Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşimiz alınmayanda behi necə geri alaq?

İşimiz alınmayanda behi necə geri alaq?

Tarix: 23 Iyun 2025 09:46

Malların və xidmətlərin alqı-satqısında beh ödənişindən tez-tez istifadə edilir.

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, Mülki Məcəlləyə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin verdiyi pul məbləğidir.

Başqa sözlə, beh bir növ tərəfləri razılaşmadan irəli gələn öhdəlikləri yerinə yetirməyə sövq edir. Bu baxımdan behin öhdəliklərin təminatı rolunu oynadığını desək, yanılmarıq. Lakin müəyyən hallar olur ki, tərəflərdən biri öhdəliyi icra edə bilmir.

Bəs bu zaman behi necə geri almaq və ya qaytarmaq olar?

Qanunvericiliyə görə, öhdəliyin icrasına başlanana qədər tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Belə ki, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıdıqda isə o, digər tərəfə behin iki mislini ödəməlidir. Başqa sözlə, beh ikiqat geri qaytarılmalıdır.

Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.

Lakin burada bir nüansı nəzərə almaq lazımdır. Belə ki, qanunvericiliyə görə, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. 

Ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən behin ödənilməsi barədə yazılı razılaşmanın olmaması nəticəsində şübhə yarandıqda və əksi sübuta yetirilmədikdə, həmin məbləğ avans kimi ödənilmiş sayılır.

Avans müxtəlif məqsədlər üçün əvvəlcədən ödənilən məbləğdir. Bu, tərəflər arasında qarşılıqlı etimadın yaranmasına və işin icrasının başlanmasına imkan yaradır. Lakin behdən fərqli olaraq avans heç bir itki olmadan geri tələb edilə və ya qaytarıla bilər. Bu halda, tərəflər üçün hər hansı hüquq və öhdəlik yaranmır.

Buradan belə aydın olur ki, tərəflər beh hesab edərək bir-birlərinə ödədikləri vəsaitlə bağlı beh haqqında razılaşma yazılı formada bağlanmayıbsa, onu heç bir itki olmadan geri istəyə və ya qaytara bilərlər.


Etiketlər:  İşimiz alınmayanda behi necə geri alaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ