Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2019 04:16
Bakı. Trend:
Mayın 7-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş xeyriyyə aksiyasına start verilib.
Trend-in məlumatına görə, iki gün Astara rayonunun Kijəbə qəsəbəsində davam edəcək humanitar aksiya zamanı Mərkəzi Gömrük Hospitalının peşəkar həkimləri “Ürək-damar xəstəliklərinə qarşı mübarizə” layihəsi çərçivəsində yerli əhaliyə pulsuz xidmət göstərəcək. Bu məqsədlə regiona Mobil Səyyar Hospital ezam olunub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” çərçivəsində keçirilən bu layihə çox böyük əhəmiyyət kəsb edir. Bu gün vaxtında üzə çıxarılmış ürək-damar xəstəliyi və onun aradan qaldırılması yüzlərlə insana sağlamlıq bəxş etmək deməkdir.
Tədbir zamanı Mərkəzi Gömrük Hospitalının ürək cərrahı, tibb elmləri doktoru, Milli Məclisin deputatı Rəşad Mahmudovun rəhbərliyi ilə 16 nəfərdən ibarət təcrübəli həkim briqadası tərəfindən tibbi yardıma ehtiyacı olan, azyaşlı uşaqlar daxil olmaqla, rayon sakinləri müayinə olunacaq. Həkim briqadasında anadangəlmə ürək qüsurları üzrə yüksək ixtisaslı ekspertlər də var.
EXO, USM, EKQ və Doppler vasitəsilə müayinə zamanı səhhətində problem aşkarlanan vətəndaşlara yerində peşəkar tibbi məsləhətlər veriləcək. Aksiya zamanı, həmçinin əhali artıq xolesterin, təzyiq, şəkər kimi problemlərlə bağlı maarifləndiriləcək, gələcək fəsadların əmələ gəlməməsi üçün onlar doğru müalicə barədə məlumatlandırılacaq.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən belə xeyriyyə tədbirlərinin Azərbaycanın digər rayonlarında da keçirilməsi nəzərdə tutulub.
Ürək cərrahı Rəşad Mahmudov jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, aksiyanın məqsədi Mərkəzi Gömrük Hospitalının səyyar tibbi xidmət briqadası ilə birlikdə regionlara çıxmaq, ən ucqar kəndlərə gedib ürək-damar problemlərindən əziyyət çəkən insanlarla bilavasitə təmasda olmaq, rayon yerlərində tibb xidmətlərinə əlçatanlığının artırılması məqsədi ilə insanlara ən yüksək texnologiyalar əsasında diaqnostik müayinələr aparmaqdır.
Xeyriyyə aksiyasında 500 nəfərə yaxın Astara rayon sakininin müayinəsi nəzərdə tutulub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin