Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2025 13:20
Bizim qədim tarixə və zəngin resurslara malik diyarımız Naxçıvan isə fəaliyyətimizdə xüsusi yer tutur. Bildiyiniz kimi, Culfa rayonundakı "Ortakənd" qızıl yatağının istismarı üçün aktiv hazırlıq işləri aparılır. Beynəlxalq standartlara uyğun yatağın Yerin təkində qızıl ehtiyatı 542 min unsiya hesablanıb.
Sonxeber.net xəbər verir ki, bu sözləri "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.
Onun sözlərinə görə, qızıl ehtiyatının satılabilən miqdarı isə 237 min unsiya qiymətləndirilib. "Ortakənd" yatağının 2028-ci ildə istismara verilməsi nəzərdə tutulub. Hazırda ilkin texniki-iqtisadi hesablama (Scoping study) parametrləri üzrə araşdırmalar davam etdirilir. Sosial, iqtisadi və ekoloji faktorlar nəzərə alınmaqla yatağın satılabilən ehtiyatlarının daha da artırılması üçün optimal hasilat və emal texnologiyaları araşdırılır.
Culfa və Ordubad rayonlarında yerləşən digər perspektiv sahələrdə də tədqiqatlar aparılır. Söhbət "Göydağ" mis-molibden, "Başkənd" mis və "Nəsirvaz" polimetal təzahürləri sahələrindən gedir.
Cari il ərzində "Göydağ" və "Başkənd" yataqlarının ehtiyatlarının beynəxalq standartlara uyğun hesablanması nəzərdə tutulub. "Göydağ" yatağının 2029-cu ildə, digər yataqların tədqiqatların son nəticələrindən asılı olaraq növbəti illərdə istismara verilməsi proqnozlaşdırılır.