəfin bütün atıcı silahlardan istifadə etdiyini bildirib.

İfadə verən zərərçəkmiş Emin Şahbazov dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zaman Ağdamda yaralandığını bildirib.

Kəllə-beyin travması almış hərbçi hospitala aparıldığını, orada danışa bilmədiyini, istəklərini həkimlərə yazı vasitəsilə çatdırdığını deyib.

O, yaralanması hadisəsini belə danışıb: "Düşmənin iki postu var idi. Onlar hərbi təxribat törətmək istəyərkən biz bunun qarşısını aldıq. Sonra onların artilleriya hücumu başlandı. Nəticədə yaralandım. Müxtəlif hospitallarda müalicə olunmuşam. Müalicəm indi də davam edir".

Zərərçəkmiş Hilal Həsənov dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zaman Ağdərə istiqamətində düşmənin hərbi təxribatının qarşısını alarkən yaralandığını bildirib və deyib: "Düşmən hərbi təxribat törədərək əvvəlcə artilleriya atəşi açır, sonra canlı qüvvə ilə hücuma keçməyə cəhd edirdi, lakin bu təxribatın qarşısı alındı. Şəhidlərimiz, yaralılarımız oldu".

Zərərçəkmiş Zamiq Həsrətov ifadəsində düşmən təxribatının qarşısını alarkən minaatandan atılan atəş nəticəsində yaralandığını deyib.

Zərərçəkmiş Elnur Həsənov dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman Ermənistan tərəfinin açdığı atəşlər nəticəsində dəfələrlə yaralandığını bildirib. O, 3 güllə yarası aldığını, bədənində olan qəlpələrdən 70-nin çıxarıldığını, 30-dan artıq qəlpənin hazırda bədənində olduğunu bildirib və deyib: "Hazırda xidmətdəyəm, xidmətimi davam etdirirəm".

Zərərçəkmiş Fariz Manafov da ifadəsində təqsirləndirilən şəxsi sosial şəbəkələr vasitəsilə tanıdığını, yaralandığını bildirib. F.Manafov hadisə zamanı qarşı tərəfin iriçaplı silahlarla və artilleriya silahları ilə atəş açdığını vurğulayıb və deyib: "Xocavənd rayonunun Çartaz kəndi istiqamətində motoatıcı taqım komandiri vəzifəsində xidmət etmişəm. Düşmən tərəfinin təxribatları tez-tez olurdu. İriçaplı silahlardan, artilleriyadan istifadə edirdilər".

O, hərbçi yoldaşlarından 14-nün yaralandığını, 2 əsgərin və 1 nəfər gizirin isə şəhid olduğunu deyib.

İfadə verən zərərçəkmiş şəxs, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində tibb xidməti rəisi olmuş Aqşin Balakişiyev deyib: "Düşmən təxribatı nəticəsində arxa məntəqədə düşmən artilleriyasından açılan atəş nəticəsində yaralandım".

O, çalışdığı səyyar tibb məntəqəsinin döyüş şəraitindən 5-10 kilometr arxada olduğunu, məntəqənin tibb məntəqəsi olmasını göstərən işarənin (qırmızı aypara şəkli) mövcudluğuna baxmayaraq atəşə tutulduğunu söyləyib: "Orada bütün həkimlərin və sanitarların qollarında qırmızı bayraq olur. Bizim tibb məntəqəmizlə yanaşı, həm sanitar maşınlarımız, həm sanitarlarımız, həm də həkimlərimiz düşmən təxribatı nəticəsində artilleriya zərbələrinə məruz qalmışdı. Yəni, beynəlxalq konvensiyanın tələbləri pozulub".

Zərərçəkmiş Habil Quliyev ifadəsində yaralandığını bildirib. "Düşmən mütəmadi olaraq atəş açırdı", - deyə o əlavə edib.

Zərərçəkmiş Fərhad Tağıyev Ağdamda yaralı hərbi qulluqçuları təxliyə etmək üçün sanitar avtomobillə gedərkən nəqliyyat vasitəsinin vurulduğunu bildirib və deyib: "Avtomobilin üç tərəfi qızıl aypara şəkli ilə işarələnib. Yəni, açıq-aydın bilinir ki, bu, yaralıları təxliyə edən maşındır. Maşınımız raketlə vuruldu. Nəticədə mən və maşında olan digər 4 hərbçi yoldaşım xəsarət aldı".

Onunla birlikdə həmin sanitar nəqliyyatında olmuş digər zərərçəkmiş Fərid Zeynalov F.Tağıyevin ifadəsini təsdiqləyib. O, maşının idarəolunan raketlə vurulduğunu söyləyib.

Zərərçəkmiş Hicran Sultanov Ağdamda düşmən təxribatının qarşısını alarkən yaralandığını bildirib və deyib: "Qrup komandiri vəzifəsində olmuşam. Döyüş yoldaşlarımızı - yaralılarımızı və şəhidlərimizi təxliyə edərkən tibb maşınını vurmaq istəyirdilər. Tibb maşınını vurmaları alınmadı. Düzgün nişan ala bilməmişdilər, atıcı səhv etmişdi. Hər halda tank əleyhinə olan "Faqot"u iki nəfərə görə atmazdılar. Əsas mərmi bizdən 10-15 metr aralı düşdü. Bəxtimiz gətirdi ki, olduğumuz yer torpaq idi, boşluq idi. O qədər qəlpənin hamısı üstümüzə gəlmədi".

Zərərçəkmiş Ruslan Heydərov Xocavənddə snayper tüfəngindən açılmış atəş nəticəsində sağ çiynindən yaralandığını bildirib.

Digər zərərçəkənlər - Nəbi Babayev, Vüqar Məmmədov, Emil Nəbiyev, Mahir Zeynalov, Sübhan Əlirzayev, Əfran Kamilov, Təbriz Əhmədov, Cavidan Talıblı, Niyaməddin Əsgərov, Həsən Qurbanov və başqaları ifadələrində qarşı tərəfin müxtəlif silahlardan onların mövqelərinə atəş açdığını bildirib, özlərinin müxtəlif xəsarətlər aldıqlarını deyiblər.

Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.

Məhkəmənin növbəti iclası aprelin 15-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.


Etiketlər:  Zərərçəkən Tibb məntəqəmiz sanitar maşınlarımız həkimlərimiz artilleriya zərbələrinə məruz qalmışdı Vardanyanın məhkəməsi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ