Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2025 23:03
İyunun 7-si Xalq artisti, teatr və kino aktyoru Məlik Dadaşovun doğum günüdür.
Sonxeber.net oxu.az-a istinadla xatırladır ki, Məlik Dadaşov 1924-cü ildə Bakıda doğulub.
1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - red.) bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrında işə başlayıb və burada ilk dəfə "Ailə namusu" pyesində oynayıb.
Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf edib. Məlik Dadaşov Azərbaycan kinosunda yaddaşlardan silinməyəcək obrazlar yaradıb.
M.Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, 35-ə yaxın bədii filmdə çəkilib.
"Axırıncı aşırım" filmində yaratdığı "Qəmlo" obrazı aktyorun yaradıcılığında ən parlaq obrazlardan biri kimi qalıb.
"O dünyadan salam"da "Şeyx Nəsrullah", "Birisi gün gecəyarısı"nda "Nəriman Nərimanov", "Fəryad"da "Armen Xaçaturyan" obrazları hamının yaddaşındadır.
M.Dadaşov "Fəryad" filmində "Armen Xaçaturyan" roluna vəfatından üç il əvvəl çəkilib.
Ailəsi onun bu rola çəkilməsinin əleyhinə olsa da, ermənilərin iç üzünü göstərməyə iddialı olan aktyor istədiyinə nail olur. Film ekranlara çıxdıqdan sonra yaşlı bir qadın küçədə onun qarşısını kəsərək ünvanına təhqiramiz sözlər işlədir, "ay camaat, bu, ermənidir!" - deyir.
Bu zaman polis əməkdaşı ondan sənədlərini tələb edir. M.Dadaşov filmdə erməni rolunda olduğunu qeyd etdikdən sonra ondan əl çəkirlər.
Məlik Dadaşov "Dəli Kür" filmində yaratdığı "Molla Sadıq" obrazını həm xarici görünüşü, həm də daxili psixoloji vəziyyəti ilə ustalıqla təqdim edir. Onun baxışlarındakı sərtlik, danışığında və davranışında olan riyakarlıq aktyorun obrazı nə qədər dərin və düşündürücü şəkildə yaratdığını göstərir.
O, U.Şekspirin "On ikinci gecə", L.Tolstoyun "Canlı meyit", S.Vurğunun "Fərhad və Şirin", Ş.Qurbanovun "Sənsiz", İ.Qasımovun "Nağıl başlananda" və digər tamaşalarda da maraqlı obrazlar yaradıb. Ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışıb.
Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarı xeyli zənginləşib, buraya yeni yaradıcı qüvvələr cəlb olunub. 1980-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyirdi.
M.Dadaşov 1996-cı ildə 72 yaşında Bakıda vəfat edib.