Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2025 20:36
İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycan Halal Biznes (AZHAB) Forumunun 1-ci günü yekunlaşıb.
Sonxeber.net xəbər verir ki, bu il ikincisi dəfə keçirilən forum "Halal sənaye sürətlə dəyişən dünyada dayanıqlılığın mənbəyi kimi" mövzusuna həsr olunub.
Forumda 30-dan çox ölkədən rəsmi şəxslər, ekspertlər, akademik dairələrin nümayəndələri, iş adamları iştirak edir.
Bakıda Azərbaycan Halal Biznes (AZHAB) Forumu keçirilir. Bu il ikincisi təşkil olunan forum "Halal sənaye sürətlə dəyişən dünyada dayanıqlılığın mənbəyi kimi" mövzusuna həsr olunub.
Forumda dünyanın müxtəlif regionlarından olmaqla, 30-dan çox ölkədən rəsmi şəxslər, mütəxəssislər, akademik dairələrin və beynəlxalq təşkilatların nümayəndələri, iş adamları iştirak edir.
AZHAB Forumunun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana və regiona xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.
Forum Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, İslam Əməkdaşlıq Təşkilatı (OIC), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC), İslam Ticarət Palatası Halal Xidmətləri və "Caspian Event Organisers" MMC-nin tərəfdaşlığı, "ATENA" MMC-nin və "Bilgə Qrup"un sponsorluğu ilə keçirilir.
Tədbir müqəddəs Qurani-Kərimdən ayələrin oxunması ilə öz işinə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında ticarət dövriyyəsi təxminən 6 milyard ABŞ dolları təşkil edib.
"Azərbaycan İƏT-in ən fəal iştirakçılarından biri olaraq qalır və təşkilata üzv dövlətlərlə siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına böyük önəm verir", - deyə o vurğulayıb.
E. Əliyevin sözlərinə görə, Azərbaycan multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsinə və islam dəyərlərinin dünyada təbliğinə əhəmiyyətli töhfə verib.
O, 2009-cu ildə Bakının, 2018-ci ildə isə Naxçıvanın İslam mədəniyyəti paytaxtı elan edilməsini bu töhfələrin tanınmasının göstəricisi kimi qeyd edib. Həmçinin 2017-ci ildə keçirilmiş "İslam Həmrəyliyi İli" çərçivəsində təşkil olunan tədbirlər müsəlman ölkələri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsinə səbəb olub.
Birinci müavin İƏT və təşkilatın ixtisaslaşmış strukturlarına forumun keçirilməsində göstərilən dəstəyə görə təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycanın İƏT ölkələri ilə bağladığı iqtisadi və ticarət sazişləri ticarətin asanlaşdırılması, gömrük əməkdaşlığının gücləndirilməsi və investisiyaların təşviqinə yönəlib.
"Hazırda Azərbaycanın ərazisində İƏT-ə üzv dövlətlərə məxsus təxminən 11 min şirkət fəaliyyət göstərir", - deyə E. Əliyev vurğulayıb və əlavə edib ki, bu rəqəmlər təkcə iqtisadi əlaqələrin yüksək səviyyəsini və qarşılıqlı marağı göstərmir, eyni zamanda Azərbaycanın İƏT çərçivəsində əsas iqtisadi tərəfdaş və əməkdaşlıq təşəbbüskarlarından biri olduğunu sübut edir.
Daha sonra Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyinin tabeliyində olan "Halal Sənayenin İnkişafı Mərkəzi" dövlət qurumunun direktoru Almaz Qayırbekov çıxış edərək, Qırğızıstanın Azərbaycanla birlikdə halal sənayenin inkişafına hazır olduğunu bildirib.
O, Qırğızıstanla Azərbaycanın halal sənaye sahəsində əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq standartlarda və forumlarda iştirakı regionda bu sahənin inkişafına güclü təkan verib.
Qayırbekov qeyd edib ki, Qırğızıstan və Azərbaycan İslam ölkələrinin standartlaşdırma institutu çərçivəsində birgə çalışır və bu əməkdaşlıq nəticəsində Türkiyə, Özbəkistan və Qazaxıstan da daxil olmaqla bir sıra digər dövlətlər halal məhsulların beynəlxalq bazarlara çıxarılmasında cəlb olunub.
"Azərbaycan halal sənaye sahəsində inkişaf tempini artırır və biz birgə ixtisasartırma və əməkdaşlığın genişləndirilməsinə ümid edirik", - deyə o əlavə edib.
O, həmçinin Azərbaycanın beynəlxalq forumlarda və sərgilərdə, o cümlədən hazırda keçirilən və Qırğızıstanın Azərbaycanla birgə iştirak etdiyi forumda fəal iştirak etdiyini qeyd edib.
Qayırbekov vurğulayıb ki, halal sənayesi təkcə qida deyil, həm də turizm, kosmetika, bank xidmətləri və ölkələrin iqtisadi birliyidir.
"Biz Azərbaycanla birlikdə bu çətin, lakin insanlıq üçün çox xeyirli sahədə əməkdaşlığa hazırıq", - deyə o bildirib və Azərbaycan tərəfinin nailiyyətlərinə və dəstəyinə görə minnətdarlığını ifadə edib.
İslam İnkişaf Bankının (IsDB) Kuala Lumpurda (Malayziya) yerləşən qabaqcıl təcrübə mərkəzinin rəhbəri Samer Elesavi isə çıxışında bildirib ki, 2027-ci ildə qlobal halal məhsullara xərclər təxminən 3 trilyon ABŞ dollarına çatacaq.
Onun sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr daxilində halal məhsulların idxalı 2022-ci ildəki 359 milyard dollardan 2027-ci ildə təxminən 492 milyard dollara qədər artacaq ki, bu da halal iqtisadiyyatının böyük potensialını göstərir.
O qeyd edib ki, bu artım iqtisadi inkişaf, investisiya cəlbi, ticarətin stimullaşdırılması və yeni iş yerlərinin yaradılması baxımından yeni imkanlar açır.
"Halal sənayesi İslam İnkişaf Bankına üzv ölkələr üçün davamlı və inklüziv (hərtərəfli) artımın əsas hərəkətverici qüvvələrindən birinə çevrilir", - deyə Elesavi vurğulayıb.
Onun sözlərinə görə, bu potensialdan səmərəli istifadə üçün dörd strateji istiqamətə diqqət yetirilməlidir:
İnfrastrukturun inkişafı
Davamlılıq və "yaşıl" istehsal
İslam maliyyəsinin tətbiqi
Halal sektorunun rəqəmsal transformasiyası
O qeyd edib ki, Azərbaycan öz strateji mövqeyi və böyüyən iqtisadiyyatı sayəsində qlobal halal təchizat zəncirində lider mövqe tuta bilər.
"Halal məhsullar üzrə sənaye parklarının yaradılması və sertifikatlaşdırma sisteminin inkişafı ölkənin beynəlxalq bazarlardakı mövqeyini gücləndirəcək", - deyə əlavə edib.
Elesavi həmçinin halal sektorunun rəqəmsallaşdırılması və blokçeyn kimi texnologiyaların tətbiqinin məhsullara şəffaflıq və etimadı artıracağını vurğulayıb. O, Azərbaycanın halal sertifikatlaşdırmanın yeni dörd kateqoriyalı sistemini tətbiq etməsini və Azərbaycan Standartlaşdırma İnstitutunun Türkiyə Halal Akkreditasiya Agentliyi tərəfindən akkreditasiyasını təqdir edib.
"Əgər biz infrastrukturu gücləndirməyə, İslam maliyyəsini inkişaf etdirməyə və innovasiyaları tətbiq etməyə davam etsək, 2027-ci ilə qədər halal iqtisadiyyatı dünya ticarətinin ən sürətlə inkişaf edən sahələrindən birinə çevrilə bilər", - deyə Samer Elesavi fikrini yekunlaşdırıb.
Forum çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Türkiyənin "Bilişim Vadisi" ilə KOB-ların yaşıl keçidinə dəstəyə dair, eləcə də Malayziyanın "Berhad" Halal İnkişaf Korporasiyası ilə əməkdaşlıq haqqında anlaşma memorandumları imzalayıb.
Konfrans və sərgi olmaqla iki hissədən ibarət olan forumun sərgi hissəsində isə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və s. ölkələrdən olan 30-a yaxın şirkətin məhsul və xidmətləri nümayiş olunur. Sərgi oktyabrın 8-dək davam edəcək.
Qeyd edək ki, ilk AZHAB Forumu 2024-cü ilin oktyabrında keçirilib və tədbirdə Avstraliya, Amerika, Avrasiya və Afrika da daxil olmaqla dünyanın müxtəlif bölgələrindən təqribən 100-ə yaxın olmaqla, ümumilikdə 350 qonaq iştirak edib. İlk AZHAB Forumu İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurası tərəfindən müvafiq qətnamə ilə dəstəklənib.