Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2019 10:56
Bakı. Trend:
Dekabrın 23-də Azərbaycanda Bələdiyyə seçkisi keçiriləcək. Müsahibimiz Bakı şəhəri Nərimanov rayon Bələdiyyəsinə namizəd Kənan Məmmədovdur. Kənan Məmmədov 1989-cu ildə Bakı şəhərində müəllim ailəsində anadan olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr pilləsini, Azərbaycan Dövlət İqtisad Unversitetinin MBA dərəcəsini bitirib. CFA-ə (Chartered Financial Analysis) 2-ci dərəcə namizəddir. Yerli özəl bankların birində Xəzinədarlıq Departamentinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır.
Trend-in məlumatına görə, Kənan Məmmədov Nərimanov bələdiyyəsinə bitərəf namizəddir.
- Kənan bəy, Bələdiyyə seçkilərinə namizədliyinizi vermək ideyası hardan gəldi?
- Bələdiyyə seçkilərində bitərəf namizəd kimi iştirak edirəm. Namizədliyimi irəli sürmək qərarını özüm verdim. Bakalavr təhsilim sırf dövlət idarəçiliyi ilə bağlıdır və Bələdiyyə idarəetməsi mənə yad bir sahə deyil. Qərar verdim ki, doğulub böyüdüyüm Nərimanov rayonundan Bələdiyyə seçkisinə qatılım və bələdiyyəmizin, ümumilikdə rayonumuzun inkişafına öz dəstəyimi verim. Hal-hazırda ölkəmizdə gedən böyük islahatlar və gənclərə geniş imkanların yaradılması da məni bu qərarımı verməkdə bir qədər də ruhlandırdı. İnanıram ki, bu islahatlar, müsbət dəyişikliklər öz təsirini yerli idaraetmə orqanlarında da göstərəcək. Bu seçkilərdən sonra Bələdiyyələr daha aktiv fəaliyyət göstərəcəklər və təmsil etdikləri ərazinin, orda yaşayan insanların problemlərinin həllində iştirak edəcəklər. Hesab edirəm ki, Bələdiyyələr ərazilər üzrə sakinlərin problemlərinə ən yaxın orqan olmalıdır və qarşıya çıxan məsələlərin həllinə çalışmalıdırlar. Bunun üçün isə yеnilikçi düşüncəyə, gənclərə böyük ehtiyac var. Bələdiyyə üzvü seçiləcəyim təqdirdə, rayon sakinlərini narahat edən məsələlərin həllində bütün imkanlarımı səfərbər edəcəm.
- Bələdiyyə seçkilərində rəqibləriniz çoxdur. Nərimanov rayon sakinləri nəyə görə sizi seçməlidirlər? Yəni seçicilərinizə nələri vəd edirsiniz?
- Mənə olan etimadı doğrultmaq mənim üçün ən vacib məsələdir. Seçiləcəyim təqdirdə, ilk növbədə əhali ilə bələdiyyənin ünsiyyətini artırmağı düşünürəm. İmzatoplama prosesindən başlayaraq, sakinlərlə keçirdiyim görüşlərdən gəldiyim əsas nəticə odur ki, insanlarımız onları təmsil edən namizədlərlə daha sıx ünsiyyətinə ehtiyacı duyur. Bələdiyyə nümayəndəsi daim sakinlərlə təmasda olmalıdır ki, vətəndaşı hansı problemin narahat etdiyini onun özündən öyrənsin. Rayon sakinləri nə istəyir, onları nə narahat edir, hansı məsələlərin həllini tapmasını istəyirlər? Problemi o problemlə üzləşən adamdan daha yaxşı kim bilə bilər? Ona görə hər məhəllə ilə, hər bir sakinlə görüşmək bələdiyyənin vəzifəsi olmalıdır ki, mən də bunu özümə prioritet məsələ seçmişəm. Bu görüşlər ayrı-ayrı məhəllələrin problemlərinin vaxtında aşkarlanması və həllində özünü göstərəcək. Eyni zamanda aztəminatlı ailələrdən olan gənclərin əmək bazarına adaptasiyasını asanlaşdırmaq məqsədilə ardıcıl bələdiyyə proqramlarını həyata keçirməyi düşünürəm.
- Bələdiyyələrin fəaliyyətinin inkişafı üçün konkret fikirləriniz varmı?
Bələdiyyə öz büdcəsi olan yerli idarəetmə orqanıdır. Bələdiyyə funksiyalarını yerinə yetirmək məqsədilə yerli vergilərdən əlavə, büdcə gəlirliyini digər ictimai iaşə xidmətləri, eyni zamanda istehsala yönəlik fəaliyyətini genişləndirməklə daha da artırmaq mümkündür. Bu, həm də yerli əhali üçün də yeni iş yeri deməkdir. Bu məqsədlər üçün maliyyə vəsaiti lazım olacaq. Bunun həlli yolu kimi də maliyyəyə çıxışı təmin etmək məqsədilə bələdiyyə qiymətli kağızlarını buraxmaq olar. Bəlkə də hal-hazırkı bələdiyyələrin vəziyyəti ilə bu bir qədər real görünməyə bilər və ilk zamanlarda bu kiçik həcmdə olacaq, amma yenə də bir başlanğıc olmalıdır. Bu həm də ölkə maliyyə bazarı üçün yeni növ investisiya aləti rolunu oynaya bilər. Seçiləcəyim təqdirdə bələdiyyələrin fəaliyyətində hesabatlılıq və şəffaflığın artırılması da əsas prioritetimdir. Çünki hazırda bələdiyyələr fəaliyyətləri, gəlir və xərclər barədə sakinləri məlumatlandırmalıdır. Bundan əlavə, bələdiyyənin beynəlxalq əlaqələrinin genişləndirilməsi, xarici qrantların cəlb olunması da planda olan məsələlərdəndir. Bunlar ümumi rayonunun inkişafına hədəflənmiş tədbirlərdir. Təbii ki, hər bir məhəlləni narahat edən hansısa məsələ də var ki, onlar sakinlərlə görüşlər zamanı öyrəniləcək və həll ediləcək.
- Seçicilərinizə nə demək istərdiniz?
- Seçicilərə sözüm odur ki, əziz Nərimanov rayon sakinləri, gəncliyə, islahatlara dəstək olun. Çünki işləmək, nəticə vermək, ümumi inkişafa öz payımı vermək üçün bu seçkilərə qatılmışam. Bu günə qədər qazandığım bilik və təcrübəni Nərimanov Bələdiyyəsinin ümumi ölkənin, idarəetmənin inkişafından geri qalmaması üçün sərf etməyə hazıram. Dəyərli seçicilərim, sizin səsiniz Dəyişən Bələdiyyə üçün çox önəmlidir. 23 Dekabrda seçkidə fəal iştirak edin, hər birinizdən dəstək gözləyirəm!
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin